“Cahan pəhləvan” diri-diri basdırıldı!


Qəbri açılanda insanlar gördüklərinə inana bilmədi

  “Cahan pəhləvan”ı adını almış Qara Əhmədin həyatı və vəfatı hələ də dillərdə dastandır. Məzara qoyularkən pəhləvanın diri olması rəvayətləri də dolaşır. “Şərq” “Milliyet.com”a istinadən Qara Əhməd pəhləvanın həyatına işıq tutur. Şöhrəti Anadolunu aşaraq Avropaya yayılmış Qara Əhmədin boyu 1.80, çəkisi 105 kiloqram olub. Qolları möhkəm, əzələli, biləkləri qalın, əlləri isə aslan pəncəsinə bənzəyirmiş. Boynundan 3 musqa (içində dua olan bükülü) asarmış. Türkiyəli yazar Əhmət Midhət Əfəndi Qara Əhmədi belə təsvir edib. Qarşısında heç bir pəhləvanın duruş gətirə bilmədiyi Qara Əhmədin ölümü isə əsl qorxu filmlərini xatırladır. Qara Əhməd Bolqarıstanın Rusçuk bölgəsində, Razqrad əyalətinin Umurköy kəndində 1971-ci ildə doğulub. Atası Uzun Əli adıyla tanınırmış. Əhmədin doğulduğu bölgə pəhləvanları ilə məşhur olub. Bura Osmanlının qolu bükülməyən pəhləvanlarının yurdu sayılıb. Qara Əhməd də qolu bükülməyən pəhləvanlar sırasındadır. 20 yaşına çatdığında qarşısına çıxacaq, ona rəqib sayılacaq bir başqa pəhləvan olmayıb. Qara Əhməd “bu yurdda qalırsam, döyüşməyə bir kimsə tapmayacağam”, fikri ilə bölgəni tərk edib, 1892-ci ildə İstanbula gəlib. İstanbulda Taxtaqala Ləbləbiçi Karvansarayına yerləşib. Burada həmyerlisi İbrahim Pəhləvanın şagirdi olub və misirli şahzadə Abbas Həlim Paşanın himayəsinə keçib. Beləliklə “Paşanın pəhləvanı” kimi tanınıb. Gelibolu mövləvi şeyxi Mustafa Daniş Əfəndinin təşkil etdiyi güləş yarışına qatılıb. Kazandərəli məşhur Məmiş pəhləvanı yarışda məğlub edib. Beləcə məşhurlaşmağa başlayıb. Yarışlarda iştirak edən Qara Əhməd avropalıların da diqqətini çəkir. Çardaq güləşində qalib gələn Qara Əhməd parisli Pyerin dəvətiylə Fransaya gedib. Və Avropada güləş yarışlarına qatılıb. Avropada yarışlara qatılan Qara Əhmədin kürəyini kimsə yerə vura bilməyib. Rusiyada da dəfələrlə meydançaya çıxıb və həmişə də qalib olub. 1896-cı ildə qalib, yenilməz pəhləvan olaraq İstanbula dönüb. Amma Qara Əhməd heç vaxt yağlı güləş yarışlarına qatılmayıb, çünki qolları güclü olsa da, qısa idi. Qara Əhmədin bədən quruluşu yunan-roma güləşi (ayaqlara toxunmadan icra olunan güləş növü) üçün uyğun olub.  İstanbulda bədən tərbiyəsi dərsləri təlim edib. Fransız dilini öyrənib. 1899-cu ildə yenidən Parisə səfər edib və qatıldığı güləş yarışlarında qalib olub. Məşhur avropalı pəhləvan Laurentlə 1 saat 6 dəqiqə sürən yarışda da Qara Əhməd qalib gələrək “Cahan Pəhləvanı” titulu qazanıb, qızıl medalla və pul mükafatıyla təltif edilib. Qara Əhmədin Paul Pons adlı fransız pəhləvanla güləşi tarixi hadisə olub. Pəhləvanlar 26 dəfə qarşılaşıb. Sonda yenə Qara Əhməd qalib olub. Bu yarışmadan sonra xalq Qara Əhmədi qəhrəman kimi qarşılayıb. Bir müddət sonra pəhləvanın ayaqlarında şiş əmələ gəlib. Səhhətində problem yaranıb. Həkim ürəyində problem olduğunu deyib, lakin o, müalicə almayıb, səhhətinə fikir verməyib. 1902-ci ildə yenidən Parisə gedib, yenə yarışlara qatılıb, qalib gəlib. Lakin sinəsində və qollarında sancılar başlayıb, o, yarışı yarımçıq saxlamalı olub. Xəstəxanaya yerləşdirilib. Bir neçə günlük müalicədən sonra İstanbula qayıdıb. Artıq güləşi tərk edib, dövlətin bağışladığı evdə yaşayıb. 1902-ci il may ayının 25-də “özümü yaxşı hiss etmirəm” deyən Qara Əhməd yerə yıxılıb, qalxmaq istəsə də bacarmayıb, son nəfəsində “Ah, Ayşə…” söyləyərək həyat yoldaşının adını çəkib. Qara Əhmədin ölüm səbəbi ürək tutması qeyd edilib. Vəfat etdiyində 32 yaşı vardı. Deyilənə görə, dəfn edildiyi gün bütün gecə məzarından inilti səsləri gəlib. Ertəsi gün məzarı açılıb. Məzar açıldığında mənzərə ilə qarşılaşanlar şoka düşüb. Qara Əhmədin başı bədənindən ayrılıbmış! Əlləri də qan içində olub. Məlum olub ki, pəhləvan sadəcə, bayılıbmış, amma onu öldü sanıblar, canını tapşırmamış kəfənləyib, dəfn ediblər. Belə çıxır ki, Qara Əhməd məzarda oyanıb, oradan çıxmağa can atıb, buna görə də əlləri, sinəsi qana bulaşıb. Qara Əhməd yenidən yuyularaq kəfənlənib və təkrar dəfn edilib. Məzarının üstünə belə bir şeir həkk edilib:  
Oku bir fatiha geç öyle zair,
Ki kalmaz kimseye bu dehri fani,
Suküta penç ile kaydoldu tarih,
Cihan arslanı terk etdi cihanı.