“Jurnalistin işi hakimiyyətin diqqətini problemlərə cəlb etməkdir”

"Reket  jurnalistikası" ilə məşğul olanlar əksər hallarda sosial mediada  yalan  xəbərlər  yaymaqla cəmiyyətdə ajiotaj yaradırlar. Ölkəmizdə də “reket jurnalistlərin” sayı az deyil”.
Bunu “Sherg.az”a açıqlamasında BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli deyib. Professor bildirib ki, jurnalistikada reketçiliklə məşğul olan ayrı-ayrı dələduzlar var:

 “Onlar öz məqsədlərinə çatmaq üçün jurnalistin, polisin, həkimin, hətta təhlükəsizlik orqanlarının adlarından da istifadə edirlər. Bəzən bu adamlar gündəmə gəlir, tənqid olunur, bəzənsə sakitcə öz işlərini davam etdirirlər. 

Bu dələduzlar şantajla məşğuldurlar. İnsanların şəxsi həyatlarına müdaxilə edir, haqlarında informasiyalar toplayır və sonra onlara hücum edirlər. Mətbuat azadlığı bəzən bu cür şəxslərə imkan yaradır. 

Dələduzlar bunu bəhanə edib ayrı-ayrı tanınmış jurnalistlərin üzərinə hücum edirlər. Bir çox hallarda tənqid edən jurnalistlərin adını reketçilikdə hallandırır, istedadlı, vicdanlı jurnalistlərə “reket” adını yapışdırmağa çalışırlar. 

  Bu qətiyyən qəbuledilməzdir. Jurnalistika  konkret bir missiyadır.  Jurnalistin işi cəmiyyətdəki nöqsanları tənqid etmək, hakimiyyətin diqqətini problemlərə cəlb etməkdir. “Reket jurnalistikası” ifadəsi isə kökündən yanlışdır. Reket və jurnalistika anlayışları bir-birinə ziddir” .