Hər kəsin Ağdama getməyə haqqı var

Elə insanlar var ki, aylardır Ağdam həsrəti ilə yanıb-tutuşurlar, amma bunun üçün bəzisinin maddi, bəzisinin isə əlaqələri yoxdur 

Elə bir mexanizm işlənməlidir ki, insanlar arasında ayrıseçkilik yaradılmasın


Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında Ağdama səfərlə bağlı proseduru açıqlayıb. E.Hüseynov bildirib ki, səfərə qatılmaq üçün “[email protected]” elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportunun şəklini göndərmək tələb olunur. Onun sözlərinə görə, öncəlik şəhid ailələri, qazilər və 60 yaşdan yuxarı Ağdam əhalisinə veriləcək. Xatırladaq ki, bir müddət əvvəl ağdamlı ictimaiyyət nümayəndələri müvafiq dövlət qurumlarına çağırış etmişdilər ki, Ağdama getmək istəyənlərə, ən azından yaşlı sakinlərinə rayona getmək üçün imkan yaradılsın. Əlbəttə, Ağdamın bərpası və ümumi köçə start verilməsi prosesi uzun çəkə bilər.

Məhz o səbəbdən xahiş olunurdu ki, 28 il torpaq həsrəti çəkən vətəndaşlara doğma yurdlarını hamıdan öncə görmə şansı verilsin. Onu da qeyd edək ki, ayın 6-da bir qrup Ağdam sakini ilk dəfə olaraq şəhərə səfər ediblər. 

Ağdamlı Əməkdar jurnalist, “qol.az” saytının baş redaktoru Aydın Bağırov “Şərq”ə açıqlamasında bununla bağlı əvvəlcədən müraciət edildiyini deyib:

“Xahiş etmişdik ki, birinci növbədə Ağdamın yaşlı nəslinin nümayəndələrini öz torpaqlarına aparsınlar. Xüsusən, yaşı 60-dan yuxarı olanların getməsi daha məqsədəuyğundur. Elələri var ki, bəlkə də ömürlərinin son günlərini yaşayırlar. Ağdamı nə qədər tez görsələr yaxşı olar”. 
Araşdırmaçı-jurnalist, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev də qəzetimizə bildirib ki, bu səfərlərdə rəsmi heç bir şərt yoxdur.

Yeganə COVID pasportunun tələb olunmasıdır ki, bu da başadüşüləndir: “İndiki pandemiya şəraitində bunu normal hesab edirəm. Amma məsələnin bir az fərqli tərəfləri var.

Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi tərəfindən təşkil olunmuş son səfər barədə məlumatları izləyəndən sonra aydın oldu ki, səfərdə iştirak edənlər arasında bundan əvvəl müxtəlif kanallarla Ağdamda səfərdə olmuş insanlar da var idi. Bilirsiz, bu, havayı olduğu üçün dəfələrlə Həcc ziyarətinə getməyə bənzəyir. Elə insanlar var ki, aylardır Ağdam həsrəti ilə yanıb-tutuşurlar, amma bunun üçün bəzisinin maddi, bəzisinin isə əlaqələri yoxdur.

Elə bir mexanizm işlənməlidir ki, insanlar arasında ayrıseçkilik yaradılmasın. Yenə deyirəm, rəsmi heç bir şərt yoxdur, amma qeyri-rəsmi şərtlər var və bu, aradan qaldırılmalıdır”.