2,3 milyard ilkin vəsaitdir


Azad olunmuş torpaqlarımızın dirçəlməsinə 2030-cu ilə qədər təqribən 60 milyarda yaxın vəsait lazım olacaq

Ötən gün Qarabağın bərpasına xərclənən vəsaitin məbləği açıqlanıb.  Belə ki, 2021-ci il üçün Azərbaycanın dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan 2,835 mlrd. manat vəsaitin cari ilin 6 ayı ərzində 2,612 mlrd. manatı layihələr üzrə bölüşdürülüb. Digər məbləğ isə ehtiyatda saxlanılıb. Nazirliyin məlumatında qeyd olunur ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2,2 mlrd. manatın ilin ilk yarısında 16,9 faizi artıq istifadə olunub.

Azərbaycanda investisiya layihələrinə ayrılan vəsaitin şəffaflığı ilə bağlı kifayət qədər ciddi sualların olduğuna diqqət çəkən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, çox güman ki, bundan sonra da olacaq. Ekspert qeyd edib ki, aidiyyəti qurumlar hesabatlılıqla bağlı problemlər yaşayırlar:

"Onların hesabatlılığı çox aşağı səviyyədədir. Ancaq işğaldan azad olunmuş torpaqlarımızın bərpası ilə bağlı ayrılan vəsaitin doğru-düzgün xərclənməsinə dair ən azından bir ümid var. İnanırıq ki,  bu sahədə xərclənən vəsaitin şəffaflığı xeyli dərəcədə yüksək olacaq. Ona görə də cəmiyyət əlaqədar qurumlardan daha çox məlumat və bilgiləndirmə gözləyir. Və əlbəttə ki, onlar da bu gözləntilərə cavab verməlidir. Qeyd edim ki, Azərbaycanda həmişə ilin ikinci yarısında büdcədən ayrılan vəsaitlər daha çox xərclənməyə başlayır. İndi də çox güman ki, elə olacaq. Artıq vəsaitlər ayrılıb və ilin sonuna bu vəsaitlərin xərclənməsi daha sürətlə gedəcək. Təəssüf ki, belə bir pis ənənə Azərbaycanda formalaşıb və illərdir ki, davam edir. Çünki qanunvericiliyə görə, ayrılmış vəsait bu il ərzində xərclənməsə yenidən büdcəyə qaytarılmalıdır. Ona görə də əlaqədar qurumlar, dövlət orqanları ayrılan vəsaiti həmin ildə xərcləməyə çalışırlar. Bu da çox zaman ilin ikinci yarısına təsadüf edir". 

N.Cəfərli vurğulayıb ki, işğaldan azad olunmuş torpaqlarımıza ilkin olaraq bu il 2,3 milyarddan bir az çox vəsait ayrılıb:

"Amma bu, ilkin vəsaitdir. Təbii ki, hər il bu vəsait  artacaq və məcburi şəkildə bunu artırmalıyıq. Çünki Qarabağ işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılıb və bilirik ki, bura böyük bir ərazidir. Kommunikasiyaların, logistikanın bərpası, minalardan təmizlənmə əməliyyatının genişləndirilməsi üçün burada əlavə vəsaitlərə ehtiyac yaranacaq. İlkin hesablamalara görə, 2030-cu ilə qədər təqribən 50-60 milyard manata yaxın, yəni  təxminən  dolların indiki məzənnəsi ilə 25-30 milyard dollara yaxın vəsait lazım olacaq. 2022-ci ildən 2030-cu ilədək isə hətta bundan artıq da vəsaitə ehtiyacın yaranması ehtimalı kifayət qədər böyükdür. Bu ayrılacaq böyük vəsaitlərin daha şəffaf və hesabatlı xərclənməsi əsas şərtlərdən biridir".