Üçtərəfli bəyanata əməl edilmir: “Xankəndidə erməni terrorçuları..."

 “Əslində bizdən gizlənmirlər. Sülhməramlıların nəzarəti altında istədikləri kimi gəzirlər”

“Lavrovun ölkəmizə səfəri zamanı ermənilərin ərazidən çıxarılması da müzakirə olunmalıdır”


Ermənistan ordusunun Xankəndidə yerləşən terrorçularının Azərbaycanı tərk etməsini göstərən daha bir video yayılıb. Sosial şəbəkələrdə yayılan videoda ermənilərin ağır texnikanı yük maşınları ilə daşıdığı əks olunub. Erməni terrorçularının Xankəndidən çıxmasını əks etdirən ilk video ötən gün yayılıb. Sözügedən videoda hərbi avtomobil karvanı və hərbçilərin Azərbaycan şəhərini Laçın dəhlizi ilə tərk etdiyi əksini tapmışdı.

 Hərbi ekspert Ədalət Verdiyev sözügedən görüntü barədə “Sherg.az”a danışdı: 

“Həmin videonu mən də izləmişəm. Mühitdən, təbiətin rəngindən görünür ki, yeni çəkilib, köhnə kadrlar deyil. Amma ermənilərin ərazidən tam çıxarılmasından əmin deyiləm. Mən oralarda olmuşam. Xankəndidə hələ də terrorçuların olduğunu bilirəm. Əslində bizdən gizlənmirlər. Sülhməramlıların nəzarəti altında istədikləri kimi gəzirlər”.

Ə.Verdiyevin fikrincə, məsələdə qaranlıq məqamlar heç də az deyil:

 “Ermənilərin Xankəndini indi boşaltması özü də qəbahətdir. Bu proses aylar əvvəl, noyabrın 10-da, yəni sülhməramlılar bölgəyə girdiyi gündən olmalıdır. Niyə indi çıxırlar?! Dəfələrlə demişəm ki, sülhməramlılar funksiyalarını Ağdam, Kəlbəcər və Laçının boşaldılması zamanı daha doğru-dürüst yerinə yetirirdlər. Sonradan isə biz eyni halı müşahidə edə bilmədik. Fikrimcə, Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri zamanı bir çox məsələlər, o cümlədən “İskəndər” raketi, sülhməramlıların fəaliyyəti kimi, ermənilərin ərazidən çıxarılması da müzakirə olunmalıdır”.