Ağdama səfər turları çox gözəl təşəbbüsdür


Rey Kərimoğlu: "Ümid edirəm ki, ödəniş də elə böyük olmayacaq"

Yaxın vaxtlarda Ağdam sakinləri üçün Ağdama səfərlər təşkil olunacaq. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, bu turlar ödənişli olacaq, lakin qiymətlər minimaldır: "Agentliyin əməkdaşları azad olunmuş ərazilərə tez-tez gedir və tədqiqatlar aparırlar. Həmin ərazilərə turları təşkil edərkən ilk növbədə mütləq şəkildə təhlükəsizlik təmin edilməlidir.

Buna görə qaydalar, marşrut tam müəyyənləşdikdə Ağdam sakinlərini öz doğma torpaqlarına aparmağı düşünürük. Güman edirik ki, bu, payız aylarında baş tutacaq".

Ağdama səfərlərin təşkili ilə bağlı qazi, hərbi jurnalist Rey Kərimoğlu "Şərq"ə deyib ki, bu addım çox təqdirəlayiqdir:

"Bu, həqiqətən də çox gözəl təşəbbüsdür. Çünki vətəndaşlarımız neçə müddətdir ki, öz doğma torpaqlarını, yurd-yuvalarını görmək istəyir. İnanıram ki, yaxın müddətdə tək Ağdama yox, Qubadlıya, Zəngilana, Şuşaya, Cəbrayıla, Füzuliyə, Laçına, Kəlbəcərə gedəcəyik. Ümid edirəm ki, ödəniş də elə böyük olmayacaq. Yəqin ki, orda təhlükəsizlik qaydaları da nəzərə alınacaq. Çünki mən özüm üç dəfə dövlət xətti ilə Ağdamda olmuşam. Hamısında da polisin, ANAMA-nın müşayiəti ilə getmişik. Hər halda bu, illərdi yurdunu görməyə hazırlaşan vətəndaşlarımız üçün bir təsəllidir".