Rusiyalı jurnalistlərin qətl hadisəsinin yeganə şahidi olan sürücü ifadə verib və hadisənin başqa şahidi yoxdur. “RİA Novosti” agentliyi məlumat verir ki, bunu Rusiya Federasiyasının Mərkəzi Afrika Respublikasındakı səfiri Vladimir Titorenko deyib.
“Bütün ifadələri yalnız bir adam verir, bu şəxs jurnalistlərlə birgə olan və hadisə baş verən zaman qaçmağı bacaran sürücüdür. Sürücünun sözlərinə inansaq, silahlı şəxslər qətlə yetirilən jurnalistlərin pullarını, videokameralarını və başqa əşyalarını ələ keçirməyə çalışıblar.
Onlar isə tələbləri yerinə yetirməkdən imtina edib və görünür, cavabında silahlılar zorakılığa əl atıb. Sürücü isə gizlənə bilib. O, jurnalistlərlə silahlı insanlar arasında mübahisənin başladığını görüb. Yəni bu, pusqudan edilən ani hücum kimi qiymətləndirilə bilməz.
Biz yerli qurumların verdiyi açıqlamalara istinad edirik. Qətli həyata keçirən şəxslər ərəb dilinin hansısa dialektində danışıblar. Sürücü hadisəni yadda saxladığı qədər təsvir edib. Bugünkü gün hadisəni görmüş və ifadə vermək iqtidarında olan yeganə şahid odur”, - deyə səfir fikirlərini tamamlayıb.
Xatırladaq ki, Orxan Camal 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib. Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, azərbaycanlı islamşünas Heydər Camalın oğludur.