Baş yazar sərt danışdı:"Onlar jurnalist deyillər, adımıza ləkədirlər”

“Reket”lərin azad media ilə heç bir əlaqəsi yoxdur”

“Şantajçı insanlara qarşı mübarizə kəskinləşməlidir. Hüquq-mühafizə orqanları sərt olmalıdırlar”

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs tutulub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, özünü media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu səhiyyə müəssisəsinin direktoru barəsində “Sizintv.az” və “Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə həqiqətə uyğun olmayan video materiallar yerləşdirib. Bu materialların silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi müqabilində həmin şəxsdən müəyyən məbləğdə pul vəsaiti tələb edib. 

Məsələ barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bundan başqa Bayram Hacıyev digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərini də hədələyərək onlardan pul tələb edib. Əməliyyat tədbirləri nəticəsində vəzifəli şəxslərin yaxınları vasitəsi ilə 2 min manat pul vəsaitini Bakı şəhəri Nərimanov rayonu ərazisində alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən faktlarla bağlı 3 fevral 2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, B.Hacıyev həmin məcəllənin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, son illər Azərbaycanda insanları, xüsusilə də, məmurları şəxsi video, foto və ya yazı ilə şantaj edərək pul tələb edənlərin sayı artmaqdadır. Bununla bağlı bir sıra tədbirlər görülür. Lakin problem köklü həllini tapmır.

Məsələ ilə bağlı “Sherg.az”a danışan “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri, “Rupor.az” saytının baş redaktoru Ceyhun Musaoğlu “reket” jurnalistikasının azad media ilə heç bir əlaqəsi olmadığını bildirib:

“Özünü "reket" kimi aparan «jurnalistlərin” neqativ fəaliyyətinə qarşı aparılan institusional, ictimai, hüquqi və s. mübarizə heç bir halda medianın azadlığını pozmur. Belə düşünən insanların "təmir"ə ehtiyacı var. Çünki beyinləri "tikinti materialı" ilə qurulub”. 

O, media prinsiplərinə uymayan şəxslərin jurnalist olmadığını qeyd edib:

“Əlbəttə, texnologiyanın inkişaf etdiyi vaxtda insanlar "Youtube" kanalına, sosial media səhifələrinə, qəzet, sayt, bloq və s. Sahibdirlər. Bu, təqdirəlayiqdir. Amma o, demək deyil ki, sui-istifadə halları baş verməlidir. « Məscidin qapısı açıqdır, itin abırına nə gəlib?» Kommunikasiya vasitələrinin genişləndirilməsi üçün gözəl şərait yaradılıbsa, mənfi halların baş verməsinə imkan verməli deyilik. Onlar jurnalist deyillər”.

Baş redaktorun qənaətinəcə, jurnalistikada neqativ halların tez gözə çarpması normaldır:

“Hər sahədə öz peşəsinə ləkə gətirən şəxslər var. Hansısa icra başçısının tutulmasının, polisin işdən çıxarılmısının, həkimin səhlənkarlıq etməsinin və digər şəxslərin qeyri-qanuni hərəkətlərinin şahidi olmuşuq. Amma bu, jurnalistikada daha çox qabardılır. Çünki bu sahə ictimai nəzarət funksiyasını yerinə yetirir. IV hakimiyyət olaraq digər hakimiyyətlərin fəaliyyətlərini işıqlandırmaq, çatışmazlıqların aradan qaldırılmasında kömək olmaq, insanları informasiya ilə təmin etmək prinsiplərini daşıyır”.

C.Musaoğlu məmurların şantaj olunmasının səbəblərindən bəhs edib:

“Niyə məmurlar şantaj edilir? Çünki özləri imkan yaradır ki, "reket" jurnalistlər onları təhdid etsin. Niyə sən boşluq yaradırsan? Nədə səhv edirsən ki, hansısa yollarla, hətta öz yaxınların vasitəsilə bunlar qarşı tərəfin əlinə keçir? Həmin "jurnalist"də media prinsiplərinə uyğun yazını hazırlaya bilməyib.  Məlumatda fakt və dəqiqlik olmur. Çünki jurnalistika təhsili, peşəkarlığı və təcrübəsi yoxdur. Düzdür, bütün tərəflərin günahları var. Sağlam cəmiyyəti bir təbəqə qura bilməz. Mübarizə doğru seçilməlidir”.

Sədrin fikrincə, gənc kadrlar təhdid hallarıyla qarşılaşmır:

“Bu gün ciddi islahatlar həyata keçirilir. Prezidentimiz də vurğuladı ki, gəncləşmə siyasəti aparılır. Sovet düşüncə tərzi artıq məhv olur, dünyaya uyğun yeni düşüncə tərzi gəlir. Görürük ki, yeni gələn və gənc olan nazirlər, icra başçıları və s. o şantajçılara şərait yaratmırlar. Çünki onlar qohumbazlıq etmir, rüşvətə, korrupsiyaya qarışmır, qanunlara əməl edir, işçiləriylə kobud deyillər  və demokratik dəyərlərə uyğun fəaliyyət göstərirlər. Şantajçı insanlara qarşı mübarizə kəskinləşməlidir. Hüquq-mühafizə orqanları sərt olmalıdırlar. Biz də bu adamların ifşa olmasında kömək etməliyik. Adımıza ləkədirlər.  Xüsusilə, jurnalistika sahəsi üçün ayıb sayılır”.

Cəmilə ƏZİM