Xankəndi erməniləri Azərbaycandan iş istəyir


Kiçik bir ərazidə zorla girov saxlanan ermənilərin belə bir addım atması gözlənilən idi

Azərbaycanın Xankəndi şəhərində yaşayan bir qrup erməni əhali iş üçün Şuşadakı Azərbaycan hərbçilərinə müraciət ediblər. Ermənilər Rusiya sülhməramlı hərbçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığı qəbul etməyə hazır olduqlarını, dövlətimizdən iş istədiklərini bildiriblər. Qarabağ erməniləri çox bərbad halda yaşadıqlarını deyiblər:

“Xankəndində iş, çörək yoxdur, ac qalmışıq. Azərbaycan dövlətindən xahiş edirik ki, bizi vətəndaşlığına qəbul edib iş versin. Xankəndi əhalisinin əksəriyyəti Azərbaycan dövlətinin Qarabağda apardığı yenidənqurma işlərinə dəstək verməyə hazırdır, biz burada fəhlə də işləməyə hazırıq, yetər ki, bizə iş verin”. Azərbaycan hərbçiləri isə ermənilərin xahişlərini lazımi dövlət qurumlarına çatdıracaqlarına söz veriblər. Ermənilər Rusiya sülhməramlılarının müşayiətilə Xankəndiyə geri qayıdıblar.

Qarabağ ermənilərinin müraciətini “Şərq”ə dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, bunun gec-tez belə olacağı gözlənilən idi. Partiya təmsilçisi bəyan edib ki, kiçik bir ərazidə zorla girov kimi saxlanılan ermənilərin Azərbaycan dövlətinə möhtac olacağı heç kimdə şübhə doğurmurdu: “İşsiz, dolanışıq üçün kiməsə möhtac olan ermənilər son ümidlərinin Azərbaycan dövləti olduğunu anlayıblar. Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərə şans verdiyi üçün müharibəni sona kimi aparmadı. Qarabağ ermənilərinin potensial Azərbaycan vətəndaşı olma ehtimalı olduğu üçün dövlətimiz onlarla daha kəskin ritorika ilə danışmır. Hesab edirik ki, ermənilərin arasında Azərbaycan dövlətinin idarəsi altında yaşamaq istəyənlər olacaq. Hesablarımızda heç də yanılmamışıq. Rus sülhməramlılarının erməniləri müşayiət etməsi adi təhlükəsizlik qaydasıdır. Bununla yanaşı, görünür, Rusiya bölgədə sülh yaratmaq üçün iki tərəf arasında bir növ vasitəçi rolu oynamaq niyyətindədir. Ümid edirik, bu addım həqiqi istəkdən doğur. Rusiya tərəfinin Prezident İlham Əliyevin tənqidi çıxışlarından sonra belə davranış sərgiləməsi müsbət tendensiyadır”.