“Prezidentin mediadan danışması müstəqil mətbuatın əvəzsiz olduğunu göstərir”

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı müsahibədə jurnalistlərin suallarını cavablandırıb. Prezident 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlər barəsində danışıb. 

Müsahibədə ölkə lideri medianın böyük rolu olduğunu vurğulayıb. O, qeyd edib ki, bəzən xoşagəlməz hallar haqqında mediadan məlumat öyrənir və buna dərhal reaksiya verilir. İlham Əliyev dövlət məmurlarının işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələrinin nəzarət etdiyini məmurlara bir daha xatırladıb.

Prezidentin medianın rolundan bəhs etməsi ilə bağlı “Sherg.az”a danışan “525-ci" qəzetin baş redaktoru Rəşad Məcid bildirib ki, media ilə bağlı söylənilən fikirlərdə özbaşınalıq edənlərə xəbərdarlıq edilir:

“Azərbaycan prezidenti İlham Əliyev həmişə mediaya önəm verdiyini bildirib. Ölkə başçısının müsahibəsində mətbuatın rolundan bəhs etməsi müstəqil medianın ölkə üçün nə qədər əvəzsiz olduğunu bir daha göstərir.

İlham Əliyevin yerli televiziyalara müsahibəsi çox müsbət haldır. Prezidentin media ilə bağlı söylədiyi fikirlər, xüsusilə medianın nəzarət funksiyasını qeyd etməsi məmurlara xəbərdarlıqdır. Bu, tənqidləri qulaqardına vuranlar üçün siqnaldır”.

 Xanlar ƏLİBƏY