“Mən qaranlıq dünyaya könül gözüylə baxdım…” 


Aşıq Veysəlin ailə albomu nümayiş olunacaq

  Türk dünyasının məşhur ozanı, sazı və sözüylə könül dünyasından insanlığa səslənən Aşıq Veysəlin vəfatının 50-ci ildönümü qeyd ediləcək. Bu münasibətlə İstanbulda sərginin açılması planlaşdırılır. “NTV,com.tr” xəbər verir ki, Atatürk Kültür Mərkəzində təşkil ediləcək sərgidə Aşıq Veysələ aid ailə albomundan fotolar, həmçinin xalq aşığının üz cizgilərini əks etdirən maska da nümayiş olunacaq.  2023-cü il UNESCO tərəfindən “Aşıq Veysəl ili” elan edilib. “Aşıq Veysəl İli” çərçivəsində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi bir sıra tədbirlər keçirməyi planlaşdırır. “Veysəl gedər, adı qalır” adlı sərgi də bunlardan biridir. Sərgilənəcək fotolarsa Aşıq Veysəlin ailə üzvlərindən Nazəndər Süzər Gökçə ilə Gürsəl Gökçənin ailə albomundandır. Sərgidə Aşıq Veysəlin həyatına işıq salan müsahibələr, haqqında yazılan məqalələr, hazırlanan reportajlar da təqdim ediləcək. Qeyd edilir ki, sərgidə görmə əngəllilər üçün Brail əlifbasıyla nəşr edilmiş 4 cildlik “Mətbuatda Aşıq Veysəl” adlı kitab da nümayiş olunacaq, teatr aktyorlarının ifasında kitabdan müəyyən hissələr səsləndiriləcək. Anadolunun həyat tərzi və Aşıq Veysəlin də yer aldığı “Qaranlıq dünya” filmi ilk dəfə sərgidə təqdim ediləcək. Film 1952-ci ildə Bədri Rəhmi Eyuboğlunun senarisi əsasında rejissor Mətin Erksan tərəfindən lentə alınıb. Sərgi İstanbuldan sonra Ankara və İzmirdə də nümayiş olunacaq.