Düşmənin informasiya cəbhəsi yarıldı! 


“Ermənistan və onun himayədarlarının genişmiqyaslı erməni təxribatını gizlətmək planları iflasa uğradı”

Azərbaycanın Baş Prokurorluğu media nümayəndələrinə və sosial media istifadəçilərinə müraciət edib. Müraciətdə qeyd olunub: "Ermənistanın təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları məqsədilə Azərbaycanın Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər görülür. Media nümayəndələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur".

Müraciəti dəyərləndirən “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli “Sherg.az”a bildirib ki, peşəkar media 44 günlük Vətən savaşında olduğu kimi, dünən də öz prinsipləri qoruyub:

 “Ermənistanın irimiqyaslı təxribatları ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi çox operativ şəkildə cəmiyyəti məlumatlandırdı və jurnalistlərimizin işini asanlaşdırdı. Erməni mediasında və digər sosial seqmentlərdə dezinformasiyalar müəyyən edildi, döyüşlərdən hər an operativ məlumatlar ötürüldü. Heç bir neqativ hallara yol verilmədi. Jurnalistlərimizin və bloqerlərimizin sorğularına operativ cavab verildi.

 Etimad qazanmış mediamız gecə səhərədək ölkə ictimaiyyətini tam məlumatlandıra bildi. Xüsusilə qeyd etmək istəyirəm ki, Müdafiə Nazirliyi və digər əlaqədar qurumların fövqəladə hallarda bu cür prinsiplərlə əməkdaşlığı olduqca vacibdir. Arzu edərdim ki, dinc dövrdə də aparıcı KİV-lərimizin sorğuları belə operativ şəkildə cavablandırılsın. 

Düşmənin bütün informasiya alətlərindən istifadə edərək, Azərbaycan haqqında ölkədə və dünyada mənfi rəy yaratmaq istəyi bu dəfə də baş tutmadı. Düşmənin və onun himayədarlarının genişmiqyaslı erməni təxribatını gizlətmək planları iflasa uğradı. Amma biz yenə də səfərbər olmalıyıq. 

Peşəkarlıqdan irəli gələn prinsiplərə sadiq qalmalı, qaynar nöqtələrdən mərkəzləşdirilmiş operativ məlumatları bundan sonra da beynəlxalq ictimaiyyətə çatdırmalıyıq”.