Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri bir sıra beynəlxalq qurum çərçivəsində inkişaf tempinə malikdir
Azərbaycan regional və beynəlxalq əhəmiyyətli tədbirlərin, qlobal xarakterli müzakirələrin, dünyanı narahat edən problemlər üzrə danışıqların aparıldığı, eləcə də, bəşəriyyətin taleyi ilə bağlı vacib qərarların verildiyi mühüm mərkəzə çevrilib. Təbii ki, bu, ölkəmizdə bərqərar olan siyasi sabitlik, Azərbaycanın artan iqtisadi qüdrəti, əlverişli coğrafi mövqeyi, habelə dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzu, sülh və təhlükəsizliyə verdiyi töhfələrlə bağlıdır. Keçirilən bütün tədbirlərə, o cümlədən beynəlxalq idman yarışlarına belə Azərbaycan məharətlə, nümunəvi şəkildə ev sahibliyi edir və bu dünya ictimaiyyəti tərəfindən hər zaman təqdir olunur. Prezident İlham Əliyevin müəllifi olduğu uzaqgörən siyasət Azərbaycanı qlobal prosesləri yönəldən, dünya xalqlarının xoşbəxt gələcəyi naminə ona müsbət istiqamət verən ölkələr sırasına yüksəldib. Bugünlərdə Bakıda daha bir əlamətdar tədbir - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi təşkil olundu. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak etdilər. 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyev ölkəmizin bu regiondakı dövlətlərlə əlaqələrini belə xarakterizə edib: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”. Azərbaycanın bu regionda yerləşən ölkələrlə münasibətlərinin intensivləşməsini göstərən daha bir amil isə dövlətimizin başçısının regiona səfərləri ilə bağlıdır. Belə ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları isə Azərbaycana dəfələrlə səfərlər həyata keçiriblər. Qarşılıqlı səfərlərin fəal dinamikası davam edir. Azərbaycanla region dövlətləri arasında əməkdaşlığın daha bir istiqaməti isə qarşılıqlı ticarət və sərmayə qoyuluşlarıdır. Bu iki istiqamət üzrə göstəricilərdə davamlı artım müşahidə olunur. Belə ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Təbii ki, Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar sıfıra bərabərdir. Ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovşağında yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. Çünki Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir. Burada Orta Dəhlizin rolu xüsusi vurğulanmalıdır. Orta Dəhliz Çin–Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir. Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çindən Türkiyəyə, oradan da Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımalarda böyük üstünlüklər vəd edir. Belə ki, bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 günə çatdırır. Müqayisə üçün qeyd edək ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz vasitəsilə Türkiyədən keçməklə 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməli olur. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli olduğunu təsdiqləyir. Orta Dəhliz boyunca vahid tarif, “bir pəncərə” sisteminin tətbiqi isə bu marşrutla yükdaşımaların həcminin ildən-ilə artmasına səbəb olur. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uğurlu fəaliyyətinin təmin olunmasında Azərbaycanın müstəsna rolu var. Hazırda Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyi bütün sahələrdə, o cümlədən beynəlxalq yükdaşımalarda əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır. Azərbaycan özü də bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən digər türk dövlətləri arasında əməkdaşlığın son illərdə daha da dərinləşməsi müşahidə olunur. Deputatın sözlərinə görə, praktik olaraq SPECA bu baxımdan institusional əməkdaşlıq formatdır:
"SPECA formatı imkan yaradır ki, ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və inteqrasiyasının sürətlənməsi mümkün olsun. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə kifayət qədər uğurlu əməkdaşlıq modeli var. Bir tərəfdən Azərbaycanla sözügedən ölkələr arasında xarici ticarət dövriyyəsinin son illər kəskin artması müşahidə olunur. Digər tərəfdən, Azərbaycanın həmin dövlətlərlə qarşılıqlı investisiya qoyuluşlarına, o cümlədən humanitar sahədə əməkdaşlığı da müşahidə edirik. Bu da türk ölkələrindəki stabilliyin və həyata keçirilən müstəqil siyasətin nəticəsi olaraq qiymətləndirilməlidir. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir. Son dövrlər Xəzəryanı ölkələr, xüsusən Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq xeyli genişlənib. Bu əməkdaşlıq nəqliyyat layihələrində də özünü göstərir. Birgə layihələrin reallaşması birmənalı şəkildə region üçün yeni imkanlar yaradır".
Deputat Elman Nəsirov da qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri bir sıra beynəlxalq qurum çərçivəsində inkişaf tempinə malikdir:
“Azərbaycan da, Mərkəzi Asiya dövlətləri də Türk Dövlətləri Təşkilatının üzvləridir. Bu çərçivədə iqtisadi, ticarət, mədəni, humanitar əlaqələrin inkişafı üçün geniş imkanlar açılıb. İnfrastruktur layihələrinin reallaşdırılması, turizmin inkişafı, sənaye və kənd təsərrüfatı sahəsində əlaqələrin daha da sürətləndirilməsi, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından bütün bu amillər xüsusi rola malikdir. Nəzərə alsaq ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birgə vahid mədəni, coğrafi arealı bölüşür, əlaqələrimizin tarixi kökləri var, biz eyni mənəvi dəyərlərə malikik. Bütün bu reallıqlar heç şübhəsiz ki, əlaqələrin inkişafı üçün unikal imkan yaradır. Azərbaycanın ali siyasi rəhbərliyinin müəyyən etdiyi xarici siyasət kursu həm Türk Dövlətləri Təşkilatında, həm də SPECA çərçivəsində Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığının inkişafı üçün geniş imkanlar açıb. Bütün bu reallıqlardan üzv dövlətlər qazanırlar, bu, nəticə etibarilə qeyd edilən ölkələrin həm əməkdaşlığının inkişafına töhfə verir, həm də onların dünya iqtisadiyyatına inteqrasiyası üçün geniş imkanlar açır”.