“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - Tofiq Zülfüqarov

  • “Qərbin bölgədəki təsiri bəyanatlarla yox, milyardlarla ölçüləcək”
  • "3+3 formatı xarici gücləri sıxışdırmaq alətinə çevrilə bilməz"
  • “Masada təklif varsa, Azərbaycan baxacaq”

Azərbaycan və Rusiya arasında son aylarda müşahidə olunan diplomatik gərginlik fonunda xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya rəsmi səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Münasibətlərdə yaranmış soyuqluq, qarşılıqlı narazılıqlar və təmasların məhdudlaşmasından sonra tərəflərin dialoqu bərpa etmək istiqamətində atdığı addımlar diqqət çəkir. Məhz bu şəraitdə Moskvada keçirilən Bayramov–Lavrov görüşü təkcə ikitərəfli əlaqələrin normallaşdırılması baxımından deyil, həm də Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar, regional əməkdaşlıq mexanizmləri və nəqliyyat-kommunikasiya layihələrinin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı tərəflər siyasi dialoqun bərpası, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, “3+3” regional platforması, Azərbaycan–Ermənistan normallaşma prosesi və beynəlxalq təhlükəsizlik gündəliyini müzakirə ediblər. Həmçinin görüşün yekununda 2026–2027-ci illər üçün xarici işlər nazirlikləri arasında məsləhətləşmələr planının imzalanması Bakı ilə Moskvanın münasibətləri institusional əsasda yenidən aktivləşdirmək niyyətini ortaya qoyub.

Bu görüşün geosiyasi əhəmiyyəti, Bakı-Moskva münasibətlərinə mümkün təsirləri və region üçün yaratdığı perspektivlər barədə sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun fikirlərini öyrənməyə çalışdıq.

Sherg.az müsahibəni təqdim edir:

-Bayramov-Lavrov görüşü Azərbaycan-Rusiya münasibətlərində normallaşma siqnalı kimi qiymətləndirilə bilərmi?

-Birincisi, bu səfər yeni bir mərhələdir. Çünki cənab Prezident elan edib ki, artıq böhran başa çatıb. Xarici işlər nazirinin bu dəfəki səfərinin məqsədi də bundan ibarətdir. Çünki bilirsiniz ki, böhrandan əvvəl münasibətlər müxtəlif istiqamətlərdə inkişaf edirdi. Amma böhran dövründə əvvəlki təcrübə və münasibətlər artıq aktual deyildi.İndi isə onların bərpası prosesi gedir və burada əsas rol Xarici İşlər Nazirliyinə məxsusdur. Orada müzakirə olunan məsələlər, sizin də sadaladığınız kimi, iki ölkə arasında siyasi dialoqun davamlı olması üçün əhəmiyyətlidir və nəticələri müxtəlif istiqamətlərdə özünü göstərəcək. Hər halda, bəyanatlardan mən belə nəticə çıxarıram.

-Bu görüşdən sonra Bakı ilə Moskva arasında etimadın bərpası və siyasi dialoqun dərinləşməsi üçün hansı praktik addımların atılması vacibdir?

-Birincisi, həm Azərbaycan, həm də Rusiya tərəfindən siyasi iradə var. İndi isə praktiki sahələrdə əməkdaşlığın və münasibətlərin bərpası gedəcək. Buraya iqtisadi münasibətlər, humanitar sahədə əməkdaşlıq, siyasi münasibətlər, xarici siyasət platformalarında mümkün əməkdaşlıq və digər istiqamətlər daxildir. Sahələr çoxdur -mədəniyyətdən tutmuş yüksək səviyyəli siyasi münasibətlərə qədər. Bu baxımdan gündəm kifayət qədər genişdir. Ümumilikdə, böhran dövründə bu sahələrin hamısı ən yaxşı halda dondurulmuşdu. Hətta demək olar ki, təkcə dondurulmamış, münasibətlərin səviyyəsi də xeyli aşağı düşmüşdü. Humanitar sahəni götürsək, burada da əlaqələr çox zəifləmişdi. İndi isə onların bərpası prosesi mərhələli şəkildə baş verəcək.

- Cənubi Qafqaz siyasətində prioritetləri dəyişirmi, yoxsa əvvəlki xəttini qoruyur?

Burada bəyanatları və real addımları ayrı-ayrı qiymətləndirmək lazımdır. Rusiya Ukraynayla müharibə fonunda siyasi, hərbi və bəlkə də iqtisadi böhran yaşayır. Bunları bəyanatlarla ört-basdır etmək olmaz. Həmçinin Rusiya tərəfindən səslənən bəyanatlar real təhlil üçün çox az informasiya verir. Onlar daha çox təbliğat xarakteri daşıyır. Müharibə şəraitində fərqli bəyanatlar gözləmək də düzgün olmazdı. Bu baxımdan imkanlar, təbii ki, azalır. İqtisadi əməkdaşlıq üçün də, siyasi əməkdaşlıq üçün də imkanlar əvvəlki kimi deyil. Biz başa düşməliyik ki, şimal qonşumuz müharibə şəraitindədir və bunun nəticəsində imkanları da təbii olaraq məhdudlaşır.

-3+3 platforması mövcud geosiyasi şəraitdə real regional əməkdaşlıq mexanizminə çevrilə bilərmi?

-Bu məsələ maraqlıdır. Açığı, Rusiya tərəfindən verilən həmin bəyanatı bir qədər ehtiyatla qarşılayardım. Biz başa düşürük ki, kommunikasiya baxımından, müharibə və sanksiyalar nəticəsində Azərbaycan Rusiya üçün demək olar ki, alternativi olmayan ölkələrdən biridir. Mən istisna etmirəm ki, münasibətlərin müsbət istiqamətdə dəyişməsinin səbəblərindən biri də budur. Çünki Şimal–Cənub dəhlizi hələ tam şəkildə formalaşmayıb. Amma bu istiqamətdə həm İranın, həm də Rusiyanın maraqları var ki, Azərbaycandan tranzit ölkə kimi istifadə olunsun. Bu baxımdan “3+3” formatına da baxmaq lazımdır. İdeya və konsepsiya baxımından bu format region ölkələrinin öz aralarında əməkdaşlıq etməsini nəzərdə tutur və bu, müsbət yanaşmadır. Amma bunu regiondan kənar ölkələrin təsirini məhdudlaşdırmaq vasitəsinə çevirmək, təbii ki, Azərbaycan tərəfindən qəbul edilmir. Cənubi Qafqaz ölkələrinin də hamısı bunu qəbul etmir. Bu baxımdan hər şey konkret təkliflərdən asılıdır. Təkliflər ortaya çıxandan sonra onların mahiyyəti və Azərbaycanın milli maraqlarına uyğun olub-olmaması müəyyənləşəcək.

-Rusiya Cənubi Qafqazda sıxışdırıldığı bir vaxtda Qərbin regionda getdikcə daha da fəallaşdığını görürük. Bu fəallıq Rusiyanın tamamilə sıxışdırılmasına, yaxud Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərə bilərmi?

-Mən belə deyərdim: Sovet dövründən qalan Rusiyanın bu bölgədəki monopoliyası təbii səbəblərdən ya dağılıb, ya da iflas edib. Region ölkələri də təbii olaraq müxtəlif siyasi və iqtisadi güc mərkəzləri ilə münasibətlərini genişləndirmək istəyirlər. Bu, həm Azərbaycanın, həm də digər ölkələrin milli maraqlarına uyğundur. Biz başa düşməliyik ki, biz artıq böyük dünyanın bir parçasıyıq. Hər kəs kimi, biz də milli maraqlarımıza uyğun tərəfdaşlar və dostlar axtarırıq. Qərbin fəallaşması təkcə bəyanatlarla yox, real investisiyalarla ölçülməlidir. Məsələn, Vaşinqton görüşündən sonra ABŞ konkret investisiya planlarından danışdı. İndi əsas məsələ onların reallaşıb-reallaşmayacağıdır. Digər tərəfdən, başqa ölkələr bu investisiyalarla rəqabət apara biləcəkmi, bu da ayrıca sualdır. Hələlik bunlar təbii proseslərdir. Rusiya da, Qərb də müəyyən məqsədlər güdür. Amma istək başqa məsələdir, konkret addımlar isə başqa. Trampın təşəbbüsləri və Avropa Birliyinin bəyanatları da bu kontekstdə qiymətləndirilməlidir. Biz isə bölgənin və Azərbaycanın milli maraqlarından çıxış edərək, həmin təşəbbüslər bizim maraqlarımıza uyğundursa, onları alqışlayırıq. Əgər kimsə bunlarla rəqabət aparmaq istəyirsə, masada nəyin olub-olmadığına baxmalıyıq.