30-a bir il qaldı

“İki sahil” qəzeti 29 yaşını qeyd edir

Vüqar Rəhimzadə: "29 il zaman baxımından böyük olmasa da, uğurların zənginliyi ilə diqqətçəkəndir"


İyulun 10-da müstəqil Azərbaycanla həmyaşıd, müasir  mətbuatın yaranması və formalaşmasında öz yeri və dəst-xətti olan “İki sahil” qəzetinin 29 yaşı tamam olur. “İki sahil”in ilk nömrəsi 1991-ci il 10 iyul tarixində çapdan çıxıb. “Vahid Azərbaycan uğrunda!” devizi ilə nəşr olunan qəzet çoxtirajlı “Zavod həyatı”nın davamı kimi fəaliyyətə başlayıb. Mətbu orqanın nəşrə başladığı ilk dövrlərdə ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Bu gərginliklər öz növbəsində «İki sahil»ə  də  öz mənfi təsirini göstərirdi.

Lakin bütün çətinliklərə baxmayaraq, “İki sahil” çağdaş mətbuatın əsas prinsipi olan cəmiyyətin güzgüsü funksiyasını uğurla  yerinə yetirdi və ötən 29 ildə  Azərbaycanın ictimai-siyasi həyatında mövcudluğunu təmin etdi. Heç şübhəsiz ki, bu nəşr  hələ uzun müddət məqsədyönlü fəaliyyəti ilə dövlətə və xalqa xidmət göstərəcək, çoxsaylı mətbu orqanlar arasında özünəməxsusluğunu qoruyacaq, oxucu auditoriyasını genişləndirəcək.



“Şərq” qəzeti olaraq təbrikimizi çatdırmaq və mətbu orqanın 29 illik tarixini vərəqləmək,  bu illərin fonunda gələcək planları ilə bağlı fikirlərini öyrənmək məqsədilə «İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist  Vüqar Rəhimzadə ilə əlaqə saxladıq.

 - Vüqar müəllim, rəhbərlik etdiyiniz “İki sahil” qəzetinin qət etdiyi 29 illik yolu necə dəyərləndirirsiniz? 

 - 29 il zaman baxımından böyük olmasa da, uğurların zənginliyi ilə diqqətçəkəndir. “İki sahil”in 1991-ci il 10 iyul tarixində işıq üzü görməsi çox əlamətdar hadisə idi. Qəzetimiz çox şərəfli, keşməkeşli, tarixi bir yol keçib. İlk saylarımız nəşr olunanda Sovetlər Birliyi hələ mövcud idi. Nəşrin “İki sahil” adı ilə çapında ciddi problemlərlə, maneələrlə üzləşirdik. Qəzeti qeydiyyatdan keçirmək, şəhadətnamə almaq mümkün deyildi. Amma bütün çətinliklərə rəğmən, qeydiyyatdan keçdik, məqsəd və məramımızın arxasınca addımlamağa başladıq. “İki sahil”in fəaliyyətə başladığı dövrdə ölkədə cərəyan edən proseslər  yaddaşlardan silinməyib.

Azərbaycanda xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Belə vəziyyətdə mətbuat azadlığından danışmaq sadəcə utopiya ola bilərdi. İllər keçdikcə həmin dövrün çətinlikləri fonunda işıq üzü görən “İki sahil”in yaşadığı problemlərin, dövlətimizə, dövlətçiliyimizə xidmətlərinin miqyasının nə qədər geniş olduğu aydın görünür. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Arxada qalan hər yaşımız bizi bir daha o illərə qaytarır, bugünün zirvəsindən baxdıqda qürurverici hadisələrlə zənginliyi daha çox diqqət çəkir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycanın qazandığı uğurlar, reallıqlarımız qəzetimiz vasitəsilə oxuculara çatdırılır.  

 - Artıq 29 ildir ki,  bu mətbu orqana rəhbərlik edirsiniz. Çətin günləriniz çoxmu olub?

 - Əlbəttə. Müstəqilliyimizin ilk illəri - 1991-1993-cü illər çox ağır dövrlər idi. Mətbuat azadlığı kobud şəkildə pozulur, jurnalistlərə hər addımda təzyiq göstərilirdi. Qəzetdə hər sözü, fikri ifadə etmək mümkün  deyildi. Senzuraya görə, “İki sahil”in bir neçə səhifəsi ağ çıxırdı. Xüsusilə həmin dövrdə hakimiyyətdə olan dairələr ümummilli liderlə bağlı yazıların dərc olunmasına qısqanclıqla yanaşırdılar. Amma bu çətinliklər bizi tutduğumuz yoldan, əqidəmizdən döndərmədi. Daha səylə, böyük ümidlərlə irəlilədik. Gördüyünüz kimi, artıq 29 ili arxada qoyuruq. Həmin günlər, çətinliklər  artıq tarixə çevrilib. Bəli, 29 ildir ki, “İki sahil” qəzetinə rəhbərlik edirəm. Bu, mənim üçün qürurvericidir. Qəzetimiz nəşrə başlayanda azsaylı kollektivlə fəaliyyət göstərdiyimiz halda, bu gün ailə tərkibimiz genişlənib. Eyni zamanda, “İki sahil” əvvəllər həftədə bir dəfə nəşr olunurdusa, sonrakı dövrlərdə  iki-üç dəfə, daha sonra isə gündəlik nəşr olunmağa başladı. İllər keçdikcə biri-birindən əhəmiyyətli uğurlarımız ilə diqqəti çəkdik. Artıq bu gün qəzetin elektron versiyaları – “İki sahil” TV, “ikisahil.az” internet portalı da fəaliyyət göstərir. Təbii ki, məsuliyyətin olduğu yerdə uğurların davamlılığı qaçılmazdır. “İki sahil” qəzetinin hər bir əməkdaşı jurnalistikanın təməl prinsiplərini əsas tutaraq günün tələblərinə uyğun məqalələri ilə qəzetin daha da inkişafına, oxucu auditoriyasının genişlənməsinə öz töhfəsini verməyə səy göstərir.  29 ildə “İki sahil” olaraq hansı uğurlara imza atmışıq, bunu artıq oxucuların ixtiyarına veririk. 

- Karantin dövrünün ilk günlərində bəzi mətbu nəşrlər müəyyən çətinliklər yaşadılar. Əksər qəzetlər bir müddət çap olunmadı. Pandemiya dövründə 29 yaşını qeyd edən “İki sahil” həmin mərhələni necə keçir? 

 - Mətbuat hər zaman ölkənin taleyüklü məsələlərində vahid mövqedən çıxış edib. “COVID-19”-a qarşı mübarizə bütün ölkə vətəndaşlarına, o cümlədən mətbuat nümayəndələrinə birlik, həmrəylik çağırışını etdi. Dövlət başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birlik, həmrəylik çağırışlarına bir mətbuat orqanı olaraq öz dəstəyimizi göstəririk. Hər bir məsələnin həllində maarifləndirmə işinin önəmini nəzərə alsaq, ictimai fikrə təsir imkanları böyük olan yazılı və elektron KİV-in üzərinə düşən məsuliyyətin nə qədər böyük olduğunu dərk etmək çətin deyil. “İki sahil” bu işdə xüsusi fəallıq nümayiş etdirir. Qəzetimizin hər sayı dövlətimizin başçısı İlham Əliyevin pandemiyaya qarşı istər ölkə, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərin işıqlandırılmasına daha çox diqqət yetirir. Əminik ki, ölkə rəhbərliyinin gördüyü işlər, qabaqlayıcı tədbirlər nəticəsində ölkəmiz bu bəladan da alnıaçıq, üzüağ çıxacaq.

- Azərbaycan dövlətinin mətbuata dəstəyini necə qiymətləndirirsiniz?

 - Yüksək dəyərləndirirəm. Azad mətbuatın inkişafı üçün yaradılan şəraitə, jurnalist əməyinə verilən yüksək dəyərə görə dövlət başçısına öz minnətdarlığımı bildirirəm. Milli mətbuatımızın yubileylərində özüm də daxil olmaqla qəzetimizin əməkdaşları fəxri adlarla təltif olunub. Prezidentin jurnalistlərin mənzil-məişət şəraitinin yaxılaşdırılması məqsədilə imzaladığı Sərəncam əsasında tikilib istifadəyə verilən binalarda evlə təmin ediliblər. Bu, kiçik əməyimizə cənab Prezidentimiz tərəfindən verilən çox böyük qiymətdir. Əlbəttə, ölkə Prezidentinin bu diqqət və qayğısı mətbuat nümayəndələrinin məsuliyyətini daha da artırır. Eyni zamanda, daha səylə çalışmağımıza stimul verir. Bütün jurnalistlərimizin bir arzusu var: - Tezliklə yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapsın, qələbə sevincinin müjdəçisi olaq. Cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasət, atılan addımlar bizi o günə daha da yaxınlaşdırır.