“Azərbaycanla Küveytin bənzərliyi” məqaləsi dünya mediasında

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Fuad Hüseynzadənin məqaləsi Küveytin nüfuzlu “Alseyassah.com” qəzeti və saytında dərc olunub


Yazıda Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri qeyd edilib

  Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində xüsusi rolunu nəzərə alaraq “Heydər Əliyev irsinin xarici mediada təbliği” adlı layihə keçirilib. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Sherg.az"a açıqlamasında bildirib ki, layihənin məqsədi Ümummilli Lider Heydər Əliyevin isrini beynəlxalq media yayayaraq təbliğ etmək, xarici media qurumları ilə əməkdaşlığı gücləndirmək olub. Onun sözlərinə görə, layihə hər ölkənin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı nəzərə alınmaqla, Heydər Əliyev irsinin dünyada təbliği ilə dövlətimizin ümumibəşəri mahiyyətinin, tolerant dövlətçilik modelinin xarici ölkələrdə tanıdılmasına xidmət edir. Layihə çərçivəsində 7 ay ərzində müxtəlif ölkələrin media orqanlarında Ümummilli Lider Heydər Əliyevin həyatını, çoxşaxəli fəaliyyətini, siyasi kursunu əks etdirən məqalələr dərc edilib.
 F.Hüseynzadə deyib ki, onun müəllifi olduğu “Azərbaycanla Küveytin bənzərliyi” başlıqlı məqaləsi Küveytin nüfuzlu “Alseyassah.com” qəzeti və saytında dərc olunub. Müəllif bildirib ki, yazıda Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətlərini qeyd edib. Məqalədə bəyan edib ki, bunu Ulu Öndər Heydər Əliyevin Küveyt rəsmiləri ilə görüşündə Azərbaycan-Küveyt çoxəsrlik tarixi əlaqələrinin inkişafı üçün irəli sürdüyü təşəbbüs və təkliflər də təsdiqləyir: "Küveyt rəsmilərinin Azərbaycana səfərlərində çox səmərəli, əhəmiyyətli görüşlər, danışıqlar olub. Məhz bunun nəticəsində Küveyt ilə Azərbaycan arasında ikitərəfli hökumətlərarası əməkdaşlığı təmin etmək üçün sənədlər, o cümlədən dostluq və əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Sevindirici haldır ki, Küveyt rəsmiləri Azərbaycanda aparılan demokratik dəyişiklikləri, həyata keçirilən islahatları yüksək qiymətləndirirlər”. F.Hüseynzadənin sözlərinə görə, məqalədə həmçinin bildirilib ki, Küveyt Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan ölkələrdən olub: "1994-cü ilin 7 oktyabr tarixində iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. İki dövlət arasında diplomatik əlaqələrin qurulmasından çox az müddət sonra Ümummilli Lider Heydər Əliyev Küveytin ozamankı əmiri Cabir Əhməd Sabahla Mərakeşin Kasablanka şəhərində görüşmüşdü. “Azərbaycan ilə Küveyt coğrafi baxımdan bir-birinə çox yaxındır. Bizim ulu babalarımız arasında tarixən çox sıx əlaqələr olub. Doğrudur, sonrakı dövrlərdə bu əlaqələr müəyyən qədər kəsilib. Ancaq indi Azərbaycan müstəqil dövlətdir və öz tarixi keçmişini, qədim dostları ilə əlaqələrini bərpa edir”, - deyə Ulu Öndər Heydər Əliyev bu görüşdə vurğulayıb. Səmimi sözlər üçün təşəkkürünü bildirən Cabir Əhməd Sabah Azərbaycan Prezidentini Küveytə rəsmi səfərə dəvət etmişdi. Heydər Əliyev bu dəvəti məmnuniyyətlə qəbul edərək bildirmişdi ki, “ölkənizi ziyarət etmək mənim üçün çox xoşdur və mən də sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm”. Bu dəvət Küveyt əmiri tərəfindən məmnuniyyətlə qəbul olunmuşdu. Söhbət zamanı respublika prezidenti Azərbaycanda Küveyt səfirliyinin açılmasının zəruriliyinə toxunmuşdu: “Bildiyiniz kimi, ölkələrimizin iqtisadiyyatında da bir-birinə bənzərlik çoxdur. Siz böyük neft ölkəsisiniz. Azərbaycan da neft ölkəsi hesab edilir. Doğrudur, bizdə neft hasilatının tarixi Küveytdəkindən çox qədimdir”.
  Xatırladaq ki, Azərbaycan Küveytdə səfirliyini 2004-cü ilin sonlarında açıb. Küveytin Bakıdakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb. Müəllifin qələmə aldığı yazıda vurğulanıb ki, Azərbaycanla Küveytin Parlamentlərarası əməkdaşlıq çərçivəsində də əlaqələri uğurla davam etdirilir: “1995-ci il mayın 28-də yaradılan Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verir. 2001-ci ilin sentyabrında Küveyt-Azərbaycan Parlamentlərarası ‎Dostluq Qrupunun rəhbəri Camal Hüseyn Fahat əl-Ömərin rəhbərlik etdiyi ‎nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Ulu Öndər Heydər Əliyevlə görüşü olub. Bu görüşdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacibliyi göstərilib və dost ölkələr kimi Küveyt və Azərbaycanın bir-birlərinə kömək göstərmələrinin zəruriliyi bildirilib".

  Məqalədə Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında müxtəlif sahələr üzrə əlaqələrin sürətlə inkişaf etdirilməsi üçün bu ölkədəki səfirliyimizin və diasporumuzun daima fəallıq göstərdiyi vurğulanıb. Həmçinin yazıda səfirliyin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirdiyi tədbirlərdən söz açılır: “Qeyd edək ki, 2009-cu ilin 10-11 fevral tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətində rəsmi səfərdə olub. Səfər çərçivəsində imzalan sənədlər ikitərəfli əməkdaşlığın inkişafını daha da sürətləndirib. Bu gün nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan-Küveyt əlaqələrinin daha da möhkəmlənməsi önəmlidir. Küveyt ilə Azərbaycanın bütün sahələrdə əməkdaşlığın bundan sonra daha da sıxlaşdırılmasına, daha da intensiv inkişafına geniş perspektiv var. İki ölkə arasında iqtisadi, mədəni, ticarət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin böyük əhəmiyyəti var”.

  Həmsöhbətimiz qeyd edib ki, məqalə Küveytin tanınmış saytlarının X səhifələrində də geniş formada paylaşılıb.
Fuad Hüseynzadənin "Heydər Əliyevin Azərbaycan-Qzbəkistan dostluq əlaqələrinin inkişafında müstəsna xidmətləri" adlı məqaləsi də Özbəkistan mətbuatında dərc olunub. Məqalədə qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında siyasi, ticari-mədəni əlaqələrin kökü daha qədim dövrlərə təsadüf edir. Tarixən Orta Asiyanın bu respublikasına azərbaycanlılar ya könüllü mühacirət edib, ya da zorla köçürülüblər. Xüsusən, Əmir Teymurun Azərbaycana etdiyi yürüşlər nəticəsində yüzlərlə sənətkar, elm xadimi və digər peşə sahibləri Səmərqəndə sürgün ediliblər. Azərbaycan diasporunun müasir Özbəkistandakı vəziyyəti iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır. Təsadüfi deyil ki, Orta Asiyada ilk səfirliyimiz Özbəkistanda Ümummilli Liderimiz Heydər Əliyevin iştirakı ilə 19 iyun 1997-ci il tarixində açılıb. Daşkənddə Azərbaycan səfirliyi binasında soydaşlarımızla görüşdə Ulu Öndər Heydər Əliyev çıxışında deyib ki, azərbaycanlılar harada yaşasalar da öz ana Vətəninə, doğma Vətəninə qayğı göstərməlidirlər, imkanları dairəsində kömək etməlidirlər, onu unutmamalıdırlar, doğma Vətəninin qayğıları ilə yaşamalıdırlar. 2004-cü ilin martında isə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər edib. O zamanı Prezident dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedaqoji Universitetinin qarşısında böyük mütəfəkkirin abidəsinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində də iştirak edərək, burada geniş və dərin məzmunlu nitq söyləyib. Soydaşlarımızın Azərbaycanla iqtisadi-mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da lazımi addımlar atılacağını vurğulayıb. Prezidentin Özbəkistana növbəti səfəri isə 2010-cu ilin sentyabrında olub. Özbəkistanda Azərbaycanla bağlı dəyərlərə həmişə hörmətlə yanaşılır. Bunu həmin səfər çərçivəsində də görmək mümkün olub. Prezident İlham Əliyev bu səfərdə də Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə baş çəkib. Yeni təmir olunan mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri var. Prezident İlham Əliyevin Özbəkistana səfəri bu münasibətlərin möhkəmlənməsinə təkan verib".