“Övladlarımın 3-ü də Xankəndi doğumludu”

 
Həvva Məmmədova: “İndi də şəxsiyyət vəsiqələrində həmin ünvandır”

“Həyat yoldaşım mitinqlərə gedirdi, dinləyirdi, gəlib deyirdi ki, vəziyyət yaxşı deyil. 1988-ci ilin sentyabrında ermənilər azərbaycanlıların 60 evini yandırdılar”

  O, Ulu Öndər Heydər Əliyevin Qarabağda (Sovet illərində Azərbaycanımızın bu bölgəsi Arana, Dağa bölünüb adına “Dağlıq Qarabağ” deyilsə də, cənab Prezident İlham Əliyevin “Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazisi artıq yoxdur”, tarixi bəyanatına əsaslanaraq “Dağlıq Qarabağ” kəlməsini işlətmirik – M.R. ) həyata keçirdiyi nəhəng işlərin, erməni millətçiliyinin, separatizminin, terrorunun... hər cür əclaflıqlarının qarşısının alınmasında gərgin fəaliyyətinin canlı şahididir. Biz onunla bir neçə dəfə Xankəndi barədə söhbət etmişik. Çünki Xankəndiyə qəlbiylə və əməliylə bağlı xanımdır. Səhifədə foto da varsa, söhbətin kimdən getdiyini əziz oxucumuz bilir demək; Həvva Məmmədova.  Həvva xanım Azərbaycan insanına daha çox millət vəkili kimi tanışdır. Hazırda millət vəkili olmasa da, bu ad vaxtilə ona çox yaraşıb (fəaliyyətinə görə) deyə, indi də daha çox belə tanınır. Halbuki Həvva xanımın təqdimatı hazırda ölkənin ictimai-siyasi həyatında tutduğu mövqe baxımından xeyli əhatəlidir. Vəzifələri arasında bizcə, müəllimliyi ilk sıradadır. Müəllim cəmiyyətin sütunlarından biridir. Həvva xanımsa Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimi, tarix elmləri doktoru, professordur. 6 kitab, o cümlədən “Xocalı: şəhidlər, şahidlər” kitabının, “Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar” sənədli filminin müəllifidir. Gəncliyi, ömrünün böyük bir hissəsi Qarabağımızın qədim məskəni Xankəndi ilə bağlıdır. Həvva xanımla indi ekoloqlarımızın qapısında keşik çəkdiyi Xankəndi barədə danışdıq. Xanım professorun ilk cümləsi bu oldu ki, Xankəndi özünün yüksəliş, inkişaf mərhələsini məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu illərdə yaşayıb: 
- Bunu tam səmimiyyətlə və tarixi faktlara əsaslanaraq bildirirəm ki, Xankəndi, eləcə də ümumən Qarabağ özünün yüksəliş, inkişaf mərhələsini məhz Ulu Öndər Heydər Əliyev ozamankı sovet Azərbaycanında Mərkəzi Komitənin birinci katibi vəzifəsində olduğu illərdə yaşayıb. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı açıldı. 1973-cü ildə isə filial müstəqil institut oldu. Bu, məhz Ulu Öndərin iradəsinin nəticəsi idi. Heydər Əliyev Qarabağda təhsilin inkişafına böyük əhəmiyyət verirdi, istəyirdi ki, Qarabağın azərbaycanlı əhalisi ali təhsil alsın. Hər kəs Bakıya ali təhsil ardınca gələ bilmirdi. Hər kəs də ali məktəbə qəbul oluna bilməzdi. Xankəndidə Pedaqoji İnstitut fəaliyyətə başladıqda isə qarabağlı gənclər ali təhsil almaq imkanı əldə etdilər. Qarabağın hər tərəfindən – Ağdamdan, Şuşadan, Bərdədən bu instituta təhsil almağa gəlirdilər. Pedaqoji İnstitut Aran Qarabağla Dağlıq Qarabağı birləşdirən bir körpü idi. Mən özüm də Bərdənin Xanərəb kəndində anadan olmuşam, orta təhsilimi başa vurduqdan sonra Xankəndi Pedaqoji İnstitutuna daxil oldum. Tarix fakültəsinə. 1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişəm. Xankəndidəki həyatın tam mərkəzində idim. Mən orda təhsil almasaydım, bu gün Həvva Məmmədova ola bilməzdim.  
- Həvva xanım, Xankəndidəki həyatın mərkəzində olmaq həm də orada məskunlaşmış ermənilərin davranışlarını yaxından izləmək imkanı deməkdir...
Xankəndi Pedaqoji İnstitutunun tələbələri

- Əlbəttə. Biz gənc idik, görürdük ki, ermənilər azərbaycanlıları sıxışdırmağa çalışır, bizə dost münasibət göstərmirdilər. Sanki onlar bizim ərazimizə sonradan gəlməyib, “yad” olan bizik. Bilirsiz, Qarabağın rahatlığı ermənilərin ora köçürülməsiylə pozulub. Qarabağın azərbaycanlı əhalisi təkcə Birinci Qarabağ müharibəsi zamanı didərgin, köçkün düşməyib ki! Qarabağlılar tarixdə bir neçə dəfə köçkünlüyə məruz qalıb. 1905, 1919-20, hətta 1921, 1927-ci illərdə. 1937-ci ildə 4 min azərbaycanlı Qarabağdan qonşu rayonlara köçürülüb. 2 ay sonra 5 min erməni ailəsi Qarabağa yerləşdirilib. Belə bir etnik təmizləmə siyasəti aparılıb illərlə. Hansı ki biz bunun təzahürünü 1988-92-ci illərdə də gördük. Azərbaycanlılar həm tarixi vətənləri Qərbi Azərbaycandan qovuldular, didərgin salındılar, həm də Qarabağdan köçkün düşdülər. Ermənilər Xankəndidə azərbaycanlıların qeydiyyata düşməsini əngəlləyirdilər. Ev tikməyə icazə vermirdilər. Hansısa ailədə övlad dünyaya gəlirdi, onu da qeydiyyata almaq istəmirdilər. Mən bu iyrənc siyasətin şahidi olmuşam. Əhalinin siyahıya alınmasında da erməni millətçiləri saxtakarlığa əl atırdı. Erməni əhalisinin sayını çox, azərbaycanlıların sayını az göstərirdilər. Ulu Öndər çıxışlarında xatırladırdı ki, dövlət təhlükəsizlik orqanında işlədiyi illərdə, həm də KP MK-nın katibi olduğu zaman Qarabağın azərbaycanlı əhalisinin yaşayışı ilə maraqlanırdı. Heç kəsə sirr deyil ki, məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Qarabağda erməni separatizminin qarşısı alınırdı. Ermənilər Heydər Əliyevdən qorxurdular, çəkinirdilər. Onun milli insan olduğunu bilirdilər, milli təəssübkeşliyinə bələd idilər. Nahaq demirəm ki, Qarabağın yüksəlişi Heydər Əliyevin hakimiyyətdə olduğu illərdir. Xankəndidə təkcə Pedaqoji İnstitut fəaliyyətə başlamadı. Xankəndidə Tibb Texnikumu açıldı. Rəhmətlik professor Zəhra Quliyeva (Qadın Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri) danışırdı ki, Heydər Əliyev ona zəng edib ən bacarıqlı, savadlı həkimləri Xankəndiyə göndərməsini tapşırırmış. 
- Niyə Zəhra Quliyevaya? 
- O, həmin illərdə Azərbaycan Tibb İnstitutunun rektoru olub (1972-83). 
- ...
- Ali məktəbi bitirənlər axı təyinatla bölgələrə göndərilirdi. Heydər Əliyev də tapşırırmış ki, savadlı kadrları Xankəndiyə göndərin. İstəyirdi ki, Xankəndidə milli kadrlarımız çox olsun, azərbaycanlılara öz həkimlərimiz xidmət etsin. Heydər Əliyev Qarabağın azərbaycanlı əhalisinin qayğısına qalırdı. Xankəndidə dram teatrı, muzeylər fəaliyyət göstərirdi. 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu çəkildi. Heydər Əliyev dəmir yolunun açılışında şəxsən iştirak edib. Mən o zaman tələbə idim, biz tələbələr də açılışa getmişdik. Xankəndidə böyük müəssisələr, fabriklər vardı. Qırmızı mərmər çıxarılırdı, xaricə satırdılar. İnkişaf edən təkcə Xankəndi deyildi. Həmin illərdə Ağdamda, Şuşada böyük tikintilər həyata keçirildi. Vaqifin məqbərəsi açıldı... Yəni Qarabağın hər daşında, qayasında Heydər Əliyevin izi var. Nə qədər ki, Heydər Əliyev KP MK-nın birinci katibi idi, ermənilər baş qaldıra bilmirdilər. Terrorçuluqdan heç vaxt əl çəkməyiblər. Amma iri miqyasda planlar həyata keçirə bilmirdilər, çünki Heydər Əliyev qarşısını alırdı. Ulu Öndərin öz sözləridir ki, 30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlayıb, ancaq qarşıları alınıb. Heydər Əliyev deyirdi ki, özü şəxsən bunların şahididir və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısı olub. 1966-cı ildə İrəvan şəhərində qeyri-qanuni "Erməni gənclər ittifaqı" adlı təşkilat yaradılıbmış. Özlərinin proqramı, nizamnamələri vardı. Arxiv materiallarında qeyd olunur ki, həmin təşkilatın iki nümayəndəsi 1965-ci ilin noyabr ayında Qarabağa (ozamankı Martuni rayonuna) gələrək orada ezamiyyətdə olan DQMV mərkəzi kitabxanasının metodisti Saakyanla görüş keçiriblər. Saakyana həmin təşkilatın 4 nüsxədən ibarət proqram və nizamnamələrini verib bildiriblər ki, bundan 200 nüsxə çoxaldaraq Qarabağda yaşayan ermənilərə paylasın, eyni zamanda təşkilatın yerli nümayəndəliyini yaratsın.
- Həvva xanım, siz bir dəfə erməni uşağının Xankəndidə öldürülüb məktəbin həyətinə atılmasından danışmısınız. 
- Bəli, bu hadisə 1967-ci ildə olub. Ulu Öndər Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin sədri vəzifəsində çalışdığı vaxt. Erməni uşağını öldürüb məktəbin həyətinə atmışdılar. Söz yaymışdılar ki, guya onu azərbaycanlılar öldürüb. 
- O məktəb Xankəndidə idi?
- Yox, kənd məktəbi idi. Bu hadisə barədə DTX arxivlərində materiallar var. Ermənilər guya bu qətldə şübhəli şəxs qismində saxlanan məktəbin direktoru Ərşad Məmmədovu və əmisi oğlunu məhkəmə zalından oğurlayıb öldürmüşdülər. Sürücü isə “konvoy” maşınında yandırılmışdı. O vaxt bu hadisə ölkədə böyük səs-küyə səbəb oldu. Heydər Əliyev Qarabağa gəldi, şəxsən onların dəfnində iştirak etdi. Və orada nitq söylədi. Qətiyyətlə dedi ki, bu qətli törədənlər mütləq tapılacaq və cəzalandırılacaq. Elə də oldu. Erməni təxribatının icraçıları olan 20 nəfər milliyyətcə erməni şəxs həbs edildi. Onlardan 5 nəfərə ölüm hökmü kəsildi, 14 nəfər isə müxtəlif müddətlərə azadlıqdan məhrum edildi. İşin istintaqını Heydər Əliyev şəxsən özü nəzarətə götürmüşdü. Hətta bu məqsədlə Xankəndiyə gedərək 15 gün orada qalıbmış. Görürsünüz, erməni təxribatları heç vaxt ara verməyib. Nələri yox idi onların? Dediyim kimi, Xankəndi inkişaf etmiş, hər cür iqtisadi imkanları olan şəhər idi. Ermənilərin yaşadığı kəndlərə qaz da çəkilmişdi. İşıq, su, hər şeyləri vardı. Xankəndidən 15 kilometr şimal-qərbdə iki kənd – Kosalar və Ballıca var. Kosalar – qayınatamın kəndiydi, azərbaycanlı kəndidi, Ballıcada ermənilər yaşayırdı. Ballıcaya qaz çəkilmişdi, amma Kosalara yox. 
- Siz Xankəndini nə zaman tərk etdiniz? 
- 1988-ci ildə Xankəndidə separatizm meyilləri gücləndi, fevral ayında ilk mitinq təşkil etdilər, Azərbaycan əleyhinə şüarlar səsləndrməyə başladılar. Ermənistana birləşmək “arzularını” açıq şəkildə dilə gətirdilər, biz azərbaycanlıların müsibətli günləri başladı. Həyat yoldaşım mitinqlərə gedirdi, dinləyirdi, gəlib deyirdi ki, vəziyyət yaxşı deyil. 1988-ci ilin sentyabrında ermənilər 60 evi yandırdılar. Azərbaycanlıların evlərini. Biz Kərkicahana köçdük. 1990-cı ilədək Kərkicahanda yaşadıq. Sonra başqa bölgələrdə də məskunlaşdıq. 3 ay Bərdədə qaldıq. Çox zülümlər çəkdik... Nəhayət Bakıya gəldik, mən Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil oldum... Sonrası da bilirsiniz... 
- Həvva xanım, həyat yoldaşınızla Xankəndidə tanış olmuşdunuz?
- Bəli. 
- Övladlarınız...
- 3 övladım var, 5 nəvəm. Övladlarımın 3-ü də Xankəndi doğumludu. İndi də şəxsiyyət vəsiqələrində Xankəndi ünvanıdır. Böyük oğlum hərbçidi. 
- Eləmi, bilmirdim...
Xankəndi Pedaqoji İnstitutunun tələbələri

- Suqovuşanın alınmasında oğlumun komandir olduğu briqada iştirak edib.
- A, doğrudan?  
- Bəli, “Qarabağ” ordeni ilə təltif edilib.
- Nə yaxşı. Halal olsun!     
Həvva xanım, bayaq Kosalar kəndinin adını çəkdiniz, dediniz, qayınatanızın kəndidi. Üzr istəyirəm, siz əslən bərdəlisiniz? 
- Xeyr. Anam şuşalı qızıdı. Atamsa Qərbi Azərbaycanın Sisyan rayonundan. 
- Hardan hara, Həvva xanım...
- Atamgil, yadımda qalan budu ki, 1918-20-ci illərdə Naxçıvana köçüblər. Sonra Qarabağa - Ağdama gəliblər, daha sonra Bərdədə yaşamağa başlayıblar.  
- Ananızla Bərdədə tanış olub?
- Yox, atam sürücü olub. Şuşa yolunda anamı görüb... Həyat yoldaşımın da atası Kosalar kəndindəndi. 
- Bütün Azərbaycanı əhatələyirsiniz ki! 
-Elədi...
- Çox sağ olun, Həvva xanım, maraqlı söhbətə görə. Təşəkkür edirik. 
- Siz də sağ olun. 

Söhbətləşdi: Məlahət Rzayeva