“Avropa da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır” - Reallaşacaq!

“Müharibənin olacağını proqnozlaşdırmıram. Bunun üçün qarşında rəqib olmalıdır.Amma  istənilən halda anti-terror əməliyyatlarını istisna edə bilmərik”.
Bu sözləri siyasi analitik Rusif Məmmədsoy deyib. 
 Əslində son vaxtlar baş verən bəzi proseslər, o cümlədən Azərbaycanın 15 min nəfərlik heyətlə təlimlərə başlaması ictimai rəydə müəyyən fikirlər yaradır. Ekspertin fikrincə isə savaş olmayacaq. O, bu barədə daha ətraflı “Sherg.az”a danışıb: 

“Ermənistanın müharibə aparmağa gücü yoxdur, ordusu darmadağın edilib. Hazırda antiterror əməliyyatının keçirilməsi üçün də əsas yoxdur. Sadəcə nəzərə almaq lazımdır ki, Laçın dəhlizinə nəzarət bizdə deyil. Yəni təxribat ola bilər. Bu halda isə biz adekvat cavab olaraq antiterror əməliyyatlarına başlayacağıq. Müharibə üçün taqətinin qalmadığını düşmən özü də başa düşür. Türkiyə- Azərbaycan birliyi təkcə Ermənistanı deyil, həm də onun havadarlarını məğlub etdi. Hazırda sərhədlərin müəyyənləşdirilməsi prosesi hərbi əməliyyatların bərpası kimi qiymətləndirilməməlidir”. 

 R.Məmmədsoy, həmçinin Zəngəzur dəhlizi məsələsinə də toxundu:

 “Bu, təkcə iki tərəf arasında olan məsələ deyil. Zəngəzur dəhlizi qlobal səciyyə daşıyır. Nəinki qonşu dövlətlər, Avropa da dəhlizin açılmasında maraqlıdır. Əslində bu, Ermənistana da sərf edir. Hazırda Ermənistandakı müxalifət, o cümlədən “Qarabağ klanı” Zəngəzur dəhlizindən baş nazir Nikol Paşinyana təzyiq vasitəsi kimi istifadə edirlər. Paşinyan isə bacardığı qədər, ən azından seçkilərədək bu prosesi ləngitmək istəyir. O, bu məqamın hətta müzakirə predmeti olmadığını deyib. Hərçənd imzaladığı kapitulyasiya sənədində Zəngəzur dəhlizinin açılmasına dair konkret müddəa var. Hamı yaxşı bilir ki, baş nazirin bütün bəyanatları ictimai rəyə hesablanıb. Doğrudur, dəhlizin açılması asan məsələ deyil, illər lazımdır. Lakin bu, nə vaxtsa mütləq reallaşacaq. Dövlət başçısı İlham Əliyevin də dediyi kimi, ya könüllü, ya da zorla”.