Şuşa Radio-Televiziya yayım qülləsi:"Telekommunikasiyanın inkişafında daha bir mərhələ..."

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşa Radio-Televiziya yayım qülləsinin təməlini qoyublar. 
 Bəs, bunun ölkəmiz və xalqımız üçün hansı əhəmiyyəti nədən ibarət olacaq?
Suallımızı cavablandıran Əməkdar jurnalist Səadət Məmmədova “sherg.az”a açıqlamasında bildirib ki, Böyük Zəfərin zirvəsi olan Şuşada teleradio yayımının bərpası istiqamətində atılan bu addım düşmənin məhv etdiyi yurdumuzun dirçəldilməsi baxımından böyük rəmzi məna daşıyır. O qeyd edib ki, bu, Azərbaycanda telekommunikasiyanın inkişafında daha bir mərhələ kimi yadda qalacaq: 

“Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağı addım-addım bərpa edirlər. Ötən gün Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlinin qoyulmasına ikiqat sevindim. Birincisi, Qarabağın səsi elə Qarabağdan dünyaya yayılacaq. Biz də teleradio əməkdaşları kimi bu işdə öz səylərimizi əsirgəməyəcəyik. İkincisi, Birinci Qarabağ müharibəsi vaxtı mən yeniyetmə idim və Şuşa televiziyasının necə ağır şərtlər altında fədakarlıqla işləməsini ailəlikcə həyəcanla izləyirdik. 

Şuşa televiziyasının yayımını göz qırpmadan gözləyirdik. Sonra mənfur düşmən bu telekanalın səsini batırdı. 44 günlük Vətən Müharibəsində qazandığımız Böyük Zəfərin zirvəsi olan Şuşada teleradio yayımının bərpası istiqamətində atılan bu addım düşmənin məhv etdiyi yurdumuzun dirçəldilməsi baxımından böyük rəmzi məna daşıyır. 

Teleqüllə Şuşanın ən yüksək zirvəsində yerləşir, orada yeni tikiləcək 130 metrlik metal qüllə ətrafdakı uca dağlara, yer kürəsindəki bütün hündürlüklərə və hündürdəkilərə zirvədən səsləniş olacaq. Eyni zamanda Azərbaycanda telekommunikasiyanın inkişafında daha bir mərhələ kimi yadda qalacaq”.