Xaricdə düşmənin qarşısına türk birliyi çıxacaq

Erməni lobbisinə qarşı informasiya müharibəsində təkcə müdafiə deyil, hücum taktikalarından da istifadə edilməlidir

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

   Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, eləcə də erməni diasporunun və onları dəstəkləyən qüvvələrin ölkəmizə qarşı apardığı çirkin siyasətin qarşısının alınmasında xaricdə yaşayan azərbaycanlıların müstəsna xidməti var. Xüsusən, 44 günlük müharibədən sonra həmvətənlərimiz yaşadıqları müxtəlif ölkələrdə yüksək səviyyədə təşkilatlanmanın önəmini daha yaxşı dərk edirlər. Azərbaycan diaspora təşkilatlarının tərkib hissəsinə çevrilən həmvətənlərimiz xalqımıza, qardaş Türkiyəyə qarşı düşmənçilik və əsassız torpaq iddialarının, yalanla yoğrulmuş erməni ideologiyasının ifşa olunmasında ardıcıl və sistemli mübarizə aparırlar. Azərbaycan diaspora qurumları erməni lobbisinə qarşı mübarizədə qardaş Türkiyə ilə ortaq hərəkət edirlər. 

Ekspertlər vurğulayırlar ki, 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Bəyannamənin əhatə etdiyi mühüm sahələrdən biri də birgə diaspora fəaliyyəti ilə bağlıdır.

 Təbii ki, türk xalqlarının ortaq lobbiçilik missiyasını sadəcə iki dövlət – Azərbaycan və Türkiyə deyil, bütün türk respublikaları həyata keçirməlidir. O baxımdan hesab edilir ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diaspor təşkilatları vahid siyasət ətrafında fəaliyyət göstərməlidir. Əgər fəaliyyət geniş olarsa, uğurlar da kifayət qədər böyük olar. Dünya erməniləri Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini həzm edə bilmirlər. Eyni zamanda qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi erməni lobbisini kəskin şəkildə aqressivləşdirib. Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətini planlı şəkildə davam edirlər. Vətən müharibəsi zamanı Amerikanın 100-dən çox senatoru və konqresmeni Ağ Evi Ankara və Bakıya yardımı dayandırmağa, sanksiya verməyə çağırış ediblər. Ermənilər qondarma “erməni soyqırımı” ilə bağlı 1 milyondan artıq məktubu Ağ Evə və Konqresə göndəriblər. Erməni diasporunun ideoloji mərkəzi hesab olunan ANCA 2021-ci ildə bu baxımdan daha da fəallaşıb. Erməni lobbisinin türk dünyasına qarşı təbliğatının önünü almaq üçün Azərbaycanda ciddi layihələr hazırlanır. Mühüm layihələrdən biri də “Erməni lobbisinə qarşı türk birliyi” layihəsidir. 

Layihənin aktuallığı və ictimai əhəmiyyəti barədə “Şərq”ə danışan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, tanınmış jurnalist Fuad Hüseynzadə deyib ki, Vətən müharibəsindən sonra dünya erməniləri tərəfindən xaricdəki azərbaycanlılara və türklərə qarşı terror, sui-qəsd, təxribatlar və iqrçi hücumları daha da artıb. Ekspertin sözlərinə görə, ermənilər xaricdə Azərbaycana və Türkiyəyə qarşı qarayaxma kampaniyaları da aparmağa üstünlük verirlər: 

“Erməni lobbisi müxtəlif ölkələrdə Azərbaycan və Türkiyənin diaspor üzvlərinə də fərqli yollarla təzyiq edir və ya etdirirlər. Məsələn, ermənilər xarici mediada azərbaycanlıları və türkləri qatı millətçi kimi qələmə verirlər. Həmçinin, onların işlədiyi yerlərə və ya təmsil olunduqları partiyalara şikayət edirlər. Bununla yanaşı diplomatik korpus və səfirliklərdə təxribatlar törədirlər. Ermənilər azərbaycanlı və türk diaspor üzvlərinə qarşı sosial mediada da qarayaxma kampaniyası aparırlar, onları təhdid edirlər. Bunlar Azərbaycan və Türkiyə diasporunun inkişaf tempini aşağı sala bilər. Erməni lobbisinin hədəfi bir millət və iki dövlətin diasporunun xaricdə nüfuzunu gözdən salmaq, ümumiyyətlə, türk xalqlarının birliyini zədələməkdir. ANCA türk dünyası ilə bağlı öz qarşısına çox kəskin prioritetlər qoyub və artıq terror təşkilatı imici yaradır. Buna görə də dünyadakı erməni separatçı qurumların fəaliyyəti daimi nəzarətdə olmalı və onların planlarına qarşı bütün türk dünyasının cavab tədbirləri görülməlidir. Məhz bunlara cavab olaraq “Erməni lobbisinə qarşı türk birliyi” layihəsinin həyata keçirilməsini zəruri hesab edirik”.

F.Hüseynzadə layihənin məqsədindən və qarşıya qoyulan vəzifələrdən danışıb: 

“Layihənin məqsədi bütün türk xalqlarını və diasporlarını anti-türk fəaliyyətinə qarşı, o cümlədən erməni lobbisinə qarşı birləşdirməyə, onların konsolidasiya olunmasına, müdafiə gücünün artırılmasına töhfə verməkdir. Eyni zamanda layihədə məqsəd erməni lobbisinə qarşı türk dünyasını mütəşəkkiləşdirmək və ayağa qaldırmaqdır. Layihə çərçivəsində əsas vəzifəmiz Şuşa Bəyannaməsində qardaş Türkiyə diasporu ilə Azərbaycan diasporu arasında sıx əlaqələrin formalaşması məsələsinə dayanaraq fəaliyyət göstərməkdir. Türk xalqlarının diasporlarının həmrəyliyi üçün çalışacaq, erməni terrorunu ifşa edəcək, türk xalqlarının beynəlxalq ictimaiyyətə müxtəlif dillərdə səsini duyurması prosesini həyata keçirəcəyik. Həmçinin xarici mediada məqalələri yazacaq jurnalistlər, təlimçilər və ekspertlər araşdırılıb müəyyən olunacaq. Dünya türklərinin həmrəyliyi, Türkiyə və Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması mövzusunda beynəlxalq media üçün 10 məqalə hazırlanacaq”. 
Jurnalist bəyan edib ki, layihə çərçivəsində 12 analitik “Youtube” verilişi hazırlanacaq. Verilişlər ingilis və rus dillərində 5-10 dəqiqə arasında olacaq. Bu verilişlərdə aşağıdakı mövzulara toxunulacaq: “Ermənilərin etnik təmizləmə siyasətinin ifşası, türk dövlətlərində erməni cinayətləri faktoru, terror təşkilatlarında erməni izi, ANCA-nın Türkiyənin mübarizə apardığı terror təşkilatları ilə əməkdaşlığı və digər məqamlar qabardılacaq. Layihə ilə bağlı tədbirlər Bakı, Kiyev, Minsk, Kazan, Saloniki və Oslo (onlayn) şəhərlərində keçiriləcək. Layihə çərçivəsində  görüləcək fəaliyyətlərin davamlı olması üçün strateji qurumun yaradılmasına ehtiyac var. Bu layihənin davamı olaraq perspektiv planda türk xalqlarının haqlarının müdafiəsi və bu istiqamətdə önləyici fəaliyyət aparmaq üçün strateji qurumun yaradılmasına çalışacağıq. İlkin olaraq bu təşkilatın adının “Türk Xalqlarının Strateji Müdafiəsi Qurumu” olmasını nəzərdə tutmuşuq. Həmsədr formasında idarə olunacaq təşkilata hər türk dövlətindən bir nümayəndə təyin ediləcək. Fikrimizcə, erməni lobbisinin terrorçu, separatçı və cinayətkar fəaliyyətlərini dünyaya bəyan etmək lazımdır. Bu baxımdan informasiya müharibəsində böyük əks-səda verə bilən trendlər yaradılmalıdır. Bunun üçün türk xalqlarının əlində kifayət qədər resurslar var. Bu baxımdan təbliğat işi informasiya müharibəsi üzərindən aktiv aparılmalıdır. Erməni lobbisinə qarşı informasiya müharibəsində təkcə müdafiə deyil, hücum taktikalarından da istifadə edilməlidir”.