MEDİA və ADA-dan mühüm seminar:“Yeni tələblərin müzakirəsi...”

Rəşad Məcid:“Tədbirdə aparılan müzakirələr çox xoş oldu. Çox səmərəli ideyadır”

Aydın Quliyev:“Bu proqramda öyrədiləsi və öyrəniləsi çox məsələ var” 


Medianın İnkişafı Agentliyinin və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara başlanılıb. Birgə seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır. Seminar silsiləsinin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə və ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva seminarın əhəmiyyətindən danışıblar. Sonra Əhməd İsmayılov tərəfindən media nünayəndələri ilə “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda müzakirə aparılıb.

Qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, yeni qanun layihəsi media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış “online” media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır. Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar arasında “Al Jazeera” və “Haber Global”ın mütəxəssisləri də var.

Tədbirin önəmindən “Sherg.az”a danışan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid seminarın ona çox xoş təsir bağışladığını deyib. Baş redaktor vurğulayıb ki, icraçı direktor Əhməd İsmayılov media haqqında qanun layihəsi ilə bağlı məlumat verdi və layihə ətrafında müzakirələr aparıldı: 

“ADA-nın əməkdaşı Şəfəq xanımın media haqqında məruzələri də xoş ovqat yaratdı, yaxşı polemikalar aparıldı. Mən bu seminarlarda davamlı şəkildə iştirak etmək niyyətindəyəm. Qarşıdakı seminarlara xarici ekspertlər də qatılacaq. Mətbuatın müxtəlif problemləri, informasiya texnologiyalarının inkişafı sahəsində medianın qarşısına qoyulan tələblər müzakirə olunacaq. Eyni zamanda arzu edirəm ki, reklam bazarının vəziyyəti ilə bağlı da yerli ekspertlər və xarici qonaqlar səviyyəsində müzakirələr aparılsın. Bizim ciddi problemlərimizdən biri reklam bazarının çox məhdud olmasıdır. Bu hal ölkəmizin inkişafı ilə adekvat deyil. Güman edirəm ki, bununla bağlı müzakirələr aparılacaq. Amma ümumilikdə seminarda aparılan müzakirələr çox xoş oldu. Çox səmərəli ideyadır. Təşkilatçılara öz təşəkkürümü bildirirəm”. 

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də “Sherg.az”a bildirib ki, seminarda iki məsələ haqqında müzakirələr gedib. Baş redaktor diqqətə çatdırıb ki, media haqqında qanun layihəsinin müəyyən detalları müzakirə olunub: 

“Hələlik geniş açıqlanmır, çünki layihə şəklindədir. Yəni Milli Məclisin müzakirəsinə təqdim olunmayıb. Digər məsələ isə ümumən media sistemində informasiyaların əldə olunması, müxtəlif media seqmentlərinin informasiya məkanında rolu ilə bağlı ADA-nın əməkdaşlarının məruzəsi ətrafında müzakirələr aparıldı. Nə qədər geniş təcrübə sahibi olsaq da, media və informasiya elə bir sistemdir ki, orada peşəkarlığın, yaradıcılığın və media menecerliyinin həddi-hüdudu yoxdur. Aşağı həddi olmadığı kimi yuxarı həddi də yoxdur. Sözsüz ki, Agentliyin və ADA-nın birgə hazırladığı bu tədbirdə öyrədiləsi və öyrəniləsi çox məsələ var. Seminarda iştirak edənlərin böyük təcrübə sahibləri olduğunu nəzərə alsaq, media rəhbərlərinin özlərinin də öyrənə biləcəyi məqamlar çoxdur. Digər tərəfdən seminarda müxtəlif beynəlxalq media qurumlarının nümayəndələri də iştirak edirdilər. Bu da təcrübə mübadiləsi üçün çox yaxşı imkandır. Yəqin ki, bu imkandan geniş istifadə olunacaq. Əhəmiyyətli bir tədbirdir. Azərbaycanda media seqmentlərinin sayca çoxalması, növlərinin inkişaf etməsi, media subyektlərinin şaxələnməsi bu cür tədbirlərin keçirilməsini vacib edir. İstər Medianın İnkişaf Agentliyi, istərsə də ADA müasir elm və texnologiyaların tətbiq olunmasında təşəbbüskar qurumlar kimi çıxış edirlər. Çap mediasının və reklam bazarının inkişaf etdirilməsi istiqamətində seminardakı müzakirələrin böyük əhəmiyyəti var. Çox yaxşı bir haldır ki, orada məruzələrin hamısında çap mediasının cəmiyyətimizdə mövcud olmasına və inkişafına ciddi ehtiyac olduğu birmənalı şəkildə vurğulandı”.