“Hərbi jurnalistikanın vəziyyəti boz rəngdə deyil, amma...”

Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar jurnalistikanın spesifik istiqamətini-hərbi jurnalistikanı xeyli aktuallaşdırdı. Əslində bu sahə bizə o qədər də uzaq sahə deyil. Qarabağ savaşının ilk mərhələsində Çingiz Mustafayev, Seyidağa Mövsümlü və digər cəsarətli jurnalistlərimiz, reportyorlarımız ən qaynar nöqtələrdə işləyiblər.

Onlar ermənilər tərəfindən törədilən müharibə cinayətlərinin həm yerli, həm də dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıblar. Sonrakı mərhələdə – uzun sürən atəşkəs dövründə Azərbaycan mediasında hərbi jurnalistika, müharibələrin işıqlandırılması qaydaları və vərdişləri inkişaf etmədi və ya az inkişaf etdi. 

Lakin 44 günlük Vətən savaşında bu sahənin nə qədər vacib olduğunu bir daha gördük və anladıq. Hadisələri ön xətdə izləyən və xalqı məlumatlandıran xeyli jurnalistimiz oldu. Ancaq ölkəmizdə hərbi jurnalistikanın lazımi səviyyədə inkişaf etmədiyini düşününlər də var.

İkinci qarabağ savaşının iştirakçısı, jurnalist, siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a bildirib ki, Azərbaycanda hərbi jurnalistikanın vəziyyəti deyildiyi kimi o qədər də boz rəngdə deyil:

“Çoxu ittihamı dilə gətirərkən arqument ortaya qoya bilmir – nə səhvdir, nə düzdür. Küyə gedib “Azərbaycanda hərbi jurnalistika” yoxdur demək isə diletantlıqdır. Var, amma inkişafına və təkmilləşməsinə ehtiyac duyulur. Hərbi jurnalistika hərbi biliklər də tələb edir, bu, informasiyanı tez və düzgün qavramaqda əsas meyarlardan biridir. Bu yaxınlarda müharibə zamanı xarici telekanalların birinin əməkdaşının Cəbrayıldan çəkdiyi görüntülərə baxırdım, aşkar şəkildə dislokasiya yeri, texnikaların hara yerləşdirilməsi göstərilir. Ancaq bəziləri yerli jurnalistlərə pataloji nifrətindən və ümumiyyətlə, hərbidən başı çıxmadığı üçün həmin kanalın əməkdaşına peşəkar deyir, yerli jurnalistləri isə qınayır. Halbuki son zamanlar fikir verirəm, Azərbaycanın hərbi jurnalistika sahəsində fəaliyyət göstərən reportyorları elə səhvlərə yol vermirlər, çəkilişlər də elə məkanda aparılır ki, orada koordinatı aşkarlamaq çətindir. Təbii ki, bunu etməyənlər də var, amma bu, hərbi jurnalistikamızın qara rəngələrdən ibarət olduğunun göstəricisi deyil. Bəziləri isə ümumiyyətlə bildikləri şeylərdən danışsa yaxşıdır”.