Deputat: Ermənistana təzminat davası açılmalıdır

Onsuz da hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqları demək olar ki, getmir

“Söhbət təkcə mina terrorundan getmir. Ermənistan 30 illik işğalçılıq siyasəti ərzində Azərbaycan ərazilərinə böyük ziyanlar vurub”

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

  Ermənistan regionda təhlükəsizliyi təhdid edən ölkə olaraq qalır. Çünki postmünaqişə dövründə də müharibə cinayətlərini davam etdirir. Mina terrorunun qurbanlarının sayının artması da buna sübutdur. Aydındır ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına böyük əngəldir. Məsələ ondadır ki, minaların zərərsizləşdirilməsi çox böyük səylər tələb edir. Dəfələrlə vurğulanıb ki, insanların həyatının xilası üçün Ermənistan yeni minalanmış ərazilərin xəritələrini verməli və Azərbaycana minatəmizləmə səylərində kömək etməlidir. Lakin Ermənistan mina xəritələrini vermir, təqdim olunan xəritələr isə həqiqəti əks etdirmir. Bu məsələ dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada ətraflı müzakirə olunub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir. Onun sözlərinə görə, tank və piyada əleyhinə minaların basdırılması müharibə cinayətidir: “Beynəlxalq təşkilatlar, məhkəmələr bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına dəstək göstərməlidir. Ermənistan mina terroru ilə bağlı bizə təzminat ödəməlidir”. S.Əliyeva qeyd edib ki, minalar daha çox qəbiristanlıqlarda basdırılıb: “Çünki onlar bilirlər ki, qəbiristanlıqları ziyarət etmək bizim mentalitetdə var. Ona görə də ermənilər əsasən minaları o vaxt işğal etdiyi ərazilərdəki bizim vətəndaşlara məxsus evlərdə, qəbiristanlıqlarda basdırıblar”. Ombudsman əlavə edib ki, 2020-ci il noyabrın 10-dan indiyədək 65 nəfər mina partlayışı nəticəsində həlak olub. Ölənlərin arasında mülki şəxslər çoxluq təşkil edir. Mina partlayışı nəticəsində 272 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 1991-ci ildən bu günə qədər 357 nəfəri uşaqlar, 38 nəfəri qadın olmaqla 3416 nəfər minadan zərərçəkən kimi qeydiyyata alınıb".
  Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev deyib ki, gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minadan təmizlənəcək. Onun sözlərinə görə, son üç ildə 30 min 763 piyada əleyhinə, 18 min 546 tank əleyhinə mina, 60 min 623 partlamamış hərbi sursat aşkarlanıb: "Axtarışlara 2 min 75 nəfərlik əməliyyat heyəti, 63 minatəmizləyən maşın, 151 minaaxtaran it cəlb olunub. Bu il üçün təmizlənməli olan 50 min hektar ərazi müəyyən edilib. Bu, builki iş planıdır, növbəti il iş planı 60-65 min hektar ərazini əhatə edəcək". O əlavə edib ki, mina təhlükəsi ilə mübarizəyə dövlət xüsusi diqqət göstərir: "İnsanlarımızın öz yurdlarına qayıtması üçün mina probleminin aradan qaldırılmasına beynəlxalq dəstəyin də göstərilməsi vacibdir". Onun sözlərinə görə, minatəmizləmə əməliyyatlarına digər xüsusi texnikalar da cəlb olunub: “Bundan əlavə, Azərbaycan istehsalı olan texnikalar da bu prosesə töhfəsini verirlər: "Bunlar "Revival-B" və "Revival-T" markalı minatəmizləməyən maşınlardır. Eyni zamanda minatəmizləmədə 151 it, həmçinin siçovullardan da istifadə olunur. Siçovulların iybilmə reseptorları daha yüksəkdir, bu da minanı daha tez aşkarlamağa kömək edir. Hazırda təhlükəli ərazilərdə 925 xəbərdaredici bilbord yerləşdirilib". F.İsayev qeyd edib ki, 2020-ci ildən indiyə qədər 337 nəfər mina qurbanı olub, onlardan 50 nəfəri mülki şəxsdir: "197 mina hadisəsi baş verib, 56 mina hadisəsi keçmiş təmas xəttində baş verib, 141-i isə təmas xəttindən çox uzaqda baş verib, bu isə mina terrorunun mülki əhaliyə qarşı baş verdiyini göstərir". O vurğulayıb ki, 900-ə yaxın yaşayış məntəqəsi sökülərək daşınıb: "Minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qurğulardan istifadə olunub. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da Azərbaycan ərazisindən tapılıb, bunlar erməni qanunsuz birləşmələri tərəfindən əraziyə daşınıb. Çaylar, su quyuları da partlayıcı qurğularla çirkləndirilib, bu isə gələcəkdə kənd təsərrüfatının inkişafına mane olacaq. Azərbaycana verilən mina xəritələrinin 25 faizdən də az dəqiqliyi var, bu da bizim işimizi çox çətinləşdirir". 
  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı Draqana Koiç deyib ki, Vətən müharibəsindən sonrakı mina qurbanlarının 90 faizi kişilərdir. Onun sözlərinə görə, hazırda mina qurbanlarına yardımların göstərilməsi məsələsi gündəmdə olmalıdır: "Müharibədən sonra mina partlayışı nəticəsində zərərçəkən insanların çoxunun kişi olması onların ailələrinə təsir edir. Biz onlara və onların ailələrinə dəstək göstərməyə hazırıq".
  ANAMA əməkdaşı Könül Hacıyeva deyib ki, 2020-2023-cü illər arasında 85 mina hadisəsi baş verib: "Bu hadisələr nəticəsində 26 sürücü minadan zərər çəkib. Minaya əsasən mal-qara saxlayan, təsərrüfatla məşğul olan insanlar düşür. Azərbaycan minadan zərər çəkmiş şəxslərlə bağlı böyük işlər görür və bu, çox təqdirəlayiqdir. Minadan zərər çəkmiş şəxslər iş qabiliyyəti olan yaşda belə faciə ilə qarşılaşdıqdan sonra nə edəcəklərini bilmirlər. İnsanların bizimlə bölüşdükləri problem odur ki, onlar hara müraciət edəcəklərini bilmirlər. Mən mülki şəxslərdən danışıram, onlar bizə yanaşır və yardım üçün müraciət edirlər. Onlar hansı imtiyazlarının olacağını və hansı prosedurlardan keçməli olduqlarını bilmirlər. Ona görə də bu məsələlərlə məşğul olan bir qrup olmalıdır. Bununla bağlı sayt və ya Qaynar xətt yaradıla bilər. Ola bilər ki, nazirlikdə Qaynar xətt var, onlar buna zəng edərək məlumat ala bilərlər. Bunlar həmin zərərçəkənlərin diqqətinə çatdırılmalıdır". 

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Sherg.az"a bildirib ki, Azərbaycan tərəfi Ermənistanın mina terroru ilə bağlı lazımi sənədləri, fakt və sübutları hazırlayaraq müvafiq məhkəmələrdə İrəvandan təzminat tələb etməlidir. Deputatın sözlərinə görə, rəsmi Bakı bu istiqamətdə səylərini genişləndirməlidir: 

"Onsuz da hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqları demək olar ki, getmir. Proses dayanıb. Ermənistan bütün imkanlardan, hiyləgər gedişlərdən istifadə edərək Azərbaycana qarşı təbliğat aparır. Cürbəcür iddialarla, uydurmalarla rəsmi Bakını ittiham edirlər. Bu da açıq-aşkar göstərir ki, İrəvan sülh prosesindən yayınır. Ermənistan sülh sazişini imzalamağı bilərəkdən yubadır. Ona görə də Ermənistana təzminat davasının açılması məsələsinin sülh prosesinə dəxli yoxdur. Söhbət təkcə mina terrorundan getmir. Ermənistan 30 illik işğalçılıq siyasəti ərzində Azərbaycan ərazilərinə böyük ziyanlar vurub. Bir çox sahələrdə ölkə iqtisadiyyatına milyardlarla zərər vurulub. Azərbaycan tərəfi peşəkar hüquqşünasları prosesə cəlb edərək təzminatla bağlı müvafiq məhkəmələrə müraciət etməlidir".