"Türkiyə bəşəriyyətin ümid qapısı kimi görünür" - Əli Kafkasyalı


 " Belə bir vəziyyətdə  Türkiyə tarixin onun üzərinə qoyduğu mühüm missiyanı  uğurla yerinə yetirməlidir"

  Öz talelərinə sahib olmuş  yeni türk dövlətləri 30 ildən artıqdır ki, həyatın bütün sahələrində sıx əlaqə və əməkdaşlıq imkanlarını davam etdirir. İndi müstəqil türk ölkələrinin xalqları tarixin sınaq məqamlarında öz müqəddəratlarını şərəflə  həll etdikləri kimi, Avrasiya regionunda, eləcə də dünyada sabitliyin və əmin-amanlığın təminatında xüsusu rolu olan yeni qüdrətli siyasi birliyi də inamla qurur və ardıcıl möhkəmləndirirlər. 

  Birgə səylərlə qəbul edilən önəmli qərarlar, həyata keçirilən irimiqyaslı layihələr qardaşlıq və dostluq əlaqələrini zənginləşdirir, qarşılıqlı-faydalı əməkdaşlıq yeni töhfələri ilə gündəmə gəlir. Bu sırada bu ilin 9-12 oktyabrında Türkiyənin Ərzincan şəhərində keçiriləcək Beynəlxalq Türk Dünyası Simpoziumdan qardaş dövlətlərin və xalqların gözləntiləri nədir? Bu suala beynəlxalq elmi məclisin təşkilat komitəsinin üzvü, Ərzincan Binali Yıldırım Universitetinin professoru Əli Kafkasyalı ilə birlikdə cavab axtardıq.

- Türkiyənin Ərzincan şəhərində keçiriləcək Beynəlxalq Türk Dünyası Simpoziumu haqqında mətbuatda gedən silsilə yazılar bu qardaşlıq və dostluq toplantısının xüsusi önəmindən soraq verir. Az bir zaman kəsiyində bu qədər ciddi marağın yaranması nədən qaynaqlanır?

- Dünya çox sıxıntılı günlər yaşayır. Bir tərəfdən təbii fəlakətlər, iqlim dəyişikliyi, ərzaq qıtlığı, sağlamlıq və pandemiya problemləri, digər tərəfdən, yarım ildir davam edən Rusiya-Ukrayna müharibəsi, dolayısı ilə, Qərb-Rusiya qarşıdurması, bölgədə silahlanmanın güclənməsi, ümumi gərginliyin artması insanları ciddi narahat edir. Bu davamlı narahatlıq hökumətlərin fəaliyyətini çətinləşdirir, xalqları ümidsizləşdirir, çox sayda insanı depressiyaya salır. Ərzaq və səhiyyə təhlükəsizliyinin pozulması insanları yuxuda da dinc buraxmır. Ölkələr və xalqlar mütəxəssislərin, elm adamlarının bu qorxulu bəlalara çarə tapmasını gözləyirlər.
  Belə bir durumda  Türkiyə də strateji və sabit mövqeyi, prinsipial və etibarlı dəstəyi ilə bəşəriyyətin ümid qapısı kimi görünür. Avropa ölkələri, təəssüf ki, irtica qüvvələrinin təsirindən çıxa bilmirlər. Hətta Yunanıstan kimi bəzi ölkələr Birinci Dünya müharibəsi  zamanı olduğu kimi, yanılış  siyasətləri ilə bölgədə durumu mürəkkəbləşdirməyə çalışır. 
Belə bir vəziyyətdə  Türkiyə tarixin onun üzərinə qoyduğu mühüm missiyanı  uğurla yerinə yetirməlidir. Bütün gücünü, qudrətini insanlığın ümumi nicatına səfərbər etməlidir. Bunun yolu da Türk dövlət və topluluqlarının “Dildə, fikirdə, işdə birlik” amalından keçir. Dil birliyi olmadan düşüncə birliyi, düşüncə birliyi olmadan da iş birliyi qurmaq  mümkün deyildir.
  Belə bir məqamda biz - Türk Dünyasının aydınları və alimləri Beynəlxalq Türk Dünyası Simpoziumunda toplaşaraq,  dünyanın təbii problemləri ilə mübarizə aparmaq və öz maraqlarını bəşəriyyətin maraqlarından üstün tutan böyük dövlətlərin yanlış münasibətinin qarşısını almaq üçün Türk Dünyasını fikir birliyinə çağırırıq. Zənnimcə, insanlar bu kiçik işığı parlamadan əvvəl görə bildilər. Ona görə də qısa zamanda belə bir ciddi maraq yarandı.

- Simpoziumda bütün Türk dünyasının təmsilçilərinin iştirakı nəzərdə tutulur. Bu coğrafiya haqqında məlumat vermənizi istərdik.

- Azərbaycandan başlamaqla, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk dövlətindən, habelə Rusiya Federasiyasının tərkibində olan Dağıstan, Şərqi Türküstan, Tuva, Xakasiyadan; İran, Tacikistan, Əfqanıstan, Moldoviya-Qaqauziya, Macarıstan, Bolqarıstan, Krım, Serbiya, Monteneqro, Makedoniya, Kosovo, Yunanıstan, Əlcəzair, Livan, Suriya, İraq və Gürcüstandan dövlət xadimlərini,  deputatları, nazirləri və elm adamlarını dəvət etmişik. 

- Ənənəvi, həm də çətin bir sual: tədbirdə bütün türk dünyasının nümayəndələrinin iştirakını təmin etmək mümkün olacaqmı?

- Yuxarıda adlarını çəkdiyim bütün ölkələrdən nümayəndələr dəvət etdik. Demək olar ki, bütün dəvətlərimiz qəbul olundu.

- Statistik göstəriciləri söyləməyiniz mümkündürmü?

- Əlbəttə, ümumilikdə, simpoziumda 530 iştirakçımız olacaq. Onlardan 402-si üz-üzə, 128-i isə onlayn şəkildə iştirak edəcək. Azərbaycandan 35 iştirakçı həm üz-üzə, həm də onlayn  iştirak edəcək. Qazaxıstandan 37, Qırğızıstandan 27, İrandan 20,  Özbəkistandan 10, Balkanlardan 13, digərlərindən 3-7 qonağımız gözlənilir. Nazirlər, millət vəkilləri və digər rəsmi şəxslər bu saya daxil deyil. Bir sözlə, universitetimiz və Ərzincan şəhəri 700-ə yaxın qonağı qəbul edəcək.

- İndiki dövrdə belə bir ideyanın ortaya çıxması və həlli Türk dünyasının həyatında önəmli hadisədir. Amma ideyanın ağırlığı da kifayət qədər böyükdür, öhdəsindən gələ bilirsinizmi?

- İnsan ömründə olduğu kimi hər bir xalqın həyatında da gözlənilməz anlarda fürsət yarana bilər. Ağıllı dövlət adamları bu imkandan istifadə edirlər. Bu gün Türk xalqlarının qarşısına tarixi fürsət çıxıb. Bu fürsətdən istifadə edilməlidir. Yoxsulluq, aclıq, depressiya maneə olmamalıdır. Bunu bu gün dövlətimiz edir. Bir çox arzuolunmaz hallara baxmayaraq, hətta şər qüvvələr prosesin qarşısını almaq üçün birlikdə çalışsalar da, şüurlu insanların, ziyalıların və alimlərin dəstəyi ilə mübarək yürüş davam edir. İnanıram ki, niyyətimiz saf olduğu üçün uğur qazanacağıq. Bir sözlə, Türk dünyasının birliyi, güclənməsi insanlıq üçün çox yaxşı və faydalı  şeylərə səbəb olacaq.

- Simpoziumun bir özəlliyi də dəvət olunmuş iştirakçıların bütün xərclərinin təşkilatçılar tərəfindən ödənməsidir. Bu xərclər sırasında nələr var və onların həllində hansı çətinliklərlə üzləşirsiniz?

- Qonaqlarımızın yol və yaşayış xərclərini, əlbəttə ki, universitetimiz qarşılayacaq. Bu baxımdan heç bir çətinliyimiz yoxdur. Beynəlxalq məclis Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi, Ərzincan Valiliyi, Universitet rektorluğu, başda Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırdım olmaqla, bir çox könüllü qurum və təşkilatlar tərəfindən dəstəklənir. Ən əsası isə Ərzincan şəhərinin böyükdən-kiçiyə bütün əhalisi bu möhtəşəm tədbirə bayram kimi hazırlaşır, qardaş-bacılarımızı əsl qonaqpərvərliklə qarşılamaq üçün yarışa girirlər. Onu da deyim ki, Türkiyənin hər yerindən əlavə dəstək üçün təkliflər gəlir. Ehtiyacımız olmasa da, biz onların hamısından razıyıq, çox sağ olsunlar.

- Yəqin ki, az bir zaman kəsiyində bunları həll etmək də çətindir. Lakin əminik ki, bu işlər kifayət qədər təcrübəsi olan bir heyətin gücü və iradəsi daxilindədir.

- Simpoziumun təşkilində Təşkilat Komitəsinin sədri, olduqca təcrübəli və məsələnin tarixi əhəmiyyətinə ürəkdən inanan professor Abdulkadir Gül də daxil olmaqla, çalışqan bir komandamız var. Gecə-gündüz bütün gücümüzlə işləyirik. Rektorumuz professor Akın Leventin rəhbərliyi altında prorektor, professor Ali Ercan Ekinci, professor Bahadır Gücüyeter, professor Erdal Bay, dosent İlhamə Kasabova, dosent Aygül Noqayeva, dosent Nazgül İsabayeva, Kanat Moldatayev, Həmzə Kolukısa və onlarca həmkarımız böyük zəhmət və fədakarlıqla çalışırlar. Hər şey planlaşdırıldığı kimi gedir.

- Tədbirə bütün Türk dünyası cəlb olunub və bu sırada Azərbaycanın adını ön sıralarda görməkdən qürurluyuq.  

- Biz Türkiyə türkləri üçün, təbii ki, bütün Türk xalqları, Türk tayfaları və Türk dövlətləri əziz və doğmadır. Lakin bir həqiqət var ki, Azərbaycan alimləri bir çox sahələrdə olduğu kimi, türkologiya sahəsində də yüksək və zəngin təcrübəyə malikdirlər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin türkoloji fəaliyyəti olduqca təqdirəlayiqdir. Bolşevik inqilabından sonra da Azərbaycan ziyalıları və alimləri ciddi təqiblərlə üzləşsələr də, türkologiya elminə böyük töhfələr verdilər. 1926-cı ildə Bakıda ilk Türkologiya qurultayı keçirildi və bu gün də əhəmiyyətini itirməyən çox mühüm qərarlar qəbul edildi.

  Unutmamalıyıq ki, latın əlifbasına keçməsi barədə qərar da Bakı məclisində qəbul edilib. Türkiyə Azərbaycandan iki il sonra Latın əlifbasından istifadə etməyə başlayıb. Sonrakı illərdə sovet quruluşunun amansız və şiddətli repressiyalarına baxmayaraq, türkologiya sahəsində Azərbaycan alimləri böyük tədqiqatlar aparılıb. Bu simpoziumda da Azərbaycan nümayəndələrinin təcrübələrindən maksimum faydalanacağıq.

- Bir məsələyə də toxunaq. Beynəlxalq tədbirdə Azərbaycan hansı tərkibdə təmsil olunur?

- Azərbaycandan dəvət olunan iştirakçıların sayı qazax, özbək və türk alimlərindən çox deyil. Tədbirə Beynəlxalq Türk Dünyası Simpoziumunun ruhuna uyğun olaraq türkologiyanın bütün sahələrində fərqlənmiş dövlət xadimləri, millət vəkilləri, dünya şöhrətli və türk dünyasının  kifayət qədər geniş tanıdığı elm adamları dəvət olunub.

- Tədbirdəki iştirakçılardan hansı gözləntiləriniz var?

- Simpoziumun Təşkilat Komitəsi olaraq iştirakçılar qarşısında heç bir tələb irəli sürməmişik. Hər kəsin Türk dünyasının istənilən problemi ilə bağlı tənqid və həll təklifləri ilə məclisə qatıla biləcəklərini söylədik. Türk dünyasının, hətta dünyanın sayılıb-seçilən elm adamları türkoloq olaraq üzərində düşündükləri hər bir problemi ortaya qoya və onun həlli üçün yollar təklif edə biləcəklər. Bu təqdimatlar konfranslar, panellər, seminarlar və ya müzakirələr şəklində ola bilər. Sonda bu təqdimatlar qeydə alınaraq Türk Dövlətləri Təşkilatının Katibliyinə və Türk dövlətlərinin müvafiq təşkilatlarına təqdim ediləcək. 

  Bunlara əlavə, Türkiyənin sonuncu Baş naziri və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın məsləhəti ilə Türk Dövlətləri Təşkilatının birgə işi olaraq: 1. Ortaq əlifba, 2. Ortaq dil, 3. Ortaq ədəbiyyat, 4. Ortaq terminologiya, 5. Ortaq tarix, 6. Ortaq coğrafiya komissiyaları qurulacaq. Sonda simpozium dövründə görülən işlər toplanaraq ortaq qərar qəbul ediləcək. Dediyim kimi, nəticələr Türk Dövlətləri Təşkilatının katibliyinə və Türk dövlətlərinin müvafiq təşkilatlarına təqdim ediləcək.

Namiq Əhmədov,
Əməkdar jurnalist