“Media haqqında” yeni qanun layihəsi:  pəncərələr açılır?

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli fərmanı media haqqında yeni qanunun qəbul edilməyi üçün zəmin yaradıb. Bu mənada dekabrın 10-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib. İclasda ölkənin bir sıra media qurumlarının və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri iştirak edib. Layihə ölkə prezidentinin müvafiq fərmanından sonra yaradılan işçi qrupu və Milli Məclisin üzvləri ilə birgə hazırlanıb. 

Yeni qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil 78 maddədən ibarətdir. Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bu qanun qəbul edildikdən sonra “KİV haqqında” və bu sahəni tənzimləyən digər qanunlar qüvvədən düşmüş hesab olunacaq.

“Media haqqında” qanun layihəsi ilə bağlı “Sherg.az”a danışan "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, layihənin müsbət vədlər verəcəyinə inanmır:

“Həmin qanun Avropa Şurasına da göndərilməlidir. Medianın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müddəalar görmək istəyirdim. Lakin orada bununla bağlı heç nə tapa bilmədim. Amerika Birləşmiş Ştatlarında vətəndaş hökumətin istənilən orqanının işi ilə bağlı müraciət edə bilər və  əgər tələb olunarsa, dövlətin təhlükəsizliyi ilə bağlı məsələlərdən başqa hökumətin sənədləri ona açılmalıdır. Jurnalistika maliyyə cəhətdən azad olmalıdır. Lakin qanunda bu barədə heç nə yoxdur”.

“Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev vurğulayıb ki, media haqqında yeni qanunun qəbul edilməsi zərurətdən doğan addım idi:

“1999-cu ildə media ilə bağlı müvafiq qanun qəbul edilib. Zaman keçdikcə texnologiya inkişaf etdi. Bu qanun artıq köhnəldi. Artıq yenisi ilə əvəz olunmalıdır. Xüsusilə 21-ci əsrdə onlayn media dövründə yeni qanunun qəbul edilməsi vacib idi. Yeni qanun müasir informasiya standartlarına uyğun olmalı idi. “Media haqqında” layihədə qeyd olunan bəndlərə nəzər salan insanları bəzi məqamlar narahat edirdi. Bu məsələlərdən biri jurnalistin məsuliyyəti məsələsidir. Hər şeydən əvvəl jurnalist məsuliyyətli olmalıdır, etik qaydaları yaxşı bilməlidir. Həmçinin ailə məsələlərinə toxunmamalıdır. Təbii ki, məmurlar da bəhanə edib jurnalistlərə qərəzli yanaşmamalıdırlar ki, hansısa məsələyə görə onların nüfuzuna xələl gəldi və s.
İkinci məsələ isə reyestr məsələsidir. Qanunla işləyən bütün media orqanları reyestrdən keçir. Qanuna uyğun işləyən media orqanları reyestrə düşməkdən çəkinməməlidirlər. Reyestrin özü də məcburi deyil. Reyestrə düşən media orqanlarına güzəştlər olunacaq. Layihələrdə iştirak etmək istəyən media orqanlarının reyestrə düşməsi vacibdir”.

Ş.Ağayev qeyd edib ki, jurnalist vəsiqəsi məsələsi də gündəmdədir:

“Vahid jurnalist vəsiqəsi bəzi məqamları ortaya çıxardı. Birinci onu qeyd edək ki, vahid jurnalist vəsiqəsinin əldə edilməsi məcburi deyil. Lakin bu vəsiqəni əldə edənlərə bəzi güzəştlərin olacağı deyilir. Bu güzəştlər iqtisadi məsələlərlə məşğul olan qurumla danışılacaq və müəyyən güzəştlər qəbul ediləcək. Əlavə olaraq redaksiyanın verdiyi jurnalist vəsiqəsi də tanınır. Çünki redaksiya Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, vergi ödəyir. Bundan əlavə, akkreditasiya məsələsində müəyyən problemli məsələlər var. Rəhbərlik özünə yaxın olan jurnalistləri akkreditasiya edir, digərlərinə isə müxtəlif  bəhanələr gətirir. Ümid edirik ki, bu qanundan sonra həmin problem aradan qalxacaq”.

Baş redaktor plagiatlıq məsələsinə də toxunub:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun da plagiatlığa qarşıdır. Qanun bunu tənzimləməlidir. Günah yalnız jurnalistlərdə deyil, agentliklərin də burada günahı var. Bəzi agentliklər 3-4 media orqanına press-reliz hazırlayıb göndərirlər, digərlərinə yox. Plagiatlıq da buna görə yaranır. Digər media quruluşlarının həmin press-relizlərə əl çatanlığı olmadığı üçün o media orqanlarından istifadə edirlər. İnformasiya əlçatanlığını təmin etmək mühümdür. Qərəzə yol vermək olmaz. Jurnalistə deyirlər ki, qarşı tərəfi tap informasiya al. Qarşı tərəf özü informasiya yaymalıdır”.
Sonda Ş.Ağayev vurğulayıb ki, bütün qanunların icra mexanizmi olmalıdır. Əgər qanun qəbul edilib icra mexanizmi olmazsa, dəyişilən heç nə olmayacaq.

Xanlar ƏLİBƏY