Dönüş yoxdur: "Qarabağın heç bir siyasi tanınması olmayacaq"

ATƏT-in Minsk qrupuna "ikinci nəfəs" vermək cəhdləri baş tutan deyil

Məlum olduğu kimi Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Kremlin yaydığı məlumata görə, telefon danışığı zamanı tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Dövlət başçılarının telefon söhbətində Qarabağda vəziyyətin ümumən sakit qalması və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci bəyanatlarının həyata keçirilməsi ilə bağlı işin davam etməsindən məmnunluq qeyd olunub.

Prezidentlərin telefon danışığından sonra yayılan açıqlamada belə bir cümlə yer alıb: “Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar”. Məlumdur ki, Qarabağ münaqişəsi başa çatsa da, Rusiya və Fransa həmsədrlik institutunun bərpası üçün can atır. Halbuki, Azərbaycan Prezidenti dəfələrlə münaqişənin başa çatdığını, tarixə qovuşduğunu vurğulayıb. Rəsmi şəkildə ATƏT-in Minsk qrupunun “kitabının bağlandığı” açıq şəkildə bəyan edilib. Ekspertlərin fikrincə, Fransa və Rusiyanın Qarabağla bağlı Azərbaycanın iştirakı olmadan müzakirə aparmaları yolverilməzdir. Bu ölkələrə ATƏT-in Minsk qrupu çərçivəsində mandat verilmişdi ki, münaqişənin nizama salınmasında yaxından iştirak etsinlər. Lakin Fransanın da vasitəçilik etdiyi missiya ermənilərin başına sığal çəkməklə prosesi 30 il uzatdı. Sonra Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. 44 günlük müharibənin gedişində və ondan sonrakı dönəmdə Fransanın davranışları göz qabağında oldu. Rəsmi Paris açıq şəkildə Ermənistanı dəstəklədi. Rusiya öz üzərinə vasitəçiliklə bağlı mühüm öhdəlik götürdü və Minsk qrupundan kənarda missiya həyata keçirməyə başladı. Bu baxımdan Rusiyanın tərəflərin iştirakı olmadan Qarabağ müzakirəsi aparması Moskvanın sülhməramlı missiyasına da uyğun gəlmir. Görünür, rəsmi Parisdən sonra, Kreml də Qarabağda qalan ermənilərin “status” məsələsini yenidən gündəmə gətirmək istəyirlər. “Statusla” bağlı da Azərbaycanın qəti mövqeyi hamıya bəllidir. Dəfələrlə bəyan edilib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşı kimi bütün hüquqlardan istifadə edə bilərlər. Əgər Fransa və Rusiya bu cəhdi Minsk qrupu həmsədri kimi edirsə, bu da yersizdir. Bununla da bağlı Azərbaycan öz mövqeyini açıqlayıb. Dövlət başçısı səviyyəsində qeyd olunub ki, Minsk qrupu bundan sonra münaqişənin həlli ilə deyil, humanitar aksiyalarla məşğul olmalıdır. Çünki 30 ilə yaxın dalana dirənmiş münaqişənin həllinə Azərbaycan öz gücünə nail olub. 

Belə məqamda ATƏT-in Minsk qrupuna “ikinci nəfəs” vermək cəhdləri boşunadır. Heç şübhəsiz, həmsədrlik institutunun yenidən boy göstərməsi revanş hissi ilə alışıb yanan İrəvanın da marağındadır. Çünki söhbət 27 sentyabra qədər mövcud olmuş köhnə “status-kvo”nun bərpasından gedir. Öz havadarlarından ruhlanan Ermənistanda bəzi siyasətçilər 10 noyabr anlaşmasını adi atəşkəs anlaşması kimi təqdim eləməyə başlayıblar. Guya, konfliktin həlli “öz müqəddəratını təyinetməyə” əsaslanan başqa bir razılaşma ilə mümkündür. 
Putin və Makron görüşündə ictimaiyyətə açıqlanan müzakirə elementləri Ermənistanın eks-prezidenti Robert Koçaryanı da “ruhlandırıb”. Koçaryan yenidən revanşist fikirlər səsləndirib. Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyəti və iqtisadiyyatda yaranmış çətinlikləri idarəetmədəki problemlərlə əlaqələndirən eks prezident sərsəmcə bildirib ki, əgər danışıqlar prosesində mövqelərini möhkəmləndirsələr, nəticədə bütün “əsirləri”, Şuşanı və Hadrutu geri qaytara, regionun “ən güclü dövlətinə” çevrilə bilərlər. 

Halbuki, Prezident İlham Əliyev bir neçə gün əvvəl Zəngilana səfəri zamanı növbəti dəfə Ermənistandakı revanşist dairələrə sərt xəbərdarlıq etmişdi. Dövlət başçısı ötən gün sərhəddə baş verən təxribata da diqqət çəkərək "Dəmir yumruğ"u xatırlatmışdı: “Son günlər Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. "Dəmir yumruq" düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. 

Erməniləri təhlükəli havalara köklənməyə vadar edənlər, regionda daimi sülhün marağında olmayanlardır. Fransa da Minsk qrupunun həmsədri kimi problemin birdəfəlik həllinə töhfə vermək üçün deyil, “qaşınmayan yerdən qan çıxartmaq” üçün fəallıq nümayiş etdirir. 
Rusiyalı tanınmış analitik İqor Korotçenko da deyib ki, Fransanın İrəvanın mövqeyini dəstəkləməyə yönəlik səylərinin artdığı görünür. İnformasiya sahəsində aktiv qarşıdurma gedir. Azərbaycan ərazilərin əksəriyyətini qaytarıb. Erməni diasporu isə aqressiv şəkildə anklavı qorumaq və ona siyasi və hərbi özəllik təmin etmək ideyasını təbliğ edir. Bəli, beynəlxalq hüquq baxımından bütün Qarabağ Azərbaycan ərazisidir. Ancaq erməni diasporunun bu təcavüzkar fəaliyyətinin fərqinə varmamaq, onu gözardı etmək də olmaz. Əlbəttə, Qarabağın heç bir siyasi tanınması olmayacaq”. Rusiyalı politoloq düşünür ki, xaricdəki maraqlı güclər ən azı, Rusiya sülhməramlı missiyasının bitməsindən sonra da “status-kvo”nun qalmasını istəyirlər: “Erməni diasporları indi bu amilin siyasi gündəmdə qalması üçün hər şeyi edir. Fransa yüksək rütbəli siyasilərinin 24 apreldə verdikləri açıqlamalar elə-belə idimi? Əlbəttə yox. Ermənistan dayanmalı və Azərbaycanla tam hüquqlu bir sülhə getməlidir. Əfsus ki, dünyada çoxları var ki, Cənubi Qafqazda sülhdə maraqlı deyillər”. 

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli “Şərq”ə açıqlamasında bildirib ki, Moskva Bakı və Ankara tandemi qarşısında təklənməkdən çəkinir. Ona görə də Qarabağ ətrafındakı prosesə Fransa və ABŞ-ı da qoşmağa çalışır:

“Rusiya yanına Parisi də almaqla Azərbaycan və Türkiyənin mövqeyini zəiflətməyə çalışır. Daha doğrusu, rəsmi Bakının bir qədər çəkilməsi üçün fəallıq nümayiş etdirir. Bir çox məsələlərdə aralarında kəskin mövqe fərqliliyi olan Rusiya və Qərb ölkələri, o cümlədən Fransa Qarabağ mövzusunda bir cəbhədə çıxış edirlər. Azərbaycanın əleyhinə çıxırlar. Moskva maraqlıdır ki, ATƏT-in Minsk qrupu yenidən dirçəlsin və prosesə müdaxilə etsin. Kreml yaxşı bilir ki, həmsədrlərin fəaliyyəti problemlərin yekun həllinə deyil, əksinə, mümkün qədər uzadılmasına xidmət edir. Bakı və Ankara bu cəhdlərə imkan verməməlidir. Moskvaya mesaj verilməlidir ki, əgər Rusiya Qərbdən aldığı dəstəklə 10 noyabr Bəyannaməsini pozmağa yönəlik addımlar atacaqsa, ölmüş “status” məsələsini yenidən gündəmə daşımağa çalışacaqsa, rəsmi Bakı sülhməramlıların nəzarətində olan əraziləri öz yurisdiksiyasına qoşmaq üçün hərəkətə keçəcək. Əgər Kremlə konkret və sərt etiraz bildirilməsə, Moskva “təkərə çomaq soxmaq” cəhdlərindən əl çəkməyəcək”. 

Bakı Politoloq Klubunun sədri, politoloq Zaur Məmmədov da vurğulayıb ki, Rusiya bu məsələlərdə ikibaşlı oyun oynamamalıdır:

“Putin və Makron arasında telefon danışığından sonra iki istiqamətdə xəbərlərin şahidi olduq. Kreml sadəcə olaraq prezidentlərin Qarabağ haqqında danışdıqlarını və üçtərəfli bəyanatın reallaşması ilə bağlı pozitiv fikirlər olduğunu bildirdi. Bunun əksi olaraq Paris ikibaşlı mətni yazdı. Erməni saytları və fransız nəşrləri “Makron və Putinin Qarabağla bağlı Azərbaycana, Ermənistana təkliflər üzərində işlədiklərini” yazdılar. Yaxın vaxtlarda həmin təkliflər tərəflərə təqdim ediləcək. Əgər doğrudan da belədirsə, bu, reallığa uyğun olmayan addım olar. Çünki cənab Prezident bir neçə dəfə qeyd edib ki, “Dağlıq Qarabağ münaqişəsi” artıq yoxdur. Münaqişə tarixdə qalıb, gələcəyə baxmaq lazımdır. Təəssüflər olsun ki, hələ də “münaqişə” ərtafında dialoqun davam edilməsinin zərurəti haqda çıxışlar eşidirik. Hər kəs bölgədəki gələcək sülh əməkdaşlığına baxmalıdır. Başa düşürük ki, onlar bölgədə erməni məsələsi adı altında Qarabağdakı separatçılar vasitəsi öz maraqlarını həyata keçirmək istəyirlər. Bu maraq da 20-30 ilin marağı deyil. Yüz illərin marağıdır. Lakin onlar yeni reallıqla barışsalar, özləri üçün daha yaxşı ola bilər”.