Xankəndi, Xocalıdakı erməni hərbçilər mühasirəyə alınır - ŞƏRH

“Müharibədən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə hərbi hissələr açıb. Ermənistanla dövlət sərhədi təşkil edən Zəngilanda, Qubadlıda və Cəbrayılda dövlət sərhəd xidmətinin hərbi hissələri var. Hətta Cəbrayıldakı hərbi hissəyə PUA-lar da yerləşdirilib”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi, jurnalist Aqşin Kərimov söyləyib:
“Sərhəd zolağında və Cəbrayılda hərbi hissələrin mövcudluğu sərhəddən gələ biləcək mümkün təhdidlərə çevik və operativ reaksiya verərək adekvat tədbirlər həyata keçirməyi təmin edir.

Digər hərbi hissələr isə Ağdamda və Xocavənddə istifadəyə verilib. Diqqət çəkən isə, bu hərbi hissələrin döyüş əməliyyatlarını aparmış Bərdə və Beyləqan ordu korpuslarının tabeliyində olmasıdır.

Ağdamdakı hərbi hissələr Bərdə hərbi birliyinin, general-mayor Hikmət Həsənovun tabeliyindədir. Xocavənddəki hərbi hissələr isə Beyləqan korpusunun komandiri general-mayor Mais Bərxudarovun.

Hər iki general döyüş generallarıdır (başqa ittihamları kənara qoyuram).

Bu gün sülhməramlıların nəzarətində olan zonalarda erməni hərbi birləşmələri azalır, artıq ora çağırışçı göndərilmir. Azərbaycan isə işğaldan azad edilən ərazilərdə hərbi hissələrin çoxalmasını sürətləndirir.

Ağdam da, Xocavənd də Xankəndinə və Xocalıya yaxın ərazilərdir. Üstəgəl Xocavənddəki hərbi hissələr elə Xocavəndin sülhməramlıların nəzarətində olan ərazilərində hərbi əməliyyat aparılmasını imkanlarını gücləndirir.
Artıq arxadan yardıma ehtiyac olmadan da, buradakı hərbi hissələr erməni quldurların başını əzməyə qadirdir”.