Fransanın mövqeyi reallığı dəyişməyəcək!- “Sərhədlərimizi bərpa edirik”

“Çünki biz beynəlxalq hüquqa əsaslanırıq”

“Hazırda mövcud geostrateji vəziyyət və beynəlxalq tərəfdaşlarımız Azərbaycanın daha güclü olmasını təmin edir”


Dünən qarşı tərəfin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub. Verilən məlumata görə, nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə bağlı məsələləri müzakirə ediblər.

Ceyhun Bayramov uzun müddətdən sonra Ermənistanla sərhədlərin gücləndirilməsi tədbirlərinin həyata keçirildiyi, bu xüsusda Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyi, tərəflər arasında mövcud olan fikir ayrılığı və yaranmış gərginliyin aradan qaldırılması üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşma, o cümlədən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəflə danışıqların aparılması ilə bağlı qarşı tərəfə məlumat verib. C.Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsi və siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

 Bu barədə “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli mövcud vəziyyəti belə şərh etdi: 

“Azərbaycan topoqrafik və hərbi xəritələr əsasında öz sərhədlərini bərpa edir. Sadəcə həmin xəritələr kütləvi çap olunmadığına görə bəzən çaşqınlıq yaranır. Məsələ ondan ibarətdir ki, qarşı tərəf çox ciddi informasiya müharibəsi aparır. Bəzi dövlətlərin, o cümlədən Fransanın proseslərə münasibəti də dediyimiz fikri göstərir. Lakin bunlar baş verənlərə- Azərbaycanın öz sərhədlərini bərpa etməsinə təsir göstərməyəcək. Çünki biz beynəlxalq hüquqa əsaslanırıq. Rəmi Bakı əvvəllər informasiya müharibəsində müəyyən yanlışlıqlar edirdi. Amma hazırda mövcud geostrateji vəziyyət və beynəlxalq tərəfdaşlarımız Azərbaycanın daha güclü olmasını təmin edir. Ermənistandakı daxili vəziyyət, Rusiyanın rəsmi İrəvandakı hakimiyyətə münasibəti kimi məqamlar isə sadəcə detallardır”.