Laçın və Kəlbəcərdə hərbi tikinti genişlənir


Aqşin Kərimov: "Tank bölmələrinə üstünlük verilməsi xüsusi diqqətçəkən məqamdır"

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında  tikintisi davam edən bir neçə hərbi hissədə olublar. Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Mövzu ilə bağlı siyasi-analitik Aqşin Kərimov "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin istifadəyə verilməsi Azərbaycanın strateji və hərbi üstünlüyünü artırır və bu amilləri dayanıqlı edir:

"Qeyd edək ki, bundan əvvəl Cəbrayılda, Zəngilanda, Qubadlıda Dövlət Sərhəd Xidmətinin hərbi hissələri fəaliyyətə başlayıb. Azərbaycan paralel olaraq Ağdam, Xocavənd, Xocalı ərazilərində də hərbi hissələr açıb. Bu hərbi hissələr isə Müdafiə Nazirliyinə məxsusdur. Hərbi hissələrin çoxluğu Qarabağ ərazisindəki erməni hərbi birləşmələrinin hər hansı hərbi hərəkətliliyinə barmaq yeri qoymur. Azərbaycanın indi Laçında və Kəlbəcərdə hərbi hissələr yaratması həm də dövlət sərhədinin möhkəmlənməsinə xidmət edir. Dövlət Sərhəd Xidmətinin hərbi hissələri ilə birgə fəaliyyətin koordinasiyasını gücləndirir. Bu isə Ermənistan tərəfindən mümkün sərhəd təxribatlarına qarşı preventiv addımların tərkib hissəsidir".
A.Kərimov bildirib ki, Laçın və Kəlbəcər rayonları üzrə hərbi obyektlərin sayının çox olması ordunun qarşısında duran məsələdir: "Laçın və Kəlbəcərdə tank bölmələrinə üstünlük verilməsi xüsusilə diqqət çəkir. Tank bölmələri döyüşdə mühüm çəkiyə malikdir, tanklar quru döyüşlərində əsas hücum silahı olaraq önə çıxır. Ermənistanla dövlət sərhədi təşkil edən işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin çoxluq təşkil etməsi delimitasiya və demarkasiya prosesində Azərbaycanın əlini gücləndirən faktordur".