Ərəstü Həbibbəyli: "Dini zəmində baş verən hadisələrə həssaslıqla yanaşılmasında ənənəvi medianın üzərinə böyük yük düşür"

 "Dini zəmində baş verən hadisələrə həssaslıqla yanaşılmasında ənənəvi medianın üzərinə böyük yük düşür".
Sherg.az xəbər verir ki, bunu Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli deyib. 

Şöbə müdiri bəyan edib ki, Şuşa şəhərinin 2024-cü ildə İslam Dünyasının Mədəniyyət paytaxtı elan olunması istiqamətində tədbirlər planına uyğun olaraq il ərzində çoxsaylı tədbirlər keçirilir: 

"Bütün bu tədbirlər əbədi və əzəli Azərbaycan torpağı olan Şuşanın dünya miqyasında öz layiqli yerini tutmasına töhfəsini verir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan bu tədbir də mühüm əhəmiyyət kəsb edir. Tədbirin mövzusu qloballaşma dövrünün ən aktual problemlərindən birinə sərf olunub. Qlobalaşma kontekstində ideoloji mübarizədə din və media  hər zaman cəmiyyətin əsas gündəmində olur". 

Ə.Həbibbəyli vurğulayıb ki, multikulturalizmin Azərbaycan modeli isə bütün dünyaya nümunədir:

 "Azərbaycanda multikulturalizm həyat tərzi, dövlət siyasətidir. İdeoloji cəbhədə mediadan gözləntilər çox böyükdür. Hazırda ənənəvi mediada maarifləndirmə, peşəkar yanaşma görürük. Bunun əksinə, sosial mediada tam əks durum mövcuddur. Sosial mediada yayılan "fake" informasiyalar ənənəvi mediaya da bəzi hallarda təsirini göstərə bilir. Buna görə dini zəmində baş verən hadisələrə həssaslıqla yanaşılmasında, dezinformasiyanın yayılmasının qarşısının alınmasında ənənəvi medianın üzərinə böyük yük düşür".