Azərbaycan mediasının tarixində yeni səhifə açıldı

"Məhz Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər"

  Prezident İlham Əliyev dünən imzaladığı Fərmanla “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib. Fərmana əsasən, Medianın İnkişafı Agentliyinə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb. Bu Fərman Azərbaycan mediasının tarixində yeni səhifənin açılması kimi xarakterizə edilə bilər. Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdiriləcək. 

Bu, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması deməkdir. Bununla belə, bu proses məcburi deyil. Media qurumlarının, eləcə də jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllülük prinsipi əsasında həyata keçiriləcək. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqələr təqdim olunacaq. Reyestrə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsinin təqdim olunması media mühitinin sağlamlaşması baxımından çox müsbət və vacib addımdır.   Bu, media mühitinin təsadüfi “jurnalistlərdən” təmizlənməsinə də yardım edəcək. Diqqət yetirməli məqamlardan biri budur ki, mətbuat orqanları işçisi olan jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaq, media qurumları ənənəvi qaydada işçilərinə redaksiyanın vəsiqəsini verə biləcək. Reyestrin aparılması müəyyən məsələlərin həllini tapmasında mühüm rol oynayacaq. Media Reyestri media subyektlərinin və media sahəsində işləyən şəxslərin fəaliyyətinin, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradacaq. Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək. 

Digər mühüm amil mətbuat orqanlarının və jurnalistlərin hüquqları ilə bağlıdır. Media Reyestrinin aparılması media subyektlərinin və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin edəcək. Reyestrə düşmüş media orqanı və jurnalist artıq hüquqlarının qorunması üçün mühüm istinad nöqtəsinə malik olacaq. Media cameəsini maraqlandıran əsas məsələlərdən biri güzəşt və imtiyazlardır. Uzun illərdir, mətbuat işçilərinə müxtəlif sahələr üzrə güzəşt və imtiyazların verilməsinin mümkünlüyü ətrafında təkliflər səslənir, müzakirələr aparılır. Lakin bu məsələdə ən ciddi problem kimin həqiqi jurnalist sayılması idi. Media Reyestri bu mübahisələrə də son qoymuş olacaq. Məhz Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər. Reyestrin aparılmasının keyfiyyətli xəbər istehsalının təmin edilməsi, ən əsas məsələlərdən olan müəlliflik hüquqlarının qorunması baxımından da vacib amildir. Eyni zamanda Media Reyestri jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini də təmin edəcək. Bütün sadalanan və sadalanmayan məqamları nəzərə aldıqda belə qənaətə gəlmək olur ki, Media Reyestri Azərbaycan mətbuatının inkişafı üçün yeni bir mərhələnin əsasını təşkil edəcək.

  Jurnalistlərin Həmkarlar İttfaqının sədri, media eksperti Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında bildirib ki, "Media Reyestrinin aparılması Qaydaları” haqqında Prezidentin Fərmanı Azərbaycan mediasının saflaşdırılması, sağlamlaşdırılması və peşəkarlaşdırılması yönündə verilmiş çox mühüm bir qərardır. M.Ələsgərli qeyd edib ki, şəxsən o, Media Reyestrinin yaradılması təşəbbüsünü ilk gündən, yəni onun “Media haqqında" qanunun layihəsində nəzərdə tutulduğu gündən dəstəkləyib: 

"Media Reyestrinin aparılması qaydalarında nəzərdə tutulan maddələr, əslində KİV və peşəkar jurnalist anlayışı üçün mövcud olan meyarlardırlar. Reyestrin formalaşdırılması, orada nəzərdə tutulan prinsiplərin tətbiq edilməsi ölkədə peşəkar media subyektləri və peşəkar jurnalistlərlə həvəskar xəbər istehsalçısının sərhədlərini müəyyənləşdirəcək. Bu, həm media işçiləri, həm də cəmiyyət üçün çox faydalıdır. Reyestrə düşməyin mühüm şərtlərindən biri etik davranış qaydalarına əməl etməkdir. Qaydaların 6.6.11-ci maddəsində bu ifadə çox açıq şəkildə təsvir edilib. Etik kodeksə əməl etmək doğru, düzgün, qərəzsiz informasiya istehsal etmək deməkdir ki, bu da cəmiyyətimiz üçün çox faydalıdır.

  Bu qaydaların qüvvəyə minməsi ilə həm də ölkədə ilk dəfə olaraq, sərbəst çalışan jurnalistlərin hüquqları tanınmış olur. Onlar adı reyestrdə olan KİV subyektlərinin biri ilə mülki müqavilə bağlamaqla, jurnalist vəsiqəsi ala və hüquqlarını reallaşdıra biləcəklər". 
  Ekspert vurğulayıb ki, Reyestrin tətbiq edilməsi həm də ölkədəki peşəkar KİV subyektləri və peşəkar jurnalistlərin kəmiyyətini müəyyənləşdirməyə, statistik məlumat bazası yaratmağa yardım edəcək: 

"Bu statistikanın əldə edilməsi dövlətə də imkan verəcək ki, medianın inkişafı üçün effektiv proqramlar hazırlasın və icra etsin. Qaydalarda diqqətçəkən daha bir mühüm bənd ora daxil olmağın könüllülük prinsipi əsasında qurulmasıdır. Əgər hansısa KİV subyekti reystrə daxil olmaq istəməsə, öz fəaliyyətlərini köhnə qaydada davam etdirə biləcəklər. Bir sözlə, qaydalar çox mükəmməl hazırlanıb və media ictimaiyyəti üçün yalnız faydalılıq gətirir".