Qarabağda bütün memarlıq abidələri qorunacaq

Baş idarənin yaradılması çox mühüm idi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyətinə Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edəcək. Bu, Prezident İlham Əliyevin ötən gün imzaladığı Fərmanla təsdiqlənən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamədə əksini tapıb. Bəs, bunun əhəmiyyəti nədir?

Qarabağ bölgəsinin Azərbaycanda memarlıq baxımından fərqlənən regionlardan biri olduğunu qeyd edən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, bu baxımdan məhz Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması çox mühüm idi. Çünki bu, mövcud memarlıq abidələrinin qorunub saxlanması baxımından vacibdir:

"Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın tarixi memarlıq xüsusiyyətlərinə uyğun olaraq şəhərsalma və arxitekturasına imkan verəcək. Yəni bu, bütövlükdə Qarabağda memarlığın qorunmasına və yeni salınacaq şəhərlərimizdə, xüsusən də tarixi arxitektur xüsusiyyətlərin qorunub saxlanmasına əlverişli şərait yaradacaq".

V.Bayramov Qarabağda yaradılacaq tikililərin müvəqqəti reyestrinin əhəmiyyətindən də danışıb: "Bilirik ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə soydaşlarımız məskunlaşacaq. Ona görə də belə bir reyestrin yaradılması, elektron bazanın formalaşması vacibdir. Bütövlükdə bu ondan xəbər verir ki, Azərbaycan artıq Qarabağda genişmiqyaslı quruculuq və bərpa işlərinə start verib. Bu isə qısa zamanda vətəndaşlarımızın məskunlaşmasına xidmət edəcək".