Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
“Sherg.az” “Meydan hərəkatı”nı işıqlandıran azərbaycanlı fotoqraf Rasim Sadıqov ilə həmsöhbət olub:
-Bu arxiv sizdən başqa kimdəsə, mövcuddurmu? Meydanda başqa kimlər çəkiliş aparırdı?
-O günləri cəmi bir neçə adam çəkə bilib. Foto-müxbir kimi mən, operatorlar isə kinostudiyadan iki nəfər uşaq idi, vəssalam. Digər heç kim çəkiliş apara bilmirdi. Çünki meydandakı insanlar əlində kamera olanlardan ehtiyyat edirdilər.
-Çəkiliş aparmağı sizə kim təklif etdi? İcazəni necə aldız?
- Meydan hərəkatı yeni başlamışdı və Nəcəf Nəcəfov məni çağırıb dedi ki, meydandan çəkiliş aparmaq lazımdır, amma problemlə qarşılaşırıq. Bizim göndərdiyimiz fotoqrafları döyüb, kameralarını sındırıb geri göndərirlər. Mən də öncə meydana kamerasız getdim. Çünki çəkiliş aparacağım yeri öyrənməli idim. Gördüm ki, şərait çox çətindir və çəkiliş aparmaq mümkün deyil.
-Bəs necə oldu ki, çəkiliş apara bildiz?
- Nəcəf Nəcəfovun otağına qayıdıb dedim ki, bəy burada çəkiliş aparmaq mümkün deyil. Tək çıxış yolu Əbülfəz Elçibəy çıxış edərkən əlimdə kamera ilə onun şəklini çəkməyimdir.
Ona görə ki, yalnız belə vəziyyətdə meydan məni tanıya bilərdi. Hətta mən çəkiliş zamanı tanınmaq üçün fərqli geyim geyinmişdim. Bir iki gün tribunada çəkiliş edəndən sonra meydan məni özününkü hesab etdi. Ardınca isə aşağı düşüb rahat işimi görməyə başladım.
-İnsanlar niyə fotoqraflardan çəkinirdi?
-Həmin dövr qarışıqlıq idi və əlində kamera olanların KQB-yə işlədiyi düşünülürdü. İnsanlar hesab edirdilər ki, şəkillər KQB-yə veriləcək və onlar “Meydan hərəkatı”ndan sonra bir-bir çağırılaraq cəzalandırılacaqlar.
-Meydandakı insanlar hansı ab-hava içərisində idilər?
-Hər kəs azadlıq uğrunda əzm nümayiş etdirirdi. Təsəvvür edin, Meydanda 1,5 milyona yaxın adam toplaşmışdı. İzdiham o qədər böyük idi ki, kamera ilə bütöv kadr çəkməyə çətinlik çəkirdim. Çünki o vaxtkı kameralar ilə bütöv meydanı götürmək mümkün deyildi. Mən də fotoları hissə-hissə çəkib sonra birləşdirirdim.
-Ən yadda qalan anlar və çəkdiyiniz fotolar hansılar olub?
-Ən qürurverici an üçrəngli Azərbaycan bayrağının meydana gəlməsidir. O anı unutmaq olmaz. Təsəvvür edin ki, hər yerdə qırmızı Sovet bayrağı və birdən meydanda üçrəngli Azərbaycan dalğalandı. Bu anı sözlə ifadə etmək olmaz. Bayrağımız şanlı dalğalanırdı və insanlar onun ətrafına toplaşmışdı. Hətta kənarda dayanan polislər belə ora getməyə cürət etmədi. Digər ən gözəl məqam isə 18 oktyabrda milli məclisə Azərbaycan bayrağının gəlməsidir. O kadr da məndə var.