Yurda qayıdış: Tatev kilsəsi Zəngəzur hakimləri tərəfindən inşa olunub

Alim qədim alban kilsələrinin ermənilərə məxsus olmadığını tarixi hadisələrlə sübut edir

  Qərbi Azərbaycan ərazisi son qarışına qədər qədim Azərbaycan-türk torpaqlarıdır. Bu barədə yüzlərlə təkzibolunmaz tarixi mənbələr var. Bu ərazilərə ermənilərin gəlişi Üçkilsə (indiki Eçmiədzin-red) ərazisinin üçdə birinin və bir neçə ətraf kəndlərin ərazisinin Qriqor adlı bir İran ermənisi tərəfindən 540 min Təbriz gümüş dinarına satın alınmasından başlayıb. Qərbi Azərbaycan ərazisinə ermənilərin kütləvi axını tarixdən bildiyimiz kimi, XIX əsrin əvvəllərinə, 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən sonraya təsadüf edir. Ermənilər bu ərazilərə köçürüləndən sonra yerli türk-müsəlman əhalinin qovulub çıxarılması ilə yanaşı, buradakı türk toponimlərini və tarixi abidələrimizi də erməniləşdirməyə başlayıblar. Bu ərazilər tarixən Qıpçaq və Oğuz türklərinin ana vətəni olduğundan buradakı abidələr də türk tayfalarına aid olub. Ermənilər Zəngəzurdakı qıpçaq və Alban dövrünə aid məbədlərin, qədim kilsələrin böyük bir hissəsini bərpa etmək adı ilə qriqorianlaşdırıb, erməniləşdirib, erməniləşdirə bilmədiklərini isə yer üzündən siliblər. Tarixi abidələrimizə qarşı həmin vandallıq Qərbi Azərbaycanın bütün bölgələrində - Göyçə, Dərələyəz, Zəngəzur və digər tarixi mahallarımızda həyata keçirilib. Bu faktlar bir daha sübut edir ki, ermənilərin Cənubi Qafqaza heç bir aidiyyəti yoxdur. Onların bu ərazilərə köçürülməsi tarixi səhv olub. 
  Qərbi Azərbaycanda Ağtala məbədi, Ərcivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti, mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olub. Sonralar əhalisinin bir hissəsi islam dinini qəbul etsə də bu amil, alban-xristian ideologiyasının və onların milli-mədəni dəyərlərinin ləğv edilərək sıradan çıxmasına səbəb olmayıb. Əksinə, islamçılıq Azərbaycanda alban tarix və mədəniyyət abidələrinin, eləcə də tayfa ənənələrinin qorunub saxlanması və mühafizə edilməsi üçün hər bir müsəlmanın üzərinə ciddi məsuliyyət və öhdəlik qoyub. Azərbaycanlıların əcdadlarından biri olan albanlar, eyni bir ərazidə formalaşmış və özlərinə məxsus zəngin və təkrarolunmaz mədəniyyət qurublar. Məhz bu baxımdan Azərbaycan tarixinin və mədəniyyətinin tədqiq edilməsində, öyrənilməsində yerli alban mənbələrinin əhəmiyyəti xüsusilə vacibdir. Qərbi Azərbaycan və Qarabağ ərazilərindəki xristian məbədlərində xaç relyefləri, əsasən Kuman-Qıpçaq xaç daşları kimi bir çox hallarda atlı döyüşçü və elat geyimləri ilə, iri ölçüdə təsvir olunub. Linqvistik araşdırmalar da qədim Kuman-Qıpçaq dilinin digər müasir türk dillərinə nisbətən Azərbaycan türkcəsinə daha yaxın olduğunu ortaya qoyur. Qıpçaqların qriqoriyanlaşdırılması XVI-XVII əsrlərdə başlayıb. Tarixçi Cəbi Bəhramov da "Qərbi Azərbaycan bölgəsinin Qafan rayonu haqqında" məqaləsində Qərbi Azərbaycanın Alban məbədlərindən bəhs edib. Bildirib ki, Qərbi Azərbaycan torpaqlarında, o cümlədən Qafan ərazisində kilsə və məscidləri müqayisə edəsi olsaq, məscidlərin sayı daha çox idi. Çünki əhali islam dininə sitayiş edirdi. Yəni əhalinin əksəriyyəti azərbaycanlı idi: "Orada alban dövrünə aid olan kilsələr var idi. Memarlıq üslubu etibarilə ermənilərə heç bir aidiyyəti yoxdur. Köçürülən ermənilər həmin kilsələrə sahib çıxaraq, bir növ, özününküləşdirmişdilər. Bu yöndə SSRİ-nin himayədarlığı da var idi. Məsələn, Mehri rayonu ərazisində 10-12-yə qədər kilsə var idi ki, onların içində XIX əsrin ikinci yarısında köçürülən ermənilər üçün tikilən və yarımçıq qalan kilsələr az idi. Qalanları hamısı alban kilsələri idi və onlara heç ermənilər ibadətə getmirdilər. Yəni bu özü də o deməkdir ki, o kilsələr onların deyildi". 




 
  AMEA Tarix İnstitutunun böyük elmi işçisi, albanşünas alim Ramin Əlizadə "Şərq"ə açıqlamasında qədim Azərbaycan yurdu olan Zəngəzurda Alban dövrünə aid kilsələr və məzarlıqların olduğunu söyləyib. Tarixçi-alim vurğulayıb ki, Gorusda və onun yaxınlığında, eyni zamanda vaxtı ilə Qubadlının Gorusla həmsərhəd kəndləri olan Şahverdilər, Davudlu, Eyvazlı bölgəsində qədim türk məzarları, alban tayfalarına aid olan qəbirüstü abidələr olub: 

"Məzar daşlarının hamısı ermənilər tərəfindən dağıdıldı, həmin daşlardan evlərin tikintisində istifadə olundu. Alban kilsələrini isə uydurma yazılarla, müdaxilələrlə "erməni kilsəsi"nə çevirməyə çalışdılar. Halbuki XIX əsrin ikinci yarısında çar Rusiyasının həmin bölgələrlə bağlı təsvirlərində, hesabatlarında alban kilsələrinin üzərində heç bir erməni yazıları qeyd olunmayıb. Alban kilsələri üzərindəki erməni dilində olan yazılar azərbaycanlılar Qərbi Azərbaycandan 1948-53-cü və 1988-1991-ci illərdə iki dəfə deportasiyaya məruz qaldıqdan sonra meydana çıxıb. Həmin dövrdən etibarən Zəngəzur kilsələrinin də Qərbi Azərbaycanın digər bölgələrində olan kilsələrimiz kimi faciəli dövrü başlayıb. Kilsələrin üzərində saxta erməni kitabələri quraşdıraraq hər cür cəhdlə "erməni kilsəsi" olduğunu sübuta yetirməyə çalışdılar. Bununla yanaşı, ermənilər Zəngəzurda yer adlarını dəyişdirdilər, "erməni" adları ilə əvəz etdilər. 
  R.Əlizadə Zəngəzurdakı qədim alban kilsələrinin ermənilərə məxsus olmadığını tarixi olaylarla da sübut edib: "Zəngəzurdakı ən böyük Alban kilsəsi Tatev kilsəsi sayılır. Bu kilsə Zəngəzur hakimləri tərəfindən inşa olunub. Erməni daşnak qruplaşmaları 1918-1920-ci illərdə Tatev kilsəsində cəmləşmişdilər. O zaman erməni daşnak-quldur dəstələrinin başçısı Andronik Ozanyan Tatev kilsəsinin zəngini yerindən çıxartdıraraq fransızlara satıb. Kilsə zəngindən top, tüfəng hazırlayaraq həmin silahlarla Zəngəzurun türk əhalisini soyqırıma məruz qoyublar. Kilsə zəngləri ağır metallardan, mis və ya tuncdan olurdu. Bu faktın özü göstərir ki, alban kilsələri ermənilərin deyil və onlar üçün tarix də deyil. Həmin kilsələrin həqiqi tarixi birbaşa Azərbaycanın qədim Alban tarixi, Zəngəzurun qədim türk boyları və qıpçaqlarla bağlıdır. Qərbi Azərbaycan qədim yaşayış məskənlərimizdəndir". 
  Tarixçi-alim vurğulayıb ki, "Albaniya tarixi" əsərinin müəllifi, 7 əsrdə yaşamış Moisey Kalankatlının əsərində önəmli məlumatlar var: "O, öz əsərində məlumat verib ki, Zəngəzurun hakimi o vaxt bölgədə güclü dövlətlərdən biri olan Sasani hökmdarına müraciət edir ki, "bizi ermənilərlə bir cərgəyə qoyma, biz erməni deyilik, buranın yerli əhalisiyik". Dövrün mənbələrində Zəngəzur əhalisinin ermənilərlə düşmən olmasını, Qərbi Azərbaycanda ermənilərin yaşamadığını sübut edən tutarlı mənbələr var. Bu mənbələr imkan verir ki, biz Zəngəzur əhalisinin hələ 6-cı əsrdə yerli mədəniyyətə malik olan, öz kilsələrini inşa edən bir xalq olduğunu əsaslandıraq. Zəngəzurda Azərbaycan türkləri ilə bağlı qədim yaşayış məskənləri ilə yanaşı ziyarətgahlar, pirlər, müqəddəs məkanlar da mövcud idi. Müqəddəs məkanlarının böyük hissəsi həmin alban kilsələri idi. Məsələn, Zəngəzurun Qarakilsə rayonunda Comardlı və Ərəfsə kəndləri yaxınlığında yerləşən "Qızılkilsə" adlanan qədim Alban kilsəsi olub. Azərbaycan əhalisi zorla öz yurdlarından deportasiya olunanadək daim o kilsəni ziyarət ediblər, öz nəzir-niyazlarını veriblər. Kilsə ermənilər tərəfindən ziyarət olunan yer olmayıb. Ermənilər üçün maraqlı olsaydı, kilsənin xarabalıqlarından narahat olar və oranı bərpa edərdirlər. Alban kilsələrinin çoxu qədim və orta əsrlərdə gedən müharibələr səbəbindən dağılmışdı. Onların xarabalıqlarını isə yalnız Azərbaycan xalqı ziyarət edirdi. Ermənilər müasir dövrə qədər ayaqda qalmış kilsələri saxta üsullarla "erməniləşdirməklə" məşğul olublar. Alban kilsələrini uydurma əfsanələrlə "erməni abidələri" kimi təqdim etməyə çalışıblar".