Media reyestri qanunla tənzimlənir


Etirazçıların çıxışları xaricdən qrant layihələrinin alınmasına hesablanıb

  
  2021-ci il dekabrın 30-da “Media haqqında” yeni qanun qüvvəyə minib. Qanunun müvafiq tələblərinə uyğun olaraq, ötən ilin oktyabrından etibarən media subyektlərinin və jurnalistlərin 6 ay müddətində reyestrdən keçməsi tələb olunur. 6 ay ərzində reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməyən media subyektlərinin işinin qanuniliyinə məhkəmədə baxılacaq. Məsələnin gündəmə gəlməsindən sonra ölkəmizdə fəaliyyət göstərən bütün ciddi mətbu orqanlar bu istiqamətdə aktiv çalışmalara başlayıblar. Qanunauyğun formada, jurnalistikanın prinsiplərinə uyğun xəbər siyasəti aparan bütün ciddi media subyektləri reyestrin olmasını müsbət hesab edirlər. 

Lakin son günlərdə vəziyyətdən narahat olanlar əl-ayağa düşüblər. Görünür, media reyestri üçün ayrılan vaxtın daralması onların daha aktiv formada əks-təbliğata, qara piar kampaniyasına başlamasına səbəb olub. Əvvəlcədən qeyd olunub ki, jurnalistlərin reyestrə düşməsi könüllü, media subyektinin reyestrdən keçməsi isə məcburidir. Ona görə də öz peşəsinə məsuliyyətlə yanaşan, qanunlara və işinə hörmət edən bütün media qurumları və çalışanları reyestrdən keçmək üçün müvafiq tələbləri yerinə yetirməyə çalışırlar. Digər qism isə çıxış yolunu kor-koranə şəkildə “icazəli media istəmirik” kampaniyasına qoşulmaqda görməyə başlayıb. 

  Media eksperti Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında bildirib ki, Media Reyestrinin ləğv olunmasını tələb edən  qondarma “hüquqşünasların”, “media ekspertlərinin” ötən dövrlərdəki fəaliyyətlərini təhlil etsək görərik ki, onlar bu cür mövzular üzərində həmişə manipulyasiya ediblər. Qarşılığında maddi qazanc götürüblər. Ekspertə görə, onların bütün çıxışları xaricdən qrant layihələrinin alınmasına hesablanıb: 

"Məsələ ondadır ki, Azərbaycanda mübahisəli hüquqi mövzuların Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müstəvisinə çıxarılması  üçün xüsusi layihə icra olunur. Layihə siyasi məqsədlidir. Məhkəməyə göndərilən işlərin kəmiyyətcə çoxalması nəticə etibarilə həm də ölkəmizə qarşı siyasi təzyiqlər üçün əsas yaradır. Məsələn, Avropa təsisatlarında məskunlaşmış “erməni lobbi qrupları” indi bir tezis üzərində xüsusi dayanırlar. Deyirlər ki, “Azərbaycan qeyri-demokratik ölkə olduğu üçün Qarabağ erməniləri bu dövlətin tərkibində yaşaya bilməzlər”. Ruben Vardanyan da xarici KİV-ə verdiyi bütün müsahibələrində bu tezisi təkrarlayır. Həmin tezisi əsaslandırmaq üçün istinad edilən mənbələrdən biri də AİHM-ə Azərbaycandan göndərilən işlərin “kəmiyyətcə çoxalmasıdır”. Azərbaycandan məhkəməyə göndərilən, insan haqları pozuntusunu ehtiva edən məsələlər kəmiyyətcə çoxalırsa, bu, “erməni şəbəkəsinə” Azərbaycanı tənqid etmək üçün əsas yaradır. Bu səbəbdən  də onlar Azərbaycanda mübahisəli hüquqi məsələlərin AİHM müstəvisinə çıxarılmasını ehtiva edən layihələrin ayrılması  üçün lobbiçilik edirlər. Layihə icraçılarından olan “hüquqşünasların” və “media ekspertlərinin” açıqlamalarından görünür ki, Media Reyestri ilə bağlı məsələni də beynəlxalq məhkəmə müstəvisinə çıxarmağa hazırlaşırlar. Problem həm də ondadır ki, bu qrupda təmsil olunanlar AİHM-ə göndərilən iddiaların kəmiyyətini süni şəkildə çoxaldırlar. Məsələn, Media Reyestrində qeydə düşə bilməyən KİV subyektlərinə, jurnalistlərə müraciət ediblər. Onları yerli məhkəmələrə müraciət etməyə həvəsləndiriblər. Xərclərini də qrant layihəsi çərçivəsində ödəyirlər. Yerli məhkəmələrdə hüquqları tanınmayacaqsa, işi beynəlxalq məhkəmə müstəvisinə çıxaracaqlar. Onlar əmindirlər ki, yerli məhkəmələr bu KİV-ə bəraət qazandırmayacaqlar. Yaxşı bilirlər ki, Media Reyestrinə düşə bilməyən KİV-in sənədlərində problemlər mövcuddur. Əgər problem olmasaydı, Reyestr Xidməti onları qeydə alardı". 

  M.Ələsgərli vurğulayıb ki, "hüquqşünaslar” və  “media ekspertləri” bu nüansdan sui-istifadə edirlər:

 "Onlar Reyestrdə qeydə alınmamış KİV-ə öz sənədlərini qaydaya salmaq üçün gerçək dəstək vermirlər. Əksinə, belə KİV-ə dəstək verirlər ki, məhkəmələrə məhz öz qüsurlu sənədləri ilə getsinlər. Orada uduzsunlar. Təbii ki, məhkəmələr bu saytların sənədlərindəki qüsurları görüb onları haqsız sayacaq. Beləliklə, şərait yaranacaq ki, “hüquqşünaslar” işi AİHM müstəvisinə çıxarsınlar. Bu proses “hüquqşünaslar” və  “media ekspertləri” üçün sadəcə yem mənbəyidir. Nə qədər çox işi hazırlayıb məhkəmə müstəvisinə çıxarırlarsa, bir o qədər çox qrant layihəsi, qonorar alacaqlar. Siyasi tərəflərini, milli maraqlar üçün yaratdığı fəsadları isə düşünmürlər. Qeyd etmək zəruridir ki, Azərbaycan məhkəmələrində süni şəkildə uduzdurulmuş işlərin AİHM müstəvisinə çıxarılması üçün layihələr məqsədli şəkildə artırılır. Qarabağ danışıqlarının intensivləşdiyi, dünyanın diqqət mərkəzində olduğu bir zamanda belə süni problemlərin yaradılması erməni lobbi qruplarının işinə yarayır”.