Həyəcan təbili: Qızılağac qoruğunda quşlar güllələnir

Ekologiya və ətraf mühitin mühafizəsi

Millət vəkilinin qaldırdığı məsələ ciddi narahatlıq doğurur

  Təbiət qoruqları, milli parklar Azərbaycan dövlətinin və xalqının milli sərvətidir və hər bir kəs onların qorunmasına, nəsildən nəslə ötürülməsinə cavabdehlik daşımalıdır. Qoruqlar da meşəliklər, yaşıllıqlar, bitki və heyvanat aləmi kimi təbii sərvətlərdir və ekologiyamızın sağlamlaşmasına, ekoloji saflığın qorunmasına xidmət edir. Təəssüf ki, bəzən məsuliyyətsiz insanların səhlənkar münasibəti, təbiəti qorumaq, mühafizə etmək əvəzinə, ondan sui-istifadə hallarına çalışması müşahidə edilir. Milli Məclisin ötən toplantısında millət vəkili Sabir Rüstəmxanlı yurdumuzun dilbər guşələrindən biri – Qızılağac qoruğunun hazırkı durumu barədə həyəcan təbili çalıb. Millət vəkili qeyd edib ki, bəzi ölkələrdən Azərbaycana gəlib burada nadir heyvanların ovlanması ilə məşğul olanların sayı artıb: “Bununla bağlı şikayətlər var. Bu məsələdə ciddi qayda yaratmaq lazımdır. Bir dəfə ov mövsümündə Qızılağac qoruğuna getmişdim. Elə bildim orada müharibə gedir. Səhərdən-axşama atışma idi. Ora quş gələr?!. Çox az quş qalıb”. S.Rüstəmxanlı bildirib ki, Azərbaycan təbiəti heyvan və quşlarla say baxımından o qədər də zəngin deyil. Bunu nəzərə alaraq nadir heyvanların kökünün kəsilməsinə yol vermək olmaz. Xaricdən gələnlərin Azərbaycanda ov etməsinə qadağa qoyulmalıdır.
  Qeyd edək ki, barəsində millət vəkilinin həyəcan təbili çaldığı Qızılağac dövlət təbiət qoruğu 1929-cu ildə Xəzər dənizi sahilinin cənub-qərbində 88.4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılıb. Ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir. Sahəsinə görə Azərbaycanda ən böyük qoruq hesab olunur. 1929-cu ildə Qızılağac körfəzi və onun ətrafındakı ərazilər Qızılağac Dövlət Təbiət qoruğu elan olunub. Qoruğun ilkin sahəsi 180 min-ha olub. Qoruq 1976-cı ildə (SSRİ dövründə) YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilib. Böyük Qızılağac və Kiçik Qızılağac körfəzləri və onların sahil zolaqlarını əhatə edir. Təqribən 50 faizi su akvatoriyasıdır. Su quşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin Konvensiyaya qoşulub və qoruq 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilib. Qoruq Kür–Araz və Lənkəran ovalıqlarında yerləşir. Qoruğun şimal hissəsində mülayim və mülayim isti iqlim, cənub hissəsində isə mülayim quru və yay iqlimi müşahidə olunur. Qoruğun quruluq sahəsində bozyer–çəmən və çəmən bataqlıq torpaqları mövcuddur. Qoruğun yerüstü florası nisbətən kasaddır. Belə ki, körfəzlərin sahilləri, duzlu - şoran torpaqları, bataqlıqların hündür yerləri qamış və kollarla örtülüb. Belə kolluq və qamışlıqlarda ov quşlarının gizlənməsi üçün münasib şərait yaranır. Qızılağac Dövlət Təbiət Qoruğu nəzdində 2018-ci ildə Qızılağac Milli Parkı yaradılıb. Qızılağac Milli Parkının ümumi sahəsi 99060 ha –dır. 2022- ci ildə aparılmış müşahidələrə görə, Milli Parkın quru ərazisi 27750 ha, su ərazisi isə 71310 ha-dır. Qızılağac Milli Parkı flora və faunasına görə Xəzərətrafı ən mühüm parklardan biridir. Milli park Xəzər dənizinin cənub-qərbində yerləşir. Qızılağac Milli Parkının yaradılmasının əsas məqsədi flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də elmi tədqiqatlar, turizm və istirahət üçün şəraitin yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir. Qoruğun Böyük körfəz ərazisi 40000 ha-dan artıqdır və bura balıq körpələrinin böyüyüb yetişməsində bütün cənubi Xəzər üçün mühüm rol oynayır.
  Millət vəkilinin iradlarına cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə hazırda Qızılağac Milli Parkında vəziyyətin əvvəlki illərdən qat-qat yaxşı olduğunu deyib. O, hər kəsi Qızılağac Milli Parkına səfərə dəvət edib: “Bura son 5 ildir ki, milli park kimi, bundan əvvəl isə qoruq və yasaqlıq kimi fəaliyyət göstərib. Əlbəttə, qanunsuz ov ümumiyyətlə mövcud olan faktdır. Ən sivil ölkələrdə belə bu hal yaşanır, yaşanıb və yəqin ki, yaşanacaq. Bununla da müvafiq orqanlar, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi məşğul olur”. Xidmət rəisinin sözlərinə görə, Qızılağac Milli Parkında xarici ovçuların olması faktı demək olar ki, aşkarlanmayıb: “Çünki xarici ovçuların ova gəldiyi maraq dairəsi var. Yəni onlar üçün maraqlı olan quşlar, ov heyvanları Qızılağac Milli Parkında yoxdur. Təəssüf ki, Qızılağac Milli Parkının ətrafındakı kəndlərdən uzun illər çox böyük təzyiqlər olub. Biz bu kəndlərdən olan qanunsuz ov fəaliyyətini tam bitirmişik deyə bilmərik, lakin son illər bu hal azalan dinamika ilə xeyli dəyişilib”. Xidmət rəisi bildirib ki, hazırda milli parkda vəziyyət əvvəlki illərdən qat-qat yaxşıdır: “Bu gün Qızılağac Milli Parkına gedən turistlər buranı ziyarət etdikdən sonra məmnunluqları ilə bağlı fikirlər səsləndirirlər. Son 1 ildə turistlərin heç birindən Qızılağac Milli Parkında baş verən qanunsuz ovla bağlı hansısa məlumat daxil olmayıb. Ötən gecə də Qızılağac Milli Parkında reyd keçirilib və burada qanunsuz ov faktı aşkar edilməyib”. H.Əlizadə vurğulayıb ki, son illər qlobal istiləşmə səbəbindən ölkəmizə gələn köçəri quşların sayında dəfələrlə azalma var ki, sözügedən tendensiya bütün dünyada müşahidə olunur.
  “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, millət vəkilinin qaldırdığı məsələ ciddi narahatlıq doğurur:

- Millət vəkili Sabir Rüstəmxanlının çıxışını mediadan oxudum. O bildirib ki, Qızılağac qoruğuna səfəri zamanı “orada sanki müharibənin getdiyini görüb”. Bilmirəm, “müharibə” deyəndə hörmətli millət vəkili nəyi nəzərdə tutub. Bəlkə ov prosesini müşahidə edib. İstənilən halda onun qaldırdığı məsələ ciddi narahatlıq doğurur. Sahəsinə görə Azərbaycanda ən böyük qoruq hesab olunan Qızılağac qoruğu ölkəmizin incisidir. Qoruqda ildə 300 növə yaxın quşlar məskunlaşır. 50-dən çox balıq növünə rast gəlinir. Respublikanın "Qırmızı Kitabı"na düşən quşların əksər növləri qoruqda və onun sərhəd ərazilərində müşahidə olunur. Qızılağac dövlət təbiət qoruğunda 22 dəstədən və 248 növdən ibarət su, bataqlıq və çöl quşları mühafizə olunur. Qızılağac dövlət təbiət qoruğu köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamağa köçüb gəlirlər. Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü və s. məməlilər məskunlaşıb. Qoruğun su hövzəsində 54 növ balıq var. Orada vəziyyət millət vəkilinin təsvir etdiyi kimidirsə, onda çox pis. Yaxşı olar ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalsitlərin və ekoloqların iştirakı ilə sözügedən qoruq ərazisinə tur təşkil etsin. Gedək, monitorinq aparaq, vəziyyəti yerində araşdıraq. Millət vəkilinin turistlərin Azərbaycanda ov etməsinə qadağa qoyulması ilə bağlı təklifinə gəlincə bu, yeni deyil. Buna qədər də yerli ekoloqlar, QHT, hətta millət vəkilləri bununla bağlı həyəcan təbili çalıblar. Bu məsələdə daha çox ərəb ölkələrindən gələn turistlərin adı hallanır. Bir müddət öncə onların hətta müxtəlif yasaqlıq ərazilərində ov şahinlərində dronlarla təlim keçdiyinə dair məlumatlar da yayılmışdı. Sosial şəbəkələrdə onların ov prosesində öldürdükləri quşları nümayiş etdirmələrinə dair foto və videolar yayılıb. Əslində tək onlar deyil. Yerli ovçular da bu cür edirlər. Mən sosial şəbəkələrdə ovçuların səhifələrini izləyirəm. Bu yaxınlarda tanınmış aktyorlardan biri ov prosesindən şəkillər paylaşmışdı. O, bahalı avtomobilinin yük yerində kütləvi şəkildə güllələdiyi quşları nümayiş etdirmişdi. Mən sosial mediada buna etiraz etdim. Demirik ki, ov qadağan edilsin. Ancaq bu işin də üsulu, qaydası var. İnsan gərək mərhəmətli olsun. Mən ümumiyyətlə, hər hansı canlının güllələnməklə və ya başqa üsullarla öldürülməsinə qarşıyam. Tanınmış adamlar canlı aləmə qarşı bu cür acımasız, mərhəmətsiz davranışı gərək tirajlamasın. Onları izləyən gənc nəsildə canlı aləmə münasibət necə formalaşacaq? Düzdür, ovçuluğa şərait yaradılması xarici turistlər üçün cəlbedicidir. Amma əcnəbi turistlərin cəlbi üçün başqa vasitələr var. Azərbaycanın istər şimal, istər cənub, istərsə də qərb bölgələrində dilbər guşələri çoxdur. Normal infrasturuktur yaradılarsa, xidmətin keyfiyyəti artırılarsa, əlverişli qiymətlər tətbiq olunarsa, qısa müddətdə əcnəbi turistlərin axınını ölkəmizdə müşahidə edərik.
  E.Cəfərli bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməli, ov qaydalarının kobud şəkildə pozulmasına görə tətbiq edilən cərimələrin məbləği artırılmalı, nadir quş və qiymətli vəhşi heyvan növlərinin mühafizəsi ilə bağlı tədbirlər gücləndirilməlidir.

Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.