Zorakılığı təbliğ edən mahnılar qadağan olunmalıdır

Monitorinqin nəticələri şokedici, dəhşətli, sarsıdıcı, hətta faciəvidir

Mübariz Tağıyev: "Bu mahnıları efirə buraxmaq ölkəyə xəyanətdir"

Qulu Məhərrəmli: “İtirdiyimiz bir nəsil var. Musiqi zövqü formalaşmamış bir nəsil!”  

  Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycanda mahnıların monitorinqini aparıb. Monitorinqin nəticələri dünən keçirilən mətbuat konfransında açıqlanıb. Nəticələr şokedici, dəhşətli, sarsıdıcı, hətta faciəvidir. Mərkəz  350-yə yaxın mahnını monitorinqə cəlb edib, nəticədə 177 mahnıda 1253 norma pozuntusu müəyyənləşdirilib. Mahnıların monitorinqi zamanı 668 orfoepik, 111 leksik, 144 qrammatik, 330 üslub və ifadə səhvi aşkarlanıb. Monitorinqin nəticəsi olaraq Mərkəz milli musiqimizə yad elementlərin olduğu, üslub səhvləri ilə dolu, yad musiqi çalarlarının üstünlük təşkil etdiyi, məzmunsuz, həmçinin zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını tərtib edib. Siyahı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda öz əksini tapıb. Həmin mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. 

“Könül Kərimovadan Şəbnəm Tovuzluyadək...”  

  Siyahı çox böyük olduğundan həmin mahnı və ifaçıların bəzisinin adlarını qeyd edirik. İlkin Çərkəzoğlu "Aparır, kayf aparır", "Bomba kayfda", "Kayfım zor olanda" mahnısı, Məhəmməd Fəda - "Zır kayfdayam bu gün", Rüzgar - "Yenə gedirəm",  İlqar Dəniz & Orxan Eşqin - "Nə, nə, nə nəşəni çəkdim, xu, xu, xu xumar apardı", Sənan & Vəli & Arzu "Bu da təzə temadır, yetim",  Elçin Göyçaylı - "Ley-pey olmuşam", Ramil Sədalı - "Gecə ləzzət eləyir", İlqar Dəniz & Orxan Eşqin "Xuliqanski",  Ülviyyə Namazova  "Evli insan sevirəm",  Azəri oğlu Cəfər - "Evli qadın sevirəm", İlqar Dəniz - "Bu nə dvijeniyadır",  Cavad Rəcəbov  "Balaca kişi", Şəbnəm Tovuzlu "Baldır balam",  Üzeyir Mehdizadə & Rəqsanə  "Dəli balam",  Səmra - "Bandam", Günay İbrahimli "O kimdir ki?!",  Tural Sədalı "Özümü atdım Xəzərə", Üzeyir Mehdizadə  "Kəsəcəyəm damarları". Hind, ərəb, yəhudi və s. yad ritmlərlə müşayiət olunan mahnıların siyahısında da hazırda “populyar” olan ifaçıların və səsləndirdikləri bayağı mahnıların adları yer alır: Nazənin - “Səni sevirəm”, Sevil, Sevinc & Nurlan Təhməzli "Baş bəlası", “Şəkər ilə bal”, Nurlan Təhməzli "Öp, yar, ürəyimdən", Könül Kərimova & Aydın Sani - "Bəs mən səni kimdən soruşum?",  Mətanət Əsədova - "Sevdim", Pərviz Bülbülə & Türkan Vəlizadə - "Rin-narin",  Aqşin Fateh & Nəfəs - "Qar çiçəyi", Mina Hüseyn "Brend",  Niyam Salami  "Kefimiz düzələr", Aynur Dadaşova "Dünya hey fırlanır", Nəfəs & Aqşin Fateh  "Yarəm", Şəbnəm Tovuzlu - "Olmaz"... Bəzilərini qeyd etdik. Heyrətə gətirən budur ki, ifaçılar arasında titullular da var. Bir neçəsi telekanallarda müəllif proqramları aparır, aparıcılıq edir, bu müğənnilərin əksəriyyəti efirin daimi qonaqlarıdır. Yəni tamaşaçı istəmədən onları dinləmək məcburiyyətindədir. Çünki televizor ekranı açılan kimi hərəsi bir kanalda “boy göstərir”.  

“Xarici boğazlar, yad çalarlar...” 

  Mövcud mənzərəni dəqiqliklə göstərən Monitorinq Mərkəzi hesab edir ki, mənşəyi bilinməyən top-reytinqli bayağı mahnıların intensiv şəkildə yayımlanması ilə “trend-mahnı” anlayışının qeyri-iradi qəbul olunması, milli mədəniyyətimizə yad, bayağı mahnıların insanlara gerçəklik kimi təqdim edilməsi artıq həyəcan təbilinin çalınmasını zəruri edir. Aparıcı mütəxəssis Nazlıxanım Teyyubova ifa zamanı müxtəlif səslərin öz məxrəclərindən kənar səsləndirilməsinin, şəkilçilərin, mürəkkəb sözlərin yanlış tələffüz edilməsi və vurğunun yerində işlədilməməsinin adi hala çevrildiyini nəzərə çatdırıb. Əyani nümunələr əsasında nitq faktlarını təhlil edən məruzəçi bildirib ki, mahnı mətnlərində sözlər əksər hallarda kontekstə uyğun seçilmir, hətta dilin frazeoloji qatını təşkil edən sabit söz birləşmələrinin tərkibi dəyişdirilməklə məna təhrif edilir. Şəkilçilərin yanlış ixtisar edilməsi, qrammatik göstəricilərin yersiz şəkildə bir-birini əvəzləməsi, söz sırasının pozulması nəticəsində yaranan anlaşılmaz misralar mahnıların monitorinqi zamanı diqqətçəkən məqamlar kimi vurğulanıb. DDK yanında Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova deyib ki, son dövrlər mahnı yaradıcılığında ciddi böhran müşahidə olunur. Azərbaycan mahnılarında hind, ərəb, yəhudi və digər yad ritmlərin müşahidə olunması artıq adi hala çevrilib. G.Əmirova xarici boğaz və yad çalarlardan istifadəni, ifaçılıq sənətinin bəlli qayda-qanunlarından kənara çıxan improvizələri, sözlərin heca-heca tələffüzünü milli musiqimizin inkişafına böyük maneələr kimi səciyyələndirib. 

“Bayağı mahnılar böyüməkdə olan nəsilə çox böyük ziyan vurur”

  Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva bildirib ki, mahnılarımızda aşkar edilən nöqsanların kütləvi hal alması mədəniyyətimizin inkişafına mane olduğu üçün bu sahədə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi labüddür. Azərbaycan musiqisinin əsas qolu olmaqla dilimizin bütün incəliklərini əks etdirən mahnı janrında ədəbi dil normalarının kobud şəkildə pozulması bu sahədə də monitorinqin aparılmasını zərurətə çevirib. Monitorinqin nəticələrini ümumiləşdirən S.Əliyeva qeyd edib ki, mahnılarda dilimizin düzgün tətbiqi çox vaxt arxa plana keçir: “Mahnı mətnlərində kifayət qədər leksik və qrammatik norma pozuntusunun, üslub və ifadə səhvlərinin, ifalarda isə çox vaxt orfoepik normaya əməl edilməməsi və dialekt elementlərinin aşkarlanması buna əyani sübutdur. Monitorinq zamanı milli-mənəvi dəyərlərimizə zidd davranışları təbliğ edən çoxsaylı nümunələrə də rast gəlinib. Müəyyən edilən nitq faktları dilimizin özünəməxsus sabit qrammatik quruluşuna, leksik tərkibinə xələl gətirməklə yanaşı, bədii-estetik zövqümüzün korlanması, zəngin musiqi ənənələrimizin itirilməsi ilə bağlı narahatlığa əsas verir. Aşkar edilən nöqsanların kütləvi hal alması mədəniyyətimizin inkişafına mane olduğu üçün bu sahədə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi labüddür”. S.Əliyeva qeyd edib ki, bu gün internet resurslarında təbliğ olunan bəzi bayağı mahnılar Azərbaycanın böyüməkdə olan nəslinə çox böyük ziyan vurur. Bu mahnıların yayımlanmasının qarşısı alınmalıdır. Ən vacib məsələ isə televiziya və radiolarda bu kimi mahnıların səsləndirilməsi və onları ifa edənlərin efirə çıxarılması qadağan olunmalıdır. Pozuntulara görə cərimə tətbiq etmək mümkündür. 

"Televiziyaların nəzdində bədii şuralar yaradılmalıdır. Ayrı çıxış yolu yoxdur"

  Mövzu ilə bağlı Azərbaycan Respublikasının Xalq artisti, müğənni Mübariz Tağıyev Bakupost.az-a açıqlamasında “mahnı bazarı”nda vəziyyətin fəlakət həddə olduğunu deyib. O, televiziyaların iş prinsipinə diqqət çəkərək, bədii şura yaradılmasının zəruriliyini qeyd edib: “O vaxt SSRİ yanında bədii şuralar var idi. Bütün mahnılar, onların mətnləri süzgəcdən keçirilirdi. Bu gün isə bu prosesi görmürük. Təkcə dövlət televiziya və radiolarında qalıb. Mahnılar süzgəcdən keçməmiş efirə buraxılmamalıdır. Digərlərində kim nə istəsə, edir. Bəstəkarların, şairlərin adını yanlış verirlər. Belə gedə bilməz. İstər sosial şəbəkələr, istərsə də televiziyaların nəzdində bədii şuralar yaradılmalıdır. Ayrı çıxış yolu yoxdur. Sosial şəbəkədə fikir bildirməklə mümkün olan iş deyil”.

  Xalq artisti bildirib ki, bu gedişat Azərbaycan incəsənətinə ciddi zərbələr vuracaq: “Həmin insanlar fikirləşməlidir ki, bilmədikləri nəyisə söyləmək, bayağı mahnıları camaatın beyninə yeritmək Azərbaycana xəyanətdən başqa bir şey deyil. Hər bir insan bunu daxilində yaşamalı, düşünməlidir”.

  Professor Qulu Məhərrəmli “Şərq”ə açıqlamasında monitorinqin nəticələrinin acı təəssüf doğurduğunu bildirdi: 

- Yaxşı xatırlayıram, istedadlı şairimiz, mərhum Nüsrət Kəsəmənli təxminən 30 il əvvəl mətbuatda “Zövqümüzü xilas edin” başlıqlı məqalə ilə çıxış etmişdi.  Ara mahnılarını, meyxana üslubunda yazılan, ifa edilən mahnıları tənqid etmişdi. İndi belə bir məqalə yazılsa, başlığı “Mənəviyyatımızı və dəyərlərimizi xilas edin”, olmalıdır. 

Təəssüf doğuran həm də budur ki, bu cür mahnılar bəzən ciddi radio proqramlarına da yol açır. Məzmunsuz mətnlər, mənasız sözlər, melodiya çaları olmayan mahnılar... 

Musiqi zövqümüzü kimlərin ixtiyarına vermişik? Neft və Sənaye Akademiyasının tələbələri Novruz şənliyində kriminal avtoritetə həsr olunmuş mahnının sədaları altında rəqs edir. Mən tələbələrimlə söhbət edəndə heyrətə gəlirəm ki, bu necə baş verir? Bayağı, zövqsüz mahnılar gənclər arasında xitə çevrilir. Vəziyyət bu həddə çatıbsa, demək “SOS” siqnalı verilməlidir. Bizim itirdiyimiz bir nəsil var. Musiqi zövqü formalaşmamış bir nəsil! Bu dəhşətli vəziyyətlə mübarizə aparılmasa, yeni nəslin faciəsi olacaq. Azərbaycan televiziyasının, radiosunun musiqi fondu var, harda ki görkəmli bəstəkarların, bəstəkarlıq məktəbi nümayəndələrinin mahnıları, Azərbaycanın görkəmli sənətkarlarının, xanəndə və ifaçılarının ifa etdiyi mahnılar toplanıb və qorunur. Bizim musiqi təbliğatımız bu istiqamətdə aparılmalı və milli dəyərlərimizi təşkil edən musiqilərimiz təbliğ olunmalıdır. Musiqidə dilə, dəyərlərə müdaxilə etmək görünməz müharibədir. İfaçıların çoxu da İran boğazı üzərində oxuyur. Və zövqləri başqa səmtə yönləndirirlər. Nə etməliyik? Qadağalar olmalıdır, lakin unutmayaq ki, nəyə qadağa qoyulursa daha geniş yayılır. 

Burada 2 istiqamətdə işlər paralel aparılmalıdır. Birincisi, musiqi zövqünün düzgün formalaşması istiqamətində işlər aparılmalı, ikinci isə inzibati üsullardan istifadə edilməlidir. 

Metrostansiyaların çıxışlarındakı satış köşklərində bayağı, meyxana üslublu, zorakılıq, milli dəyərlərimizə yad elementlər daşıyan mahnıların səsləndirilməsi qadağan edilməlidir. Televiziyalar da musiqi və əyləncə proqramlarının tərtibatına yenidən baxmalıdırlar. Bəzən irad tuturlar ki, sovet vaxtı saqqallı və ya qısa ətək, açıq-saçıq geyimli ifaçıları efirə buraxmırdılar. Dəyərlərin qorunması baxımından belə şərtlər indi labüd görünür.

 Böyük bir nəslin musiqi zövqü ona görə korlanmadı ki, hər mahnı efirə ayaq aça bilmirdi. Bir var bayağı mahnı kütləvi şəkildə hər yerdə, hər məkanda səslənsin, bir də var, müəyyən qədər qadağa olsun. Küçədə yüksək səslə səsləndirilən mahnılar istər-istəməz qulağa daxil olur. Efir də belədir. Televiziya kütləvi, ictimai olduğu üçün milyonlarla izləyiciyə bayağı yox, milli musiqimizdən qaynaqlanan mahnılar təqdim edilməlidir.