“Dəmir yumruq”la alınan torpaqlarımıza dəmir yollar çəkirik - "Şərq"in əməkdaşı Cəbrayıldan yazır

Arazın ətrafında ümidlər cücərir, çayın üzərində tikilən elektrik stansiyası regiona işıq saçacaq



Cəmi 6 ay əvvəl təsəvvür etməyin mümkünsüz olduğu, üstəgəl yuxuların da qısa zamana vəd vermədiyi bir səfərə başladıq. Yolumuz sərhədədir. Elə bir sərhəd ki, 200 il əvvəl Arazı ayıranda yarandı. Sərhədin o tayına uzun illər həsrətlə baxdıq.

Ötən əsrin sonlarında isə Ermənistanın torpaqlarımızı işğal etməsi ilə sərhədlərimizin bir hissəsinə baxmaq üçün əksinə, o taya getmək lazım gəldi. İndi isə artıq sevinən  Arazı, 30 ilə yaxın düşmən nəzarətində qalmış torpaqları görməyə gedirdik. Məqsədimiz isə təkcə görmək yox, həm də öyrənmək idi. Çünki hazırda minalardan təmizlənən, yenidən qurulmasına başlanılan torpaqlarımıza Araz çayı təkcə suyu ilə bərəkət qatmayacaq, həm də o taylı, bu taylı böyük bir regiona işıq saçacaq, özü də sözün həqiqi mənasında. Bəli, gedirik Arazın üzərində tikilməkdə olan su elektrik stansiyasında aparılan işlərlə tanış olmağa. Və əlbəttə ki, oxucunu da tanış etməyə. 









ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQLARDA LALƏLƏR...




44 günlük müharibənin elə ilk günündən Füzuli şəhərinin azad olunması xəbərini gözləyirdik. Aldığımız xəbərlərdə isə Füzulinin və Cəbrayılın kəndlərinin adları açıqlanırdı. Cəbhə xətti Füzuli olsa da, oktyabrın 4-də ilk böyük müjdəni Cəbrayılın azadlığı ilə almışdıq. Baxmayaraq ki, Cəbrayıla gedən yol Füzulidən keçir, Cəbrayıl Füzulidən əvvəl azadlığa qovuşmuşdu. O zaman hələ bilmirdik ki, bütün bunlar hərbi taktikadır, döyüş reallıqlarıdır. Füzuli rayonunun  böyük hissəsi işğalda idi, yaralıydı, amma məğrur idi. Birinci Qarabağ müharibəsi dövründə işğaldan azad olunmuş Horadiz elə gözəl bərpa olunmuşdu, burada həyat elə qaynayırdı ki, məhz Horadizi görüb, digər yaşayış məntəqlərimizin də tezliklə azad ediləcəyinə daha çox inanmaq olardı. Bundan öncə dəfələrlə Horadiz qəsəbəsində səfərdə olmuşdum və oradan irəli addım ata bilməmək beynimdə cənub-qərb sərhədlərimizin yekunlaşdığını heç də assosasiya etmişdi. Axı bizim Horadizdən qərbdə də torpaqlarımız var, özü də cənnət məkan torpaqlarımız. Oradakı ağacları, gül-çiçəyi meh tozlandırır, şeh suvarır...   




Elə ki, Horadizə çatdıq, burada heç vaxt görmədiyim, məzmunu ilə insanın qəlbinin dərinliklərinə işləyən bir tablo diqqətimi çəkdi. Tabloda Cəbrayıla, Laçına, Kəlbəcərə və digər rayon və şəhərlərimizə aparan yolların məsafəsi qeyd olunub. Ən yaxın məntəqə Cəbrayıldır. Elə biz də, ən yaxın məntəqəyə gedirik, Cəbrayıla. 

Unutmayaq ki, düşmənimiz dünyanın ən hiyləgəri, ən şərəfsizidi. İldə bir neçə dəfə məhsul verə bilən torpaqlara belə demək mümkündürsə mina “səpiblər”. İndi bu qədər ərazini minalardan addım-addım, qarış-qarış təmizləmək vaxt aparır, ona görə də bizim olan və artıq bizim nəzarətimizə keçmiş torpaqlara hələ də hamı asanlıqla gedə bilmir. 



Füzuli rayonun Horadiz qəsəbəsinə çatdıq, elə burada sənədlərimizin yoxlanılmasına başlanıldı. Tapşırıqları da aldıq: “məlum yollardan bir addım da kənara addım atmaq olmaz”.

Sənədlərimiz yoxlanandan cəmi bir neçə dəqiqə sonra Cəbrayıla yola düşdük. Qısa yol bəs edir ki, üzərində üzüm rəmzi və “Cəbrayıl” yazısı olan lövhəyə çataq. Amma o qədər qəribə hisslərimiz var ki, elə bil, dünyanın ən uzaq səfərinə çıxmışıq. Haqsız da deyilik, bu bir addımı atmaq, oralara getmək reallaşması çətin görünən arzulardan idi axı... 



Bərəkətli Cəbrayıl torpağı yam-yaşıldır. Bu sonsuz yaşıllıqlar içində təssüf ki, dağılmış, qapısız, pəncərəsiz evlər görünür. Bir də heyf ki, o böyük Cəbrayılı kəndbəkənd tanıya bilmədik. Ona görə yox ki, Cəbrayılda az qaldıq, əksinə, bəzən yolu azırdıq, az qala Cəbrayılı dövrə vururduq. Amma bu cənnət diyarı vandallar elə günə qoyub ki, təbiətin bəxş etdiyi gözəllikdən savayı heç nə qalmayıb. Hər yer dağılıb. Azad olunduqca adını əzbərlədiyimiz kəndləri tanıya bilmirdik, ayırd edə bilmədik. Yam-yaşıl sahələr arasında baş qaldıran lalələr, xarabalıqlara çevrilən evlər, məhv edilmiş erməni texnikası və postları... Cəbrayılın ümumi mənzərəsidir. 



Gəldik çatdıq, Araz çayına. Gur və təmiz sulu Arazın ən möhtəşəm yerinə. Məhz olduğumuz bu yeri Arazın ən möhtəşəm yeri adlandırmağımız üçün bir neçə səbəb var. Ona görə ki, burda - Arazın üzərində əsrlərə şahidlik etmiş möhtəşəm Xudafərin körpüsü var - ayrılan qardaşları birləşdirən tarixi yol, tarixi körpü - Xudafərin. İki Xudafərin körpüsündən biri aşınıb, dağılmış vəziyyətdədir, digərinə isə, şükürlər olsun ki, ciddi xətər toxunmayıb. Bu yerlər gözəldir,  yaxın zamanda daha da gözəlləşəcək. Çünki Araz boyunca buralardan dəmir yolu keçəcək. Bu haqda sonra ətraflı bəhs edəcəyik, indi qayıdaq Xudafərinə. Bu dəfə körpü Xudafərinə yox, “körpə” Xudafərinə. Hansı ki, 2 il sonra böyüyüb, böyük Xudafərin Su elektrik stansiyası olacaq. Hidroqovşaq artıq hazırdır, Arazın qarşısını kəsib, coşduran, coşdurduqca suyunun gücündən elektrik alacaq bənd tikilib, biz də elə burda - bəndin üzərində dayandıq.  Müşahidə etdik... İşlər zərgər dəqiqliyi ilə görülür. Azərbaycanla İranın sərhədlərini müəyyənləşdirən Arazın üzərində tikilən bəndin qarşısında asfalt üzərində ağ boya ilə çəkilmiş xətt var. Öyrəndik ki, bu xətt həm də sərhədi ehtiva edir. Cəmi bir addım Azərbaycandan İrana, İrandan Azərbaycana keçməyə bəs edir. Bu körpü bəndin üzərindən Araz da, Xudafərin də bir başqa gözəllikdə görünür. 



Araz çayı üzərində “Xudafərin” və  “Qız Qalası” SES-lərinin inşa edilməsi layihəsi hələ sovet vaxtı Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hazırlanıb və layihə ilə bağlı o zaman ölkələr arasında sənədlər imzalanıbmış.  Adıçəkilən layihənin icrası ilə bağlı aparılan uzunmüddətli müzakirələrin nəticəsi olaraq stansiyaların tikintisi ilə bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” 23 fevral 2016-cı il tarixdə imzalanıb. Bu Saziş 2016-cı il 14 iyun tarixli 272-VQ nömrəli Qanunla Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib. “Xudafərin” su anbarının tutumu 1,612 milyard kubmetr, ölü həcmi isə 117 milyon kubmetr təşkil edir. Su anbarında işlər yekunlaşdırılmışdır. “Qız Qalası” hidroqovşağının su tutumu 56,75 milyon kubmetr, ölü həcmi isə 7,5 milyon kubmetr təşkil edir. Su anbarında işlər 95% tamamlanıb.


DƏMIR YUMRUQLA BƏRPA OLUNAN DƏMIR YOLLARI




Möhtəşəm hisslərlərlə geri qayıdırıq. Əlbəttəki, qəlbimizdə bu qələbəni bizə nəsib edənYaradana şükürlər, bu torpaqları bizlərə qaytaran Vətən övladlarına təşəkkür edərək. Əmin oluruq ki, görülən işlər çoxdur, görüləcək işlərsə daha çox. Məsələn, torpaqlarımız  işğal edilməmişdən əvvəl fəaliyyətdə olan, lakin sonralar kəsilib çıxarılmış, dağıdılmış dəmir yollarımız artıq bərpa olunur. Horadizdə çəkilmiş dəmir yolları, digər ərazilər üçün başlanğıc rolunu oynayır. Horadiz-Ağbənd dəmir yolunda da işlər başlayır. “Dəmir yumruq”la alınan torpaqlarımıza dəmir yollar çəkməyə başlayırıq, Zəngilandan Zəngəzura, Zəngəzurdan Naxçıvana bizi aparacaq dəmir yolları regionun parlaq gələcəyini dəmir kimi möhkəm edəcək.

Elvin Basqallı