Xalq artisti Kazım Abdullayev — 70 

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Kazım Abdullayev 70 illik yubileyini qeyd edir. Bu münasibətlə teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov və teatr kollektivi Kazım Abdullayevi təbrik edib.

Azər Paşa Nemətov görkəmli sənətkarı Mədəniyyət Nazirliyinin və teatr kollektivinin adından təbrik edib, onun sənət yoluna nəzər salıb. Qeyd olunub ki, Kazım Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışdığı bu illər ərzində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb, tamaşaçı sevgisi qazanıb. Sənət yolunda təkcə teatra yox, eyni zamanda milli kinomuzun inkişafına da öz böyük  töhfəsini verib.

Xalq artisti Kazım Abdullayev diqqət üçün təşəkkürünü bildirib.

Kazım Ənvər oğlu Abdullayev 1953-cü ildə aprel ayının 6-da Bakı şəhərində anadan olub.

1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

1976-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının truppasına qəbul olunub və 1996-ci ilin yanvar ayına qədər Sumqayıt Dövlət Dram Teatrında çalışıb.

2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən Kazım Abdullayev 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2019-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2022-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür.