“Respublika” bu gün 25 illiyini qeyd edir - FOTOLAR

Bu gün ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində əhəmiyyətli addımlar atılır, qloballaşan dünyamız informasiya-komunikasiya texnologiyalarının geniş şəkildə tətbiqini zərurətə çevirir. Müasir media informasiya təminatı dövrün çağırışlarına cavab vermək baxımından yeni forma və metodlara əsaslanır.

Cəmiyyətin aynası olan Azərbaycan mətbuatı şərəfli bir yol keçmiş, 70 illik bir dövrün qadağa və basqılarına baxmayaraq özünün milli ruhunu qoruyub saxlaya bilmiş, peşəkarlıq səviyyəsi və digər parametrlərinə görə ittifaq miqyasında seçilmiş, milli mətbuatımızın əsası sayılan “Əkinçi” qəzetinin ideyalarını yaşatmışdır.

Azərbaycan mətbuatının çox saylı ailəsinin üzvü olan “Respublika” qəzetinin ilk nömrəsi 1996-cı il martın 20-də işıq üzü görüb, həftədə bir dəfə çıxan qəzet qısa zamanda gündəlik çap olunmağa başlayıb. İlk nömrələrindən Azərbaycan dövlətçiliyinə, milli maraqlara xidmət edən qəzet oxucuya obyektiv və qərəzsiz informasiya çatdırmaq, respublikamızda və dünyada baş verən hadisələri doğru-dürüst işıqlandırmaq, hadisə və faktlara daha dərindən nüfuz etməklə geniş oxucu auditoriyası qazandı. Çətin sınaqlardan keçən “Respublika” bu gün 25 illiyini qeyd edir.

Milli mətbuatımızın 146-cı il dönümü və “Respublika” qəzetinin 25 illiyi münasibətilə keçirilən tədbirdə dövlət siyasətinin əsasını təşkil edən mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik islahatların həyata keçirilməsi sahəsində düzgün istifadə edilməsi və s. məsələlərdən danışıldı.

Tədbiri giriş sözü ilə açan “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev iştirakçıları salamladıqdan sonra, “Respublika” qəzetinə uzun illər rəhbərlik etmiş Teymur Əhmədovun və Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Baş redaktor Hümbət Musayev dövlət qayğısının və gərgin əməyin sayəsində ərsəyə gələn “Respublika” qəzetinin nailiyyətlərlə zəngin 25 illik çətin və şərəfli yolundan danışdı, kollektivi zamanın tələbi ilə ayaqlaşmaq, yeni çağırışlara cavab vermək istiqamətində səfərbər olmağa səslədi.

Çox sahədə öncül olan “Respublika” qəzetinin bundan sonra da liderliyini qoruyub saxlayacağına əminliyini bildirdi. Qeyd etdi ki, bu gün milli mətbuatımızda aparılan islahatlar fonunda ənənəvi çap mediası da inkişaf etməli və dövrün çağırışları ilə səslənməlidir. Media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi yaradılan MEDİA Agentliyinin məqsədi də bu sahədə innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir. Qəzetin hər bir əməkdaşı işinə məsuliyyətini artırmalı, oxucuya informasiyanın operativ şəkildə çatdırılmasını təmin etməlidir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın inkişaf tarixinə qısaca nəzər salaraq bu sahədə xidmətləri olan insanları yada saldı, mətbuatımızın himayədarı ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. Jurnalist əməyinə böyük hörmətlə yanaşan, həqiqətlərin xalqa çatdırılmasında KİV-in əvəzsiz vasitə olduğunu qeyd edən ümummilli lider Heydər Əliyevin onun inkişafında böyük rol oynadığını, “Respubika” qəzetinin əhalinin müxtəlif təbəqələri arasında geniş yayılmaqla rəsmi qəzetlər arasında daim seçildiyini dedi.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev jurnalistikamızın mütərəqqi ənənələrinə xidməti özünün əsas qayəsi hesab edən “Respublika” qəzetinin müasir və müstəqil Azərbaycanın şanlı tarixinin yeni salnaməsini yaratdığını, onun səhifələrində hüquqi, demokratik Azəbaycan dövlətinin quruculuğu naminə görülən işlərdən bəhs edən yazılara üstünlük verildiyini dedi, qəzet rəhbərliyi ilə Mətbuat Şurasının birgə, faydalı əməkdaşlığından söz açdı, bundan sonra da bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğuladı.
Tədbirin sonunda “Respublika” qəzetinin uzun illər səmərəli fəaliyyətinə, işə peşəkar və məsuliyyətli yanaşdığına görə bir qrup əməkdaşı Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olundu.

Milli mətbuatımızın 146-cı il dönümü, “Respublika” qəzetinin 25 illiyi münasibətilə redaksiya kollektivini təbrik edir, onlara şərəfli işlərində uğurlar arzulayırıq.

Zümrüd Qurbanqızı,
“Respublika”