Kərim can hayında, Zaur reytinq axtarır! -  “O kadrları efirə vermək doğru deyil”

“İndi bəzi verilişlərdə qalmaqal yaratmaq adi hala çevrilib”

“Bir insanın xəstəliyindən başqa məqsədlər güdmək, qonaq olan məşhurları ağlatmaq, heç düz deyil. Kasad bazardır. Bu optimal çarə deyildi"

ARB TV-də Zaur Kamalın aparıcılıq etdiyi "Həmin Zaur" verilişində meyxanaçı Ağakərimlə bağlı reportaj efirə gedib. Ən ağrılı məqam odur ki, çəkiliş zamanı meyxanaçının ağrıları başlayıb və aparıcı həmin içacıdan kadrları da efirə verib. Bu reportaj sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Əksəriyyət bunu aparıcının “başqasının bədbəxtliyi üzərindən özünə xoşbəxtlik qurmaq” kimi xarakterizə edib. Bəzi izləyicilər qeyd edirlər ki, Kərim can hayında, Zaur reytinq axtarır.  

Qeyd edək ki, meyxana ustadı Kərim Novruzov 2 il əvvəl insult keçirib. Beyinə qan sızması nəticəsində yatağa məhkum olub. 

Məsələyə münasibət bildirən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi və bir çox telelayihələrin redaktoru Nəmənd Rüstəmov “Sherg.az”a söyləyib ki, əslində, bu hal etik olaraq arzuolunan deyil:

“Etik qaydalar qorunmalıdır. Doğrudan da, əgər meyxanaçı Ağakərimin həyatı və səhhəti toplumu maraqlandırırsa, məsləhətdir ki, cəmiyyətdən saxlanılmasın. 

Biz artıq onu görməliyik. Amma o formada deyil.

Bəlkə, bu reportaja baxıb kimlərsə, maddi və ya mənəvi yardım edəcək. Televiziya və ya başqa informasiya vasitəsilə bu tipli məsələlər işıqlandırılmalıdır. 

Bu tamam başqa yanaşmadır. Burada nəzərdə tutulan yardım məsələsi deyil. Sadəcə olaraq reytinq qazanmaqdır. Çünki bu tipli məsələlər toplum üçün maraqlıdır. Yenə də deyirəm, göstərmək normaldır. Ancaq insanı xəstə halında, ağrı çəkdiyi yerdə efirə vermək doğru deyil. 

Çox həssas məsələdir. Təmkinli davranmaq lazım idi. Amma indi bəzi verilişlərdə qalmaqal yaratmaq adi hala çevrilib. Bir insanın xəstəliyindən başqa məqsədlər güdmək, qonaq olan məşhurları ağlatmaq, heç düz deyil. Kasad bazardır. Bu optimal çarə deyildi".

Cəmilə Əzim