Şuşa döyüşlərinin qəhrəmanı: Noyabrın 8-də şəhidlik zirvəsinə ucalıb

Ağstafadayam, günəş qışın şaxtasına rəğmən şəfəq saçır. Sabah Bakıya yola düşəcəm. Hələ bir vəzifəm qalıb. Onu yerinə yetirmək üçün rayonun Şəhidlər xiyabanına tərəf yol alıram. Yarı payız, yarı qış havası var. Yolun kənarında sıralanan ağaclar yarpaqlarını töküb. Mənzərəni seyr edə-edə ünvana çatıram. Budur üzü Gülül dağlarına baxan Şəhidlər xiyabanı.



Bir xeyli adam var. Hiss olunur ki, şəhid ailələridir. Vətən müharibəsinin igidlərini ziyarət edib, dualar oxuyuram. Sima olaraq hamısını tanıyıram. Elnur, Mustafa, Mahmud, Elçin, Nihat... Öz-özümə danışıram, Mahmud haqqında yazmışam. Elçin qardaşım dostudur, Nihat az yaşlı şəhidimiz...

5 igid dəfn olunub bu balaca xiyabanda. Qalanları kənd qəbirstanlıqlarında, yaxud da ailələrinin istəyi ilə yaxınlarının məzarının yanındadır. Cənnətin təzə ruhları ilə salamlaşıb, yuxarı qalxıram, 1990-cı illərin döyüşçülərinə baş çəkirəm. Elə həmin dəqiqələrdə bir qrup qazi xiyabana daxil olur. Birinin ayaqlarında  problem var. Dostlarının köməyi ilə şəhid yoldaşlarının məzarı başına gəlir. Onları izləyirəm.

Xiyabandan çıxıram. Sonra qazilərlə həmsöhbət olmaq, bir-neçə dəqiqə danışmaq fikri gəlir ağlıma. Ona görə qayıdıram. Yaxınlaşıb özümü tanıdıb, istəyimi izah edirəm. Onlar da məni maşındakı qaziyə yönləndirir.

Cəbrayılov Emin Cavanşir oğlu, Şuşa fatehlərindən biridir. Komandirini ziyarətə gəlib. Qəhrəmancasına döyüşüb, yaralanıb. Bir az əvvəl döyüş yoldaşlarının köməyi ilə məzar başına gələn qazidir.  Yaralarından bəhs edir:

“Ayağımdan və  çiynimdən yaralanmışam. Əli ilə xiyabanı göstərərək deyir, döyüş yoldaşlarımdan Elnur Həsənov və  Mustafa Babayev burdadır. Ağstafada şəhid qardaşlarımız çoxdur. Elnur Həsənov  N saylı hərbi hissədə manqa komandiri vəzifəsində çalışıb. Biz Şuşa-Xankəndi yolunda döyüşmüşük. O əsgərini atəş altında qoymadı, son ana qədər vuruşdu. Sonra şəhid oldu. Azərbaycan hərb tarixinin qəhrəmanlarından biridir. Onun haqqında nə desəm azdır. Mustafa Babayev də yaşının az olmasına baxmayaraq , yaralı halda döyüşmək üçün silah istəyirdi”.

Söhbəti yekunlaşdırırıq. Getməyə hazırlaşırlar. Səbəbini bilmirəm, danışarkən Eminin gözlərinə diqqətlə baxırdım. Bəlkə də yaşadıqlarını, keçirdiyi hissləri görmək, duymaq istəyirdim. Onun gözündə qəribə bir gülüş vardı. Acı-acı, ağlaya-ağlaya parıldayırdı. Mənsə donub, qalmışdım. Sadəcə məğrur qazini dinləyirdim. Sözlərini tamamladıqdan sonra dedi ki, çox sağ olun. 

Sonra şəhidlərdən birinin qardaşı ilə söhbətləşirik. Bir az  əvvəl qazinin şücaətindən danışdığı Həsənov Elnur Elman oğlu. Qardaşı Orxan Həsənov onun haqqında məlumat verir:

“1992-ci il, sentyabrın ayının 15-də Ağstafa şəhərində anadan olub. Orta məktəbi bitirib, 2010-cu ildə hərbi xidmətə yollanıb. Manqa komandiri, həm də kiçik çavuş idi. Tovuz  hadisələri zamanı könüllü qeydiyyatdan keçib. Sentyabr 29-da  Gəncədə təlimdən sonra kiçik çavuş kimi Füzuli istiqamətində döyüşə göndərilib.  Xocavənd, Laçının bir neçə kəndinin alınmasında şücaət göstərib. Şuşa, Xankəndi döyüşlərində olub. Tağım komandiri yaralandıqdan sonra, onu əvəzləyib. 460 nəfər qardaşımın öhdəliyində imiş. Noyabrın 7-i pusquya düşüb. Neytralda qalan  hərbçiləri xilas edib. Ayın 8-i şəhidlik zirvəsinə ucalıb. Qardaşım  mömindir, namaz qılırdı. Həmişə şəhidlik arzulayırdı. Ən böyük  istəyi isə Şuşa idi, onu da işğaldan azad etdi. Müharibə müddətində bizimlə danışanda Gəncədə olduğunu söyləyirdi. Nigaran qalmayaq deyə yalan danışıb. Sonradan bildik ki, döyüşdəymiş. O gülərüz, heç kimin xətrinə dəyməyən insan idi. Hər yerdə mehriban, gülərüz olub ”.

İndi gördüklərimi,  xiyabanda keçirdiyim hissləri yazıya köçürdürəm. Nə qazinin gözlərini, nə şəhid qardaşının kədərli sözlərini unuda bilirəm.
İlahi, biz onların borcundan necə çıxacağıq?