Güc birlikdədir: "...Qardaş Türkiyə ilə ortaq hərəkət edirlər"

Azərbaycan diaspora qurumları erməni lobbisinə qarşı mübarizədə qardaş Türkiyə ilə ortaq hərəkət edirlər

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

  Diasporla İş üzrə Dövlət Komitəsi 2022-ci ilin yekunlarına və 2023-cü ilin fəaliyyət planına həsr olunmuş geniştərkibli kollegiya iclası keçirib. İclasda ötən dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs olunub. Kollegiyanı açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 2022-ci ilin Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində və Azərbaycan diaspor hərəkatının tarixində əhəmiyyətli yer tutduğunu bildirib. O, komitənin və diaspor təşkilatlarının fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. F.Muradov qeyd edib ki, ötən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayı və Diaspor Gənclərinin III Yay Düşərgəsi kimi mühüm tədbirlər keçirilib, Komitənin 20 illik yubileyi Hadrutda əsgər və zabitlərimizlə birlikdə qeyd olunub. İl ərzində Dövlət Komitəsi Azərbaycan haqqında dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılması, maddi-mənəvi irsin kütləvi təbliği, lobbiçiliyin təkamülü, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, ictimai-siyasi həyatda aktivliyinin təmin olunması, tarixi vətənlə əlaqələrinin genişləndirilməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirib. Habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində fəaliyyət davam etdirilib. Soydaşlarımızın birliyi və azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməsi üçün mühüm işlər görülüb. Vurğulanıb ki, hesabat dövründə Azərbaycan diasporu xüsusi aktiv olub, nümunəvi yekdillik və mütəşəkkillik göstərib. Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi separatçılıq, ekstremizm, özününküləşdirmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində önəmli tədbirlər görülüb. Ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqların tapılması ilə əlaqədar xarici ölkələrdə Azərbaycan diaspor təşkilatları tərəfindən dünyanın 40 ölkəsində Ermənistan səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında aksiyalar keçirilib. Ermənistanın 12-14 sentyabr təxribatı ilə əlaqədar Azərbaycan diaspor təşkilatları Avropanın aparıcı paytaxtlarında və şəhərlərində aksiyalar keçirərək, Ermənistan rəhbərliyinə etirazlarını bildiriblər. Ümumilikdə diaspor fəalları yaşadıqları ölkələrin ictimai-siyasi dairələrinə və dövlət-hökumət nümayəndələrinə təxribat barədə 70, diaspor təşkilatları isə 143 müraciət və bəyanat ünvanlayıblar. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq diaspor fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Koordinasiya şuralarının və Azərbaycan evlərinin, eləcə də həftəsonu Qarabağ və Bazar günü məktəblərinin sayının 2023-cü ildə də artırılmasının nəzərdə tutulduğunu vurğulayıb. Daha sonra Komitənin şöbə müdirlərinin hesabatı dinlənilib. Kollegiya iclası Prezidentin sərəncamı ilə təltif olunmuş komitə əməkdaşlarına orden və medalların təqdim olunması ilə yekunlaşıb. Qeyd edək ki, Prezident İlham Əliyevin 4 iyul 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Komitə sədri Fuad Muradov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 8 əməkdaş “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Prezidentin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin 3 əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 
Ümumiyyətlə, qeyd olunmalıdır ki, diaspor siyasəti dövlətin əsas güclərindən biridir. Diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin siyasi həyatında aktivliyi həm təşkilatlanma səviyyəsi, həm də cəmiyyətlərin siyasi, iqtisadi inkişafı ilə bağlıdır. Dünyada təmsil olunmaq, ölkəni layiqincə təmsil etmək əsas vəzifədir. Azərbaycan diasporu son illər təşkilatlanaraq, xarici ölkələrdə öz mövqelərini möhkəmləndirməkdədir. Ancaq bu proses heç vaxt dayanmamalıdır. Yeni çağırışlara, dünyada baş verən proseslərə uyğunlaşmalıdır. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan diasporunun bütün nümayəndələri "dəmir yumruq" kimi birləşməyi bacardı. Xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində atılan praktik addımların nəticəsini müharibə zamanı gördük. 44 günlük müharibədən sonra Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ başladı. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişdi, yeni reallıqlara uyğunlaşdı. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. 

  Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, tanınmış jurnalist Fuad Hüseynzadə "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, eləcə də erməni diasporunun və onları dəstəkləyən qüvvələrin ölkəmizə qarşı apardığı çirkin siyasətin qarşısının alınmasında xaricdə yaşayan azərbaycanlıların müstəsna xidməti var. 

Xüsusən 44 günlük müharibədən sonra həmvətənlərimiz yaşadıqları müxtəlif ölkələrdə yüksək səviyyədə təşkilatlanmanın önəmini daha yaxşı dərk edirlər. Ekspertin sözlərinə görə, Azərbaycan diaspora təşkilatlarının tərkib hissəsinə çevrilən həmvətənlərimiz xalqımıza, qardaş Türkiyəyə qarşı düşmənçilik və əsassız torpaq iddialarının, yalanla yoğrulmuş erməni ideologiyasının ifşa olunmasında ardıcıl və sistemli mübarizə aparırlar. Azərbaycan diaspora qurumları erməni lobbisinə qarşı mübarizədə qardaş Türkiyə ilə ortaq hərəkət edirlər: "2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Bəyannamənin əhatə etdiyi mühüm sahələrdən biri də birgə diaspora fəaliyyəti ilə bağlıdır. Hesab edirik ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diaspor təşkilatları vahid siyasət ətrafında fəaliyyət göstərməlidir. Əgər fəaliyyət geniş olarsa, uğurlar da kifayət qədər böyük olar. Dünya erməniləri Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini həzm edə bilmirlər. Eyni zamanda qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi erməni lobbisini kəskin şəkildə aqressivləşdirib. Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dəki erməni lobbisi anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətini planlı şəkildə davam edirlər". 

  F.Hüseynzadə vurğulayıb ki, informasiya müharibəsi sonsuzdur. İldən-ilə bu müharibədə yeni-yeni trendlər meydana çıxır:

 "Biz bu trendlərin önündə olmalıyıq. Erməni və ermənipərəst qüvvələr davamlı olaraq beynəlxalq sosial şəbəkə və media platformalarında Azərbaycan haqqında neqativ yazılarla çıxış edir, ölkəmizə qarşı çirkin kampaniya aparırlar. Xüsusən Vətən müharibəsindən sonra onlar ağlagəlməz şəkildə kəskin anti-Azərbaycan və anti-Türkiyə prioritetləri ilə çıxış edirlər. Erməni lobbi maşını artıq Azərbaycan və Türkiyəyə deyil, türk dünyasına qarşı mübarizəyə qalxıb. Onların hədəfi bir millət və iki dövlətin diasporunun xaricdə nüfuzunu gözdən salmaq, ümumiyyətlə, türk xalqlarının birliyini zədələməkdir”. 

  Fuad Hüseynzadənin fikrincə, bütün bunlara qarşı ənənəvi diaspor fəaliyyətləri, xüsusən tədbirçilik artıq istənilən nəticə vermir: “Biz, ümumiyyətlə, başqalarına cavab vermək və addımları ilə ayaqlaşmağa köklənmiş fəaliyyətlərdən qaçmalıyıq. Uğur qazanmaq, real nəticə əldə etmək üçün yenilikçiliyə ehtiyacımız var. Azərbaycan həqiqətlərinin təbliğində yeni forma və metodların tətbiqi diaspor quruculuğu işini də keyfiyyətcə təkmilləşdirir. Fikrimizcə, xalqımızın tarixi, xüsusən Qarabağ həqiqətləri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün yeni mexanizmlərdən, dünyanın qəbul edəcəyi, ictimai həyata təsir edəcək taktikalardan istifadə etməliyik. Bunun üçün dünya azərbaycanlıları, eləcə də xaricdəki gənclər arasında iki və çoxtərəfli əməkdaşlıq qurulmalı, təcrübə mübadiləsi aparılmalı, azərbaycanlıların intellektual potensialı ümummilli mənafelər naminə səfərbər edilməlidir”.