Medianın məsuliyyəti artır: Məsələlərə obyektiv yanaşma tələb olunur

“Media ictimai nəzarət funksiyasını yerinə yetirən hakimiyyət qoludur”.  Bunu Sherg.az-a açıqlamasında “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev deyib. 

Baş redaktor bildirib ki, mətbuatın tərəfi olmamalıdır və KİV-lər ölkədə baş verən hadisələri olduğu kimi cəmiyyətin diqqətinə çatdırmalıdır: 

“Cənab Prezidentin bu məqamı yenidən vurğulaması medianın həm məsuliyyətini artırır, həm də mətbuatın məsələlərə daha obyektiv yanaşmasının zəruriliyini ortaya qoyur. Dövlət başçısı özü də qeyd edir ki, o, medianın obyektiv məlumatlarına daha çox inanır və bununla bağlı tədbirlər görür. Yəni idarəetmədə medianın düzgün məlumatlarından da istifadə olunur. Bu məqam “4-cü hakimiyyət” kimi medianın nüfuzunu və rolunu daha da artırır. Əgər Prezident xəbərləri mediadan aldığını deyirsə, məmurlar anlamalıdır ki, mətbuatla hədə-qorxu dilində danışmaq olmaz. Əksinə, mətbuatın yazdıqlarına diqqət yetirmək, jurnalistlərə qulaq vermək lazımdır. KİV-ə barmaqarası baxmaq olmaz. Nazirlər, icra başçıları və digər məmurlar dövlət başçısından nümunə götürməlidirlər. Məmurlar mətbuatın yazdıqlarına təhlükə kimi yanaşmamalıdırlar. Ümumiyyətlə, tənqidə normal münasibət göstərilməlidir. Məmurlar sağlam tənqiddən nəticə çıxararaq neqativ hallara yol verməməlidirlər”. 



Şakir Ağayev: “Heç bir media rəhbərinin hansısa məmurun, icra başçısının yerində gözü yoxdur. Bundan əmin olsunlar


Ş.Ağayevin sözlərinə görə, Azərbaycanda bəzi məmurlar mediaya düşmən obrazında baxır: 

“Heç bir media rəhbərinin hansısa məmurun, icra başçısının yerində gözü yoxdur. Bundan əmin olsunlar. KİV müşahidə etdiyi neqativ halları üzə çıxarmaqla ölkədə aparılan islahatlara öz töhfəsini verir. Medianın funksiyası dövlətə, ölkə rəhbərinə yardımçı olmaqdır. Əslində, bu yardımı mediadan daha çox Prezidentin təyin etdiyi məmurlar həyata keçirməlidir. Ancaq əfsuslar olsun ki, proses əksinədir. Dövlət başçısının etimad göstərdiyi məmurlar etimadı doğrultmaq əvəzinə öz bildikləri kimi hərəkət edirlər. Təbii ki, bunun cəzasını da alırlar. Məmur tənqid yazan media orqanından yanlışlıqları dəqiqləşdirmək əvəzinə jurnalistləri gözümçıxdıya salır. Ölkə başçısı medianın üzərinə məsuliyyət qoyursa, mətbuatın nüfuzunu qaldırırsa, dövlət başçısının təyin etdiyi nazirlər, məmurlar da bu yükü dərk edib medianın yazdıqlarından nəticə çıxarmalıdırlar. Əgər Prezident deyirsə ki, ölkədə problemlər var, deməli həqiqətən də var. Ağa qara, qaraya ağ deməklə çatışmazlıqları aradan qaldırmaq mümkünsüzdür. Dünyada ideal cəmiyyət yoxdur”.