Müharibə tək cəbhədə getmir, sosial media da informasiya müharibəsi gedir - Millət vəkili 


"Artıq yeni dövrün tələbinə uyğun siyasi prosseslər formalaşıb". Bunu "Sherg.az" açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. 

Deputat vurğulayıb ki, əvvəllər müharibə silahla, orduyla gedirdi. Sonra yeni termin soyuq müharibə anlayışı formalaşdı:

"İndi isə inkişaf mexanizminin tələbinə uyğun informasiya müharibəsi anlamı yaranıb. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi, siyasi qarşıdurmalar bunu söyləməyə əsas verir. Qarşı tərəf üzərində üstünlük informasiyanın ələ keçirilməsi, onlara tez reaksiya verilməsi, real vaxt çərçivəsində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunur. Bu gün cəmiyyətdə milli informasiya resurslarının mühafizəsi məsələsi çox aktual və vacibdir. İnkişaf etmiş dövlətlər tərəfindən informasiya silahının tətbiqi və qlobal informasiya infrastrukturunun yaradılması bu ölkələrin dünyada lider ölkə olmaq ideyasından irəli gəlir. İnternet açıq informasiya şəbəkəsinin genişlənməsi, kompüter cinayətkarlığının artması, siyasi və iqtisadi məqsədlərə çatmaq üçün yüksək səviyyədə informasiya hücumu təhlükələrinin çoxalması informasiya müharibəsi və informasiya təhlükəsizliyi kimi məsələləri gündəmə gətirir".
M.Cəfərov bildirib ki, hətta 2-ci dünya müharibəsi zamanı Adolf Hitler və Stalin də informasiya-psixoloji təsirin əhəmiyyətini yaxşı anlayır və bu üsuldan məharətlə istifadə edirdilər:
"Belə ki, o zamankı informasiya əməliyyatlarının indiki əməliyyatlardan yeganə fərqi o idi ki, onlara hərbi əməliyyatlar kimi baxılmırdı. Çünki həmin dövrlərdə informasiyanın ötürülməsində texniki vasitələrdən istifadə edilmirdi. Bu gün informasiya müharibəsi problemlərinin informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi ABŞ, Rusiya, İngiltərə, Fransa, İsveçrə, Yaponiya və digər ölkələrdə dövlətin informasiya infrastrukturunun kompleks müdafiəsi konsepsiyasının realizə olunması aktiv yerinə yetirilir. Elmi-texniki naliyyətlər hərbi sahədə istifadə edilən ənənəvi silahlarla yanaşı bir sıra informasiya-kommunikasiya texnologiyaları vasitələrinin kütləvi istehsalına şərait yaratdı. Mütəxəssislərin fikrincə, informasiya müharibəsi probleminin obyektiv və tam təhlilini aparmaq üçün qabaqcıl ölkələrin təcrübəsi, alimlərin, praktiklərin fikirlərinin öyrənilməsi və müqayisəsi olduqca vacibdir".
Deputat bəyan edib ki, informasiya əməliyyatı vasitələri ilə realizə olunan informasiya qarşıdurması hərbi qüvvələrin, elmi mərkəzlərin, müxtəlif siyasi təşkilatların hazırlığında və fəaliyyətində informasiya müharibəsi texnologiyalarından geniş istifadəni nəzərdə tutur:
"İnformasiya qarşıdurmasında əsas məqsəd qarşı tərəfin informasiya da daxil olmaqla, bütün növ resurslarına təsir göstərməkdir. İnformasiya qarşıdurmasının effektivliyinin əsas meyyarı kimi qarşı tərəfə məxsus şəbəkə və kommunikasiya texnologiyalarına, nəhayət, kompüterlərə icazəsiz müdaxilələr nəzədə tutulur. Digər tərəfdən, informasiya qarşıdurmasında demoqrafiya, təbliğat, "beyinlərin yuyulması", ictimai rəyin və şüurun manipulyasiyası üsullardan geniş istifadə edilir. İnformasiya müharibəsi - təsiredici tərəfin öz məqsədinə çatmaq üçün informasiya təsirinin müxtəlif üsul və vasitələrindən istifadə etməklə insanların psixologiyasına, ilk növbədə onların fərdi və ictimai şüuruna, həmçinin fəaliyyət göstərən texniki vasitələrə qarşı həyata keçirdiyi geniş miqyaslı informasiya əməliyyatıdır. İnformasiya hücumları dedikdə informasiya massivlərinin məhvi, təhrif edilməsi və ya oğurlanması, mühafizə sisteminin dəf edilməsi, hüquqi istifadəçilərin müraciətlərinə məhdudiyyətlərin qoyulması, kompüter sistemlərinin, texniki vasitələrin işlərinin pozulması ilə nəticələnən əməliyyatlar anlaşılır. Mütəxəssislər bildirirlər ki, elmi-texniki inkişafa uyğun olaraq, müharibələrin metod və silahları da dəyişməkdədir. Gələcəkdə dövlətə əsas təhlükə müxtəlif ölkələrin nizami ordusu tərəfindən deyil, müasir İKT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsəs məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək və ya nəzarətdə saxlamaq olan xüsusi qruplar tərəfindən gözlənilir. Araşdırmaçıların sözlərinə görə son dövrdlərdə informasiya müharibəsində, həmçinin informasiya-kommunikasiya sistemlərinin normal iş fəaliyyətinin pozulması, psixoloji-ideoloji informasiyanın yayılması, informasiya blokadası, şayiələrin yayılması informasiya əməliyyatlarından geniş istifadə edilir. Son illərin lokal müharibələri və silahlı münaqişələri hərbi mütəxəssisləri informasiya vasitələrinin hərbi sistem və komplekslərə effektiv təsirlərinin qlobal analizini aparmağa məcbur edib".

M. Cəfərov vurğulayıb ki, bütün bu amilləri nəzərə alıb, ayıq-sayıq olmalıyıq:

"2016-cı il aprel döyüşləri də, 2020-ci il iyul əməliyyatları da bir daha göstərdi ki, müharibə tək cəbhədə getmir, sosial media da informasiya müharibəsi gedir. Bu səbəbdən də paylaşımlarımızda daha diqqətli olmalıyıq. Bakıda Qarabağa dəstək yürüşünü qarşı tərəfin mediasında başqa cür təhrif olunmuş formada verilməsinə istəmədən, ya istəyərək şərait yaradan sosial media istifadəçiləri oldu. İnformasiya müharibəsindən də qalib çıxmaq üçün bilməliyik ki, bu cəbhədə əsas məqsəd insanların düşüncəsinə təsir etməkdir".