Mehmet Öz: "Biz bütün dünyanın türk olduğu iddiasında deyilik"

 "Olanlar bizə yetər. Amma türklər çoxhərəkətli millət olduğu üçün dünyanın hər yerində iz buraxıblar"

“Atatürkün türk dünyasını öyrənmək ideyaları türk ocaqlarından qaynaqlanıb”


  Mərkəzi Ankarada yerləşən Türk Ocaqları Birliyinin baş direktoru, professor Mehmet Özün “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:

- 1912-ci ildə qurulan Türk Ocaqları Birliyi bu il martın 25-də 110 illiyini qeyd etdi. 110 yaşlı bir qurum günümüzə qədər necə bir fəaliyyət yolu keçib?
- Türk Ocaqları Birliyi Türkiyənin ən qədim, köklü ocaqlarından biridir, Osmanlı imperiyasının son dönəmində bir türkçülük cərəyanı qurumu olaraq yaradılıb. Türkiyədəki türkçülük ideyaları əslində XIX əsrdən başlayır. Dünyanın bir çox yerlərində milliyyətçilik düşüncələri özünü büruzə verib ki, Türkiyədə də bu olub. Yunanlar, serblər, ərəblər öz millətlərinin varlığını qabardınca Osmanlıda türkəsilli gənclər də öz milli kimliklərini bildirmək istəyiblər.

- Hərbi tibb üzrə təhsil alan gənclər türkçü ziyalıları necə hərəkətləndirdi?

- O dönəmlərdə Cənubi və Şimali Azərbaycandan, Krım, Kazan, Rusiyanın başqa şəhərlərindən, Özbəkistan və digər yerlərdən aydın fikirli türklər Türkiyə ilə mütəmadi təmasda olurdular, bəziləri İstanbulda təhsil alır, bəziləri gəlir-gedirdi, bəziləri də Türkiyədə müəllimlik edirdi. Məsələn, Kazan türkü Yusuf Akçura, Azərbaycandan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və sairə. Türk ocaqlarının yaradılmasında gənclərə dəstək verən, öndərlik edən bu ziyalılar olub. Rusiya müsəlmanları arasında “cədidçilik” (yeniləşmə) cərəyanının öndərlərindən olan İsmayıl Qaspıralı bu ocaqda əvəzsiz xidmətlər göstərib. Türkçülük cərəyanının inkişafında Məhəmməd Əmin Rəsulzadənin də rolu olub. Təbii ki, Türkiyədə də bu cərəyanın fəalları var idi. Məsələn, “Mən bir türkəm, dinim, cinsim uludur” məşhur şeirin müəllifi Məmməd Əmin Yurdakul, dilimizdə gəlmə sözlər deyil, təmiz türkcənin istifadə olunmasının tərəfdarı olan Ömər Seyfəddin də türkçülük, hətta turançılıq ideyalarının daşıyıcılarından olub. Beləcə, 1908-ci ildən başlayaraq hərəkətlənən türkçülük cərəyanı 1911-ci ildə hərbi tibb üzrə təhsil alan bir qrup tələbənin Türkiyədə türk millətinin yüksəlməsi üçün türkçülərə məktub yazması ilə sürətlənib. Sonradan digər gənclər də bu təşəbbüsə qoşulublar və qurum fəaliyyətə başlayıb. Amma rəsmi fəaliyyət 25 mart 1912-ci ildən başlanıb. Qurumun ilk rəhbəri Məmməd Əmin Yurdakul olub.

Türk ocaqları gəncləri İstanbulu və İzmiri işğaldan xilas edib

  O dönəmin aydınlarının, ziyalılarının, millət vəkillərinin əksəriyyəti türk ocaqlarında yetişib. Birinci Dünya müharibəsindən sonra çökən Osmanlı dövlətinin iki dəfə İstanbul, bir dəfə İzmir şəhərləri işğala məruz qalarkən bu şəhərlərin işğaldan azad edilməsi üçün türk ocaqlarının fəallarının rəhbərliyilə böyük etiraz aksiyaları keçirilib. Hətta ingilislərin işğalından sonra türk ocaqlarının Əhməd Ağaoğlu, Ziya Göyalp kimi öndərləri Maltaya sürgün ediliblər.

Atatürkün önəm verdiyi, xanımı Lətifənin fəxri üzvü olduğu 270 şöbəlik qurum

  1922- ci ildən 1931-ci ilədək Türkiyədə ən fəal dərnək olan bu qurumun 270-dən çox şöbəsi olub. Təhsil, sənətkarlıq kursları, humanitar dəstəklər, mədəniyyət, teatr dərnəklərinin, konfransların və başqa tədbirlərin təşkili kimi çox geniş fəaliyyət sahələri olub. Mustafa Kamal Atatürkün də ən çox dəstək verdiyi, həyat yoldaşı Lətifə xanımın da fəxri rəhbərlərindən olduğu bu təşkilatın üzvlərinin sayı Cümhuriyyət Xalq Partiyasından (CHP) da çox olub. O zaman Atatürk milli qüvvələrin bir arada toplanmasının tərəfdarı olduğunu bildirib və bu təşkilat 1931-ci ildə qapanıb.
Türk ocaqlarının qapanmasında Rusiya amili

- Başqa bir səbəb də olubmu?

- Təbii ki, o zamanlar Rusiya amili də vardı. 1931-ci ildən sonra QHT olaraq yox, dövlət təşkilatı olaraq ayrıca fəaliyyət göstərməyə başlayıb. Doğrudur, Türk ocaqları siyasi addım olaraq bağlanıb, amma bundan sonra da dövlətə xidmət edib. Türk ocaqlarının nəzdində 1931-ci ildə Türk Tarix Qurumu, 1932-ci ildə Türk Dil Qurumu yaradılıb. Qurumun öncüllərindən olan Yusuf Akçura Türk Tarix Qurumuna rəhbərlik edib. Türk ocaqlarının yerini xalq evləri əvəz edib. Amma Atatürkün Türk ocaqlarından qaynaqlanan türk tarixini və dilini öyrənmək, türk dünyası ilə bağlı fəaliyyət planları davam edib.

Atatürkün Günəş Dili Nəzəriyyəsi nədən unudulub?

- Yeri gəlmişkən, Atatürkün ən çox önəm verdiyi Günəş Dili Nəzəriyyəsi olub. Bu nəzəriyyəyə görə, türk dili dünya tarixində ilk dillərdən biridir. Əhməd Ağaoğlu da türklük tarixinin qədim olması düşüncəsinin daşıyıcılarından olub. Hətta Ağaoğlu “Etrusk sivilizasiyası və onların Roma sivilizasiyasına təsiri” adlı kitab da yazıb. Amma nədənsə, sonralar bir çox dilçilər Atatürkün bu nəzəriyyəsinə qarşı çıxıb. Atatürkün vəfatından sonra əhəmiyyətini itirən bu məsələ Türk Ocaqları Birliyində necə qarşılanıb?

- Bəli, türklük tarixinin və türk dilinin çox qədim olması ilə bağlı Atatürkün ideyaları olub. O fəaliyyətlər Türk Dili və Türk Tarixi qurumlarında bir müddət davam edib, sonralar diqqətdən kənarda qalıb. Amma o dövrün şərtləri bu təşkilatın bağlanmasını tələb edirdi. 1949-cu ildə Türk ocaqları yenidən açılıb, məhdud olsa da, fəaliyyət göstərib. Təşkilatın nəşri olan “Türk yurdu” da zamanla fəaliyyətini dayandırıb, amma günümüzə qədər hər ikisi mövcuddur. 1980-ci il dövlət çevrilişinə cəhddən sonra jurnal bugünədək fəaliyyətini davam etdirir. 1966-cı ilə qədər quruma türk dünyasının tanınmış siması, təhsil naziri Həmdullah Sübhi Tanrıövər kimi türkçü sədrlik edib. Onu da deyim ki, 19 il bu təşkilatda rəhbər olan  Həmdullah Sübhi, həm də Məhməd Akif Ərsoyun yazdığı “İstiqlal” marşının Türkiyənin himni olaraq qəbul edilməsində böyük rol oynayan şəxsdir. 
  O zamanlar Azərbaycanda da türk ocağı bir müddət fəaliyyət göstərib. Hazırda da jurnalist dostumuz Akif Aşırlı bu quruma rəhbərlik edir. Bu qurum Azərbaycan dövlətinə məxsus ayrıca bir qurum olsa da, Akif bəy, həm də bizim təşkilatın təmsilçisidir. Keçən il türkdilli dövlətlərin müstəqilliyinin bərpasının 30 illiyi ilə əlaqədar Bakıda simpozium keçirdik. Bizim hazırda İraqda, Suriyada, Balkan ölkələrində də təmsilçiliklərimiz var.



 
“Rusiya torpaqlarını qazarsan, altından türklük mirasları çıxar”

- Orta Asiya ölkələrində necə?

- Qanunlara zidd olduğu üçün xarici ölkələrdə şöbə açmaq hüququmuz yoxdur, amma təmsilçiliklərimiz ola bilər. Orta Asiya ölkələrində də təmsilçiliklərimizin olmasını düşünürük.

- Rusiyanın tərkibində 23 muxtar türk respublikaları var. Bu ölkədə hətta bəzi araşdırmalarda 100-dən çox türk xalqlarının yaşadığı yazılır. Rusiyada hazırda ən qədim türklər olaraq bilinən Dükha türklərinin nəsli tükənmək üzrədir, sayı 280-dir, Çulım türklərindən 365 nəfər qalıb. Rusiyada yaşayan türk xalqları ilə əlaqələriniz  varmı?

- Bizim təşkilatın Rusiyada fəaliyyət göstərməsi bu ölkənin siyasətinə uyğun deyil. Amma biz, məsələn, Dağıstandakı türklərlə əlaqə saxlayırıq, dini bayramlar zamanı təşkilatımızın imkanları daxilində kiçik də olsa sovqatlar göndəririk.

  Zatən belə bir deyim var: Rusiya torpaqlarını qazarsan, altından türklük mirasları çıxar. Amma bizim başqa ölkələrin dövlətçilik siyasətilə işimiz yoxdur, biz yalnız mədəni-mənəvi əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Türkiyənin Rusiya ilə, Çinlə yaxşı əlaqələri var. Məqsədimiz bu münasibətlərin daha da möhkəmlənməsinə dəstək vermək şərtilə o coğrafiyalarda yaşayan türklərlə də əlaqələrimizi möhkəmləndirməkdir. Onların hansı bir problemi olarsa, maddi dəstək verə bilməyəcəyimiz təqdirdə biz onlara mənəvi dayaq oluruq və problemlərini dilə gətiririk.

-  Qərbdə də türklər az deyil, onlarla əlaqələrinizi hansı şəkildə qurmusunuz?

- Biz dünyanın harasında türk varsa, həm də yalnız türklər deyil, bizə ümidini bağlayanlar, məsələn, Osmanlı dönəmində müsəlmanlığı qəbul eləyən, bizdən pənah gözləyən boşnaklara da sahib çıxırıq. Liviyada ata-babaları türk olan Kuloğulları var, onlar özlərinə Koroğulları, bəziləri də Qoroğulları deyirlər, amma dilləri unudulub, türkcə bilmirlər. Suriyada, Sudanda, Əlcəzairdə, Tunisdə, Afrikanın başqa yerlərində öz türkcəsini unutmuş türk kökənlilər var. Latın Amerikasında Türkiyədən gedən ermənilər özlərinə “Əl-türko deyirlər”. Erməni qıpçaqçasında türkcə yazılan bir çox ədəbiyyatlar mövcuddur. 

  Türkiyədən Yunanıstana gedən karamanlılar da türk kökənlilərdir. Asiya qitəsində Çində, Hindistanda, Pakistanda, Əfqanıstanda türklər yaşayır, hətta bəzi coğrafiyalarda türklüklərini tamamilə unudublar. Bunları sadalamaqla biz bütün dünyanın türk olduğu iddiasında deyilik. Olanlar bizə yetər. Amma türklər çoxhərəkətli millət olduğu üçün dünyanın hər yerində iz buraxıblar. Bəlkə də onlara zamanla türk deməyiblər, amma prototürklər, öntürklər  dünyanın hər yerində olublar.

Türklərin ortaq - vətəndaşlıq, hüquq, tarix, əlifba, mədəniyyət, iqtisadiyyat, təhsil, hərb məsələləri aktualdır

- Mehmet bəy, Ərzincanda 4 günlük Beynəlxalq Türk Dünyası simpoziumu keçirildi və önəmli mesajlar verildi, hətta türklərin ortaq vətəndaşlıq məsələsi də müzakirə edildi. Bu simpoziumu necə dəyərləndirirsiniz?

- Bu tədbirə dəvət edilmişdim, amma mən, eyni zamanda universitetdə dərs dediyim üçün, çox təəssüf ki, bu tədbirə qatılmaq imkanım olmadı. Tədbiri mediadan izlədim və çox yüksək dəyərləndirirəm. 2009-cu ildə Naxçıvan Sazişi ilə türk dövlətləri arasında rəsmi əlaqələrin qurulmasının əsası qoyulmaqla çox böyük tarixi hadisəyə imza atıldı. Keçən il də bu quruma Türk Dövlətləri Təşkilatı adı verildi və inanıram ki, bu birlik daha da böyüyəcək, qüdrətlənəcək. Şimali Kipr də üzv olacaq. Bir çox dövlətlərin, Rusiyanın belə bu təşkilata üzv olmaq maraqları var.

  Türkiyə ilə Azərbaycan arasındakı çox yaxın, sıx qardaşlıq münasibətinin olması türk dünyasındakı əlaqələri daha da möhkəmləndirir. Zəngəzur dəhlizinin açılması ilə çox böyük miqyas alacaq fəaliyyətlər olacaq.
  Biz bu yaxınlarda Milli Kitabxanada “Türk birliyinin gələcəyi” adlı bir panel keçirdik. Orada da bu məsələləri danışdıq. Amma təbii ki, görəcəyimiz çox işlər var. Əsas olan türk dövlətlərinin güc birliyidir. Əlbəttə, türk dövlətləri arasında ortaq vətəndaşlıq məsələsi də çox vacibdir. Türkdilli dövlətlərdən gələn tələbələrin təhsilinin asanlaşdırılması, türkdilli ölkə vətəndaşlarının digər türkdilli ölkədə iş təminatının təmini, tələbə və təhsil mübadiləsi, ortaq hüquq, ortaq tarix, ortaq əlifba, ortaq mədəniyyət, ortaq iqtisadiyyat və ortaq hərb məsələlərinə nail olmaq üçün var gücümüzlə çalışmalıyıq.
110 illik bir qurum olaraq türk ocaqları da bu istiqamətdə bacardığı qədər dəstəyini əsirgəmir. Yüzədək şöbə və təmsilçiliklərimiz var. Biz mədəni, mənəvi, elmi və təhsil kimi mövzularda türk millətini aydınlatmağa çalışırıq. Türkiyənin Ankara, İstanbul, Kayseri və başqa böyük şəhərlərində akademik məruzələr edirik. Bütün dünya türkləri ilə bağlı araşdırmalar bizim maraq dairəmizdədir.

Sevil Hilalqızı Ünal, Ankara