Jurnalistlər səfərbər oldu, nəticə var: Şəfiqə öz sağlamlığına, körpəsinə qovuşacaq

Gənc jurnalist Şəfiqə Nazimqızı ağır xəstəlikdən əziyyət çəkir. Bu barədə o özü sosial şəbəkə hesabında paylaşım edib. Ötən gündən bəri sözügedən status xeyli sayda insan tərəfindən paylaşılıb. Təcili köməyə ehtiyacı olduğunu bildirən jurnalist 14 gün vaxtı qaldığını da qeyd edib: 

“Həyatımın ən gözəl çağında, 5 illik həsrətdən sonra dünyaya gələcək övladımı qucağıma alacağım günlərin tam sonunda kəskin leykoz xəstəsi olduğum aşkarlanıb. Yüksək həyati risklə övladım doğulub, onu xəstəxanada ailə üzvlərimizə tapşırıb yoldaşımla Türkiyəyə müalicəyə getmişəm. Tamsağalmağım üçün ilik nəqli lazımdı. Xoşbəxtlikdən qardaşım donor kimi uyğun gəlib və oktyabrın 4-10 arasında transplantasiya həyata keçirilməlidir. Onun üçün maddi imkanımız yoxdur və təxminən 50 min dollardan çox pul lazımdır. Qızımı özüm böyütmək istəyirəm”.

Şəfiqənin paylaşımından sonra jurnalistlər onun həyatını xilas etmək üçün yardım aksiyasına start verib. Bir neçə gün ərzində Şəfiqə Nazimqızının əməliyyatı üçün lazım olan 85 min manatın 76 mini toplanıb. Lakin Şəfiqənin ilik nəqli üçün cəmi 1 həftə vaxtı var.  Ona görə də jurnalistlər kampaniya ilə bağlı paylaşımların daha geniş kütləyə çatması, yerdə qalan məbləğin toplanmasına can atır. Biz də “Sherg.az” saytı olaraq həmkarımızın sağalması üçün oxucularımızdan dəstək istəyirik. Kimin nəyə, hansı məbləğə imkanı çatırsa, o qədər yardım edə bilər. 
Edəcəyimiz kiçib bir yardımla gənc jurnalisti,  körpə övladını özü böyütmək istəyən ananı xilas edə bilərik.  İnanırıq ki,  insanlar bu çağırışımıza biganə qalmayacaqlar, bir körpənin anasız qalmasına imkan verməyəcək.

Şəfiqə nazimqızına yardım etmək istəyən oxucularımız  üçün bank hesablarını qeyd edirik:


ABB Kart hesabı: 4127 2141 2198 9898 ABB, 
LEO Kart hesabı: 4098 5844 9726 5767


Qeyd edək ki, Ş. Nazimqızının sağalması üçün təşkil edilən yardım kampaniyasının aktiv iştirakçılarından biri də Kulis.az saytının baş redaktoru Ulucay Akifdir. O “Sherg.az”a açıqlamasında Şəfiqə ilə təkcə  həmkar yox, həm də tələbə yoldaşı olduğunu xatırladıb:  

“Biz Şəfiqə ilə paralel qruplarda oxumuşuq. Çox yaxşı insan və peşəkar jurnalistdir. Onun xəstəliyini eşidəndə çox pis  oldum və dəstək olmaq üçün əlimdən gələni elədim. Bacardığım qədər bu məsələni ictimailəşdirib onun müalicəsi üçün lazım olan məbləğin yığılmasına çalışdım. Çox sağ olsun, həmkarlar, dostluğumdakı insanlar. Yardım kampaniyasına kifayət qədər müsbət reaksiya verdilər, xeyli yardım yığıldı.  Həm Şəfiqənin adına, həm də yardım kampaniyasına dəstək olan insanların yerinə çox sevindim. Çünki ehtiyacı olan birinə dəstək olmaq,  yardım etmək də asan məsələ deyil, mox böyük ərdəmdir. Qısa müddətdə lazım olan  məbləğin böyük hissəsi yığılıb. İnanıram ki yerdə qalan məbləğ də qısa müddətdə toplanacaq və  Şəfiqə öz sağlamlığına, körpəsinə qovuşacaq.

 Jurnalistlərin Şəfiqə üçün, onun əməliyyatı üçün səfərbər olması çox yaxşı haldır. Lakin  hesab edirəm ki, təkcə jurnalistlər yox, bütün insanlarımız  bir- birinə həmrəy olmalı, pis- yaxşı günündə ətrafındakı insanlara dəstək olmağı bacarmalıdır. Düzdür, bizim  millətimiz xeyirxah yardımsevərdir. Xüsusən də  bu cür yardım kampaniyaları zamanı  həm maddi, həm mənəvi dəstək nümayiş etdirirlər”. 

Sosioloq - Jurnalist Lalə Mehralı da bizimlə söhbətində  gənc həmkarımıza Allahdan şəfa diləyib: 

“Şəfiqənin tez bir zamanda  sağalıb balasını böyüdəcəyinə inanıram. Əlimizdən gəldiyi qədər də yardım kampaniyasına dəstək vermişik. Əslində biz Şəfiqənin timsalında “dama- dama göl olur” deyiminin təsdiqini gördük. Hər nə qədər jurnalistlər arasında həmrəylik az olsa da, Şəfiqənin sağalması üçün əllərindən gələni etdilər. Çox təəssüflər olsun ki, bir çox məsələlərdə media nümayəndələri arasında həmrəylik görmürük. Əksinə birimizin dediyini o biri inkar edir, yıxılan olanda ilk baltanı da elə özümüzünkülər vurur.  Amma Şəfiqənin xəstəliyi bizə sanki həmkar olmağın, həmrəy olmağın heç də  mümkünsüz olmadığını, istəyəndə bir yumruq kimi birləşib gözümüzdə böyütdüyümüz məbləğin belə toplanmasına nail ola bilirik.   Çox az bir məbləğ qalıb, inanıram ki, həmkarlarımızın dəstəyi ilə qısa zamanda, bəlkə də elə bu gün həmin məbləğ toplanacaq və Şəfiqə tezliklə sağalacaq. Özünün də arzu etdiyi  kimi  körpə balasını  böyüdəcək.  Kaş heç Şəfiqənin başına belə bir hadisə gəlməzdi, amma bu hadisə  biz jurnalistlərə  dərs olsun. Axı biz niyə bir- birimizin dərdinə şərik olmaq  əvəzinə o yaranı qaşıyıq duz tökürük!? Damdan düşənin halını yalnız damdan düşən anlar- deyiblər. Minimum maaşa işləyən, heç yerdən əlavə gəliri olmayan  jurnalistlərik biz. Bizim halımızı da ancaq biz anlarıq. Onkoloji xəstəliklərin müalicəsini İcbari tibbi sığorta qarşılamır deyə bu xəstəliyə düçar olan əksərhəmkarımız ya ölür, ya da ancaq bu cür fərdi kampaniyaların hesabına sağlamlığına qovuşa bilir.  Ən azı bundan sonra  sözü bir yerə qoyub onkoloji  xəstəliklərlə bağlı tibbi  sığortada dəstək istəməliyik.  Çox təəssüf ki hamı üçün bu qədər məbləği yığmaq asan olmur.  Hamının ətrafında Şəfiqəni sevənlər kimi yaxşı insanlar çox  olmur.  Bu hadisədən sonra mütləq şəkildə onkoloji xəstəliklərlə bağlı dövlət dəstəyi tələb olunmalıdır”.