Şuşa tarixi əzəmətinə qovuşur

İlham Əliyevin səfəri onu göstərir ki, Azərbaycan dövləti Qarabağa öz mədəniyyəti ilə qayıdır


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif poeziya günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda - Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar. Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub.

Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi. Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib. Sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib. 

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında təşkil edilmiş sərgi ilə tanış olublar. Məlumat üçün bildirək ki, Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb. Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Sərgi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.

Şuşada “Yaddaş. Fotoqrafik tarix” sərgisi də təşkil edilib. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olunub. Ziyarətçilərə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunur.

Məlumat üçün bildirək ki, avqustun 29-da Prezident İlham Əliyevə Şuşa şəhərinin baş planı təqdim olunub. Dövlət başçısına məlumat verilib ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Qeyd olunub ki, mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.

Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın. Baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur. Vurğulanıb ki, Şuşada ümumi sahəsi 46.765 min kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək. 
Ölkə rəhbəri “Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolu”nda son tamamlama işləri ilə də tanış olub. Prezidentə məlumat verilib ki, Zəfər yolunun tikintisi başa çatmaq üzrədir: “İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib”. 
Dövlət başçısı Şuşada “Qarabağ” otelinin, Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışında da iştirak edib. 

Prezidentin Şuşaya səfəri və açılışlarla bağlı “Şərq”ə danışan millət vəkili Asim Mollazadə “Şərq”ə deyib ki, Qarabağda quruculuq və bərpa işləri hər zaman dövlət başçısının diqqətindədir. Deputatın sözlərinə görə, ölkə rəhbəri şəxsən özü quruculuq prosesinin necə getdiyini izləyir və yoxlayır:

“Qarabağla bağlı bütün planların həyata keçirilməsində Prezidentin xüsusi və mühüm rolu var. Bununla yanaşı, Böyük Qayıdış sadəcə infrastruktur, tikinti işləri yekunlaşmır. Bilirsiz ki, yeni hava limanları açılır, yollar çəkilir və s. Əlbəttə, bunların hamısı olduqca vacibdir. Amma Şuşaya səfər onu göstərir ki, Azərbaycan dövləti Qarabağa öz mədəniyyəti ilə qayıdır. Prezidentin budəfəki səfərində dahi musiqiçilərə, şairlərə, mədəniyyət nümayəndələrinə böyük diqqətin göstərilməsi göz önündə idi. Bunlar onu göstərir ki, mədəni paytaxtımız – Şuşa artıq fəaliyyətə başlayıb. Hazırda Şuşada poeziya günləri keçirilir. Yaxın günlərdə Şuşada bütün ölkə, region və dünya üçün böyük əhəmiyyət kəsb edən mədəni tədbirlər təşkil olunacaq. Belə tədbirlər ənənəvi hal alacaq. Prezidentin Şuşa səfəri əsnasında sadəcə binaların təmələ daşı qoyulmur, eyni zamanda Azərbaycanın mədəniyyət paytaxtının – Şuşa adlı mədəni mərkəzin təməl daşı qoyulur”.