“Bu iş tək məhkəmə ilə bitməyəcək. Sonuna qədər mübarizə aparacam”
“Space” TV-nin vəzifəsindən azad olunan aparıcısı Zamirə Dadaşova telekanaldakı işinə bərpa olunmalıdır. Bununla bağlı Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən iclasda qərar verilib.
Z.Dadaşovanın vəkili Sadiq Rəsulov müvəkkilinin işə bərpa edilməsi və işləmədiyi dövrə görə əməkhaqqının ödənilməsini tələb edib.
İddia tam təmin edilib. Bundan əvvəl isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Space” telekanalının prezidenti Vado Korovini 1700 manat cərimə edib. V.Korovin qərardan şikayət versə də, məhkəmə təmin etməyib. Məhkəmə belə qənaətə gəlib ki, Z.Dadaşova ilə bağlanmış əmək müqaviləsində iş saatları düzgün müəyyən edilməyib.
Xatırladaq ki, bir müddət əvvəl Z.Dadaşova “Space” TV-nin rəhbəri Vado Korovindən şikayətçi olmuşdu. O, telekanalda hökm sürən özbaşınalıqlar haqda feysbuk hesabında yazmışdı.
Məhkəmənin qərarı və bundan sonra atacağı addımlarla bağlı “Sherg.az”a müsahibə verən Zamirə Dadaşova deyib ki, normal şirkətlərdə yeni rəhbərlik hansısa əməkdaşla işləmək istəmirsə, onun fəaliyyəti iş prinsipinə uyğun gəlmirsə, həmin əməkdaşın özü ilə danışıb şərtlərini irəli sürür. Şərtlər işçiyə uyğun olmadıqda isə öz razılığı ilə ərizəsini yazıb çıxır:
- Əgər Vado Korovinin tamaşaçılara təqdim etmək istədiyi verilişlər mənim iş prinsipimə uyğun deyildisə, məni çağırıb bu barədə məlumatlandıra bilərdilər. Deyə bilərdilər ki, Zamirə xanım, biz bu gündən şou proqramlara üstünlük verəcəyik, bu cür verilişlər aparmağa razısınız, ya yox? Mən də ciddi xəbər aparıcısı olduğumu, özümü şou aparıcısı kimi görmədiyimi deyib, öz ərizəmlə işdən çıxardım. Sözün açığı, Vado Korovin “Space” televiziyasına gələn gündən artıq onun televiziyanın konsepsiyasının dəyişəcəyi, kanalın proqram siyasətinin tamamilə şoulaşacağı barədə söz-söhbətlər yayılmışdı deyə özüm gedib bu barədə onlarla açıq-aşkar danışdım.
Onsuz da Vado Korovin gələndə “Space”nin köhnə kollektivini işdən azad etməyə başladılar. Mən də soruşdum ki, əgər mənimlə işləmək istəmirsinizsə, verilişimin mövzusu sizin konsepsiyaya uyğun deyilsə, ərizəmi yazım, gedim. Dedilər ki, sizin verilişi bəyənirəm, çəkilişlərinizi davam edə bilərsiniz. Bu söhbətdən sonra mən də çəkilişlərimə davam etdim. Komanda ilə birgə 4 veriliş çəkdik. Bir veriliş efirə getdi, ikinci verilişimin günü çatanda isə mənə bildirmədən efirdən çıxartdılar.
27 illik iş təcrübəsi olan bir aparıcı kimi bu addımı özümə qarşı hörmətsizlik kimi qəbul etdim. Verilişin efirdən çıxarılması böyük bir hadisə deyil, efir məkanında bu cür hallar çox olur, amma mütləq ki, bir səbəbi olmalıdır axı. Təsəvvür edin, çəkilişin qonağı mənə zəng edib verilişin niyə efirə getmədiyini soruşur. Mənim isə heç nədən xəbərim yoxdur. Zəng edirəm ki, səbəbini öyrənim, heç kim telefonlarıma cavab vermir.
- Verilişin mövzusu nə idi ki?
- Çəkiliş 102 yaşlı müharibə və əmək veteranı Fatma Səttarova ilə bağlı idi. Verilişin anonsu belə gedib ki, axşam saat 21.00-da efirə gedəcək, lakin tamaşaçı axşam efirə baxır ki, veriliş yoxdur. Təsəvvür edirsiniz bu halı? Qonaq həmin an mənim haqqımda nə düşünər? Ən pisi də odur ki, mənim heç nədən xəbərim yoxdur, amma haqlı olaraq qonaq mənə zəng edib verilişin niyə efirə getmədiyini soruşur.
Səbəbsiz və xəbərsiz verilişin bağlanması sadəcə mənə yox, 102 yaşlı Fatma xanıma da böyük hörmətsizlik idi. O yaşda qadını pavilyona gətirtdik, neçə saat çəkiliş oldu, müvafiq təsdiqləmədən keçdi. O yaşda xanım həyəcanla çəkilişin efirə gedəcəyini gözləyir, ətrafındakı bütün insanlara bu barədə məlumat verib ki, məni göstərəcəklər, baxarsınız. Bunlar da aparıcıya heç nə demədən götürüb verilişi efirdən çıxarır. Zənglərimə cavab verilmir deyə proqram şöbəsinə mesaj yazdım və mənə dedilər ki, bizə veriliş efirdən çıxarılmasın deyilib sadəcə. Başqa bir məlumatımız yoxdur.
Nəysə ki, sonradan qonağın zəngindən sonra növbəti həftə həmin veriliş efirə verildi. Digər verilişlər isə verilmədi və mənə mesaj göndərdilər ki, sizin verilişiniz ixtisara düşüb. Daha sonra isə İnsan Resurslarından bildiriş gəldi ki, əgər sizdən bir cavab gəlməsə, qeyd-şərtsiz müqavilənizə xitam veriləcək. Mən də etiraz olaraq ərizə yazmayacağımı bildirdim. İxtisara düşməyim barədə xəbərdarlıq məktubu verdilər. Guya ki, aparıcı ştatı ixtisara düşüb. Görün necə savadsızdılar ki, verilişin bağlanması ilə aparıcı ştatının ixtisarı arasındakı fərqi bilmirlər. Veriliş bağlanıb, aparıcıya başqa bir veriliş ver. Məni işdən çıxarmaq üçün “Space”nin bütün aparıcı ştatını ləğv ediblər. Düz 12 gündən sonra bunların yadına düşüb ki, bütün kanalın aparıcı ştatı ləğv edilib. Həmin əmri ləğv ediblər, üstəlik, bu barədə də mənə heç bir məlumat verilməyib. Bunu mən məhkəmə prosesində öyrəndim.
- Məhkəməyə nə üçün müraciət etdiniz?
- İşdən çıxarılmamla bağlı bildirişdən sonra gözləyirdim ki, 9 həftəm tamam olsun ki, gedib əmək kitabçamı götürüm və yeni işimə başlayım. Artıq danışmışdım və iyunun 10-dan başqa bir kanalda işə başlayacaqdım.
2 ayın tamamında həyat yoldaşım kanalın insan resursları şöbəsi ilə əlaqə saxlayıb dedi ki, əmək kitabçasını hazırlayın, gəlib götürəcəyik. Kanaldan dedilər ki, sizinlə əlaqə saxlayacağıq. Mənə mesaj göndərdilər ki, gəlin, işdən çıxmağınız haqqında ərizə yazın. Etiraz etdim ki, ixtisara düşmüşümsə, niyə öz istəyimlə işdən çıxmağıma dair ərizə yazmalıyam? Necə ki məni ixtisara salıblar, həmin səbəblə də işdən azad edib əmək kitabçamı versinlər. Vodo Korovinin imzası ilə xəbərdarlıq göndərildikdən sonra fikir dəyişmək nə deməkdir? Əmək kitabçamı vermədikləri üçün Əmək Müfəttişliyinə müraciət elədim. Təsəvvür edin, ayın 10-u səhər saatlarında vəkilim “Space”yə rəsmi məktub göndərib ki, bizə Zamirə xanımın işdən çıxarılması ilə bağlı Əmri və əmək kitabçasını təqdim edin. Bunlar da saat 16:00-da mənə zəng ediblər ki, biz sizi 2 aydır işə gəlmədiyinizə görə işdən azad edirik.
- Sizi borclu çıxarıblar....
- Halbuki mənim əmək müqaviləmdə “normallaşdırılmamış iş rejimi” ifadəsi var. Yəni efirim və çəkilişim olan günlərdə efirə getməliyəm. Veriliş bağlanıb, çəkilişlər dayandırılıbsa, mən işə niyə getməliyəm? Yəni faktiki olaraq 3 ay verilişim olmasa mən evimdə oturub maaşımı almalıyam.
- Sizə göndərilən xəbərdarlıqlar qalır?
- Bəli, məndə mesajlar da, faktlar da var. Hamısı da məhkəməyə təqdim edilib. Vado Korovinin imzası ilə mənim işdən azad olunmağım barəsində iki Əmr imzalanıb. Əmrin nömrəsi, tarix eynidir, lakin məzmun fərqlidir. Bir insanı neçə dəfə işdən çıxartmaq olar axı?!
- Bundan sonra nə edəcəksiniz? Məhkəmə “Space”dəki işinizə bərpa olunmağınızla bağlı qərar verib.
- Rəsmi iş yerim olmasa da, öz verilişimi təqdim edib müddətli müqavilə ilə başqa bir kanalla əməkdaşlıq edirəm. Həm də məhkəmə prosesi davam etdiyinə görə bu barədə konkret fikir bildirmək istəmirəm. Əslində, mənim dərdim maaş, “Space”də işləmək də deyil. Məni ən çox qıcıqlandıran 27 illik bir aparıcının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılmağımdır. Hansı ki bu maddə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə icra edilir. Mən dövlət başçısı tərəfindən “Tərəqqi” medalı, mənzillə təltif olunmuşam. Ziyalıların mənim verilişim, şəxsən mənim haqqımda dedikləri bəllidir. İllərin aparıcısını belə bir ağır və riskli bir maddə ilə işdən çıxartmaq yolverilməzdir. 27 il ərzində bir dəfə töhmət almamışam, hətta filan şeyi səhv etmisən belə deyilməyib. Ancaq Vado Korovinin bir əmri ilə mənim 27 ildə qazandıqlarımın üstündən xətt çəkib, mənə ləkə yaxmaq istəyirlər. Bunun başqa bir adı yoxdur.
- Sosial şəbəkələrdə Zamirə peşəkar aparıcıdır, AZTV məktəbi keçib, intellekti, efir mədəniyyəti olan xanımdır. Elə o “Space”də işləməsə yaxşıdır – kimi rəylər də yazılır...
- Deməli, “Space”yə səviyyəli veriliş lazım deyil. Bu gün verilişlərin səviyyəsi, kanalın vəziyyəti göz önündədir. Görünür, mənim orada işləməyim də onlar üçün çox imiş, sadəcə, fürsəti dəyərləndirə bilmədilər.
- Yəni “Space”yə qayıtmayacaqsınız?
- Yenə deyirəm, bu barədə danışmaq istəmirəm. Niyə? Qarşı tərəfə informasiya vermək, bundan sonrakı addımlarımla bağlı onları məlumatlandırmaq istəmirəm. Bu iş tək məhkəmə ilə bitməyəcək. Sonuna qədər mübarizə aparacam. Mənim məqsədim ədalətin bərpa olmasıdır. Mənə edilən yanlışlığa göz yummayacam. Oturduqları “kreslo”ya güvənərək insanları sındırmaq, onların karyerasını məhv etmək olmaz.