SON DƏQİQƏ! “Zəngəzur dəhlizi açılacaq” 

“Çünki Ermənistanın dəmir yolu Rusiyanın infrastrukturudur, ona görə də Ermənistan hansısa qərar vermək səlahiyyətində deyil”

“Zəngəzur dəhlizi ilə bağlı mövqeyi anlaşılmayan yeganə dövlət İrandır”

Prezident İlham Əliyev "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda keçirdiyi müzakirələr zamanı əhəmiyyətli məqamlara toxunub. Ölkə başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bitib və həll edilib:

“Gələcəyə baxmalıyıq. 30 illik işğala və azad edilmiş torpaqlarda böyük miqyaslı dağıntılara və xarabalıqlara baxmayaraq, Azərbaycan gələcəyə baxmağa, inteqrasiya olunmuş Cənubi Qafqazın bir hissəsi kimi gələcəyi planlaşdırmağa hazırdır: “Ümid edirik ki, Cənubi Qafqazdakı fəal əməkdaşlıq və inteqrasiya barədə danışa biləcəyimiz vaxt gələcək. Bu arada biz kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar bir sıra vacib təklif və təşəbbüslər irəli sürmüşük ki, bunlar da 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əks olunub. Deyə bilərəm ki, bu layihənin icrası üzərində iş artıq başlayıb. Azərbaycan artıq bunun üçün texniki və maliyyə resursları ayırıb. Zəngəzur dəhlizi açılanda o, bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq”.



Zəngəzur dəhlizinin əhəmiyyətini “Sherg.az”a şərh edən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, məsələ hələ 10 noyabrda bağlanmış müaqvilədə öz əksini tapıb:

“Dövlətimiz Laçın dəhlizinə bu şərtlə razılıq verib ki, eyni dəhliz Naxçıvanla-Azərbaycan arasında açılsın. Rusiya da bunu dəstəkləyib. Zəngəzur dəhlizinin  açılması əlbəttə, ölkəmizin maraqlarına xidmət edir. Amma ümumilikdə bu,  Azərbaycan tərəfindən bölgə üçün irəli sürülən və Rusiya tərəfindən dəstəklənən yeni bir meqalayihədir. Birincisi, Azərbaycan 100 ildən sonra Zəngəzur dəhlizi ilə ilk dəfə olaraq ayrı düşdüyü Naxçıvana qovuşur. İkincisi, ölkəmiz birmənalı şəkildə Türkiyə ilə quru sərhəddini bərpa edir. Yəni Türkiyəyə birbaşa çıxışımız olur. Üçüncüsü, Azərbaycan üzərindən Rusiya və Türkiyəyə, oradan da Aralıq dənizinə çıxışı olur. Dördüncüsü, həmin dəhlizdən İran və Gürcüstan da istifadə edəcək.

Azərbaycan 11 yanvar 2021-ci ildə ayırıca olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli bəyanat imzaladı. Hər üç Respublikanın Baş nazirinin müavinləri səviyyəsində işçi komissiyası yaradıldı”.

C.Nuriyev vurğulayıb ki, Zəngəzur dəhlizinin məhz indi siyasi arenaya çıxarılmasının əsas səbəbi iyunun 20-də Ermənistanda keçiriləcək parlament seçkiləridir:

“Ermənistan parlamentli respublika olduğu üçün Paşinyan və müxalifətdə olan qüvvələr şəxsi siyasi maraqlarına uyğun hərəkət etmək istəyirlər. Xüsusilə, “Qarabağ klanı” iki müxalifət qrupu ilə birləşib. Koçaryan və Sarkisyan fərqli qruplaşmadadırlar. Əslində hər ikisi Rusiyanın adamıdır. Rusiya isə istəmir ki, Paşinyan yenidən seçilsin. Lakin Paşinyanı da dəstəkləyən qüvvələr var.

O, siyasətçi olmadığı üçün çox səhvə yol verir. Xüsusilə, KTMT-yə, BMT-yə, UNESCO-ya və ATƏT-in həmsədrlərinə müraciət edib.

Bütün bunlar onu göstərir ki, Ermənistan çıxılmaz dalana girib və buradan çıxması mümkünsüzdür. O zaman bir dövlət kimi mövcud ola bilərlər ki, Azərbaycanın şərtlərini qəbul etsinlər. Qəbul etməsələr də, Zəngəzur dəhlizi açılacaq. Çünki Ermənistanın dəmir yolu Rusiyanın infrastrukturudur, ona görə də Ermənistan hansısa qərar vermək səlahiyyətində deyil”.

Analitikin qənaətincə Zəngəzur dəhlizi ilə bağlı mövqeyi anlaşılmayan yeganə dövlət İrandır:

“İran Zəngəzur dəhlizi layihəsini dəstəkləsə də, hələ səmimi mövqedən çıxış etmir. Ümumiyyətlə, Zəngəzur dəhlizi meqalayihə olmaqla bərabər, dünyanın yeni infrastruktur layihəsidir. Bakı-Tblisi-Ceyhan və Bakı-Tbilisi-Qars nə qədər uğurlu idisə, Zəngəzur dəhlizi də mühüm əhəmiyyətə malikdir. Bu layihənin arxasında Azərbaycanın iqtisadi və siyasi maraqları durur. Ölkəmizin layihəni icra edəcəyinə də inanıram.

Cənub Prezident 44 günlük müharibədən sonra söylədiyi bütün sözləri yerinə yetirib. Çünki ölkə başçısının siyasi iradəsi var”.